hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

İrəvan Laçın dəhlizi ilə bağlı plan qurur: Sərhəd hansı xəritəylə çəkiləcək?

İrəvan Laçın dəhlizi ilə bağlı plan qurur: Sərhəd hansı xəritəylə çəkiləcək?

“Bu gün əsas vəzifə sərhədlərin o cür müəyyən edilməsidir ki, tərəflərdən heç birinin döyüş əməliyyatlarını bərpa arzusu meydana çıxmasın. Rusiya bu işə öz köməyini təklif edib, nəzərə alaraq ki, sovet dövrü xəritələri ancaq bizdə, Müdafiə Nazirliyində saxlanılır. Onlar yoxlanılıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar və Azərbaycanla Ermənistan bu yanaşmanı dəstəkləyir. Anlayış və razılıq var, amma proses ləng gedir. Bunun da nəticəsində gərginlik yaranır”.

Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko Sankt-Peterburqda səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə belə deyib.

Qeyd edək ki, Rusiya rəsmiləri sərhədlərin müəyyənləşməsi üçün Azərbaycana və Ermənistana Sovet dövründə tərtib edilmiş xəritələri təqdim etməyə hazır olduqlarını bir neçə dəfə bəyan edib. Söhbət Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılan və müxtəlif illərə aid topoqrafik xəritələrdən gedir. Hazırda bununla bağlı daha çox 1920-ci illərdə və 1975-ci ildə hazırlanmış xəritələr ətrafında müzakirələr aparılır. Ermənistan tərəfi 1929-cu ilə dair topoqrafik xəritələrin hüquqi qüvvəyə malik olduğunu, delimitasiya və demarkasiya prosesinin məhz bu sənədlər əsasında aparılmalı olduğunu bildirir. Əgər həmin dövrün xəritələri əsas götürülərsə, o zaman SSRİ dövründə Azərbaycanın Ermənistana verilmiş xeyli əraziləri geri qaytarılmaldır.

Bu halda Azərbaycanın ərazisi 92 min kvadrat kilometrə qədər böyüyə bilər. Əgər belədirsə, Ermənistan nə üçün məhz 1929-cu ilin xəritəsini qanuni hesab edir?

Ekspertlərin fikrincə, 1928-ci ildə nəşr edilmiş siyasi-inzibati xəritədə Ermənistanın sərhədləri Azərbaycanın torpaqları hesabına Laçın rayonu ərazisində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə birləşir.Ermənilər bu xəritəni yenidən gündəmə gətirməklə Laçın dəhlizinə daxil olan torpaqları öz ərazilərinə daxil etmək istəyirlər. Belə olan təqdirdə, dəhlizə ehtiyac qalmır. Rəsmi İrəvan sonrakı mərhələdə Qarabağdakı ermənilərə siyasi status əldə etmək və onların birbaşa Ermənistana çıxışını təmin etmək istəyir. Yəni Qarabağa olan iddialarını bu yolla reallaşdırmağa çalışırlar. Rusiyalı mütəxəssislər isə 1920-ci illərin xəritələri dedikdə, iki sənəddən biri əsas götürülə bilər.

Bunlar 1921-ci il Qars müqaviləsində əksini tapmış və 1925-ci ildə topoqrafik xəritələr tərtib edilərkən mövcud olmuş xəritələrdir. Zəngəzurun və bəzi torpaqların qanunsuz olaraq Ermənistana verilməsindən sonra 1921-ci ildə Azərbaycanın ərazisi 97,3 min kv.km təşkil edib. Ona görə də həmin xəritələr əsas götürülərsə, Ermənistan həmin torpaqları geri qaytarmalıdır. Bir sıra ekspertlərin fikrincə, Azərbaycanın və Ermənistanın 1975-ci ildə tərtib edilmiş xəritələrdəki sərhədləri bərpa edilməlidir. Çünki SSRİ dağılan zaman hər iki respublika məhz sözügedən coğrafi sərhədlər daxilində öz müstəqilliyini elan edib.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Natiq Mirinin sözlərinə görə, Ermənistan Azərbaycanın tarixi torpaqlarını özünə qaytarmalıdır.

Çünki Azərbaycan ərazilərinin Ermənistana verilməsi ilə bağlı qərarlar hüquqi qüvvəyə malik deyil:

“Matviyenkonun dediyi xəritələr yalnız Rusiyada deyil, Azərbaycanda və Ermənistanda da mövcuddur. Əsas sual ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası hansı xəritələr əsasında razılaşdırılacaq və bu prosesə başlanılacaq. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və ölkəmizin istilasından sonra Azərbaycanın bir çox torpaqları Ermənistana peşkəş edilib. Bu torpaqların Ermənistana verilməsinin isə heç bir hüquqi əsası yoxdur. Torpaqlar verilərkən hüquqi cəhətdən əsaslandırılmayıb. Mərkəz Kreml istədiyi üçün bu baş verib. Adını da belə qoyulub ki, torpaqların verilməsi Ermənistanda inqilaba töhfə verəcək. Bu isə hüquqi zəmin ola bilməz. Belə qərarlar keçmiş absurd bir ideologiyanın irəli sürdüyü təzahürləridir. Azərbaycan qalib tərəfdir. Diqtə edən Azərbaycandır”.

Həmsöhbətimiz bildirib ki, bu səbəbdən Azərbaycan özünün bütün torpaqlarını geri qaytarmalıdır:

“Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan dövləti qəbul edilə bilməz. İkincisi, hüquqi cəhətdən əsaslandırılmamış qərarlara görə torpaq itirən Azərbaycan nə üçün məsuliyyət daşıyan tərəf olmalıdır? Azərbaycan əraziləri hesabına Ermənistan niyə güclənməlidir? Vaxtilə SSRİ-nin tərkibində olan Azərbaycan və Ermənistan bu gün müstəqil dövlətlərdir. Hər iki ölkənin fərqli geosiyasi maraqları var. Ona görə də hər şey yenidən başlamalıdır. Azərbaycan bu cür məsələlərin həlli üçün danışıqlar prosesində delimitasiya və və demarkasiya prosesinin həmin xəritələr əsasında aparılmasına razılığın verilməsinə nail olmalıdır. Yəni Qars müqaviləsinin imzalandığı dövrə aid sərhədlər və tərtib edilmiş xəritələr əsasında bu məsələlər razılaşdırılmalıdır. Qars müqaviləsini yalnız Rusiya və Türkiyə imzalamayıb. Azərbaycan, Gürcüstan və Ermənistan da bu sənədə qol çəkib. Ona görə də söhbət 1921-ci ilə dair sərhədlərdən gedə bilər. Əks təqdirdə, Azərbaycan əldə etdiyi böyük bir şansı itirə bilər. Qars müqaviləsi də daxil olmaqla konkret illər, əsaslar göstərilmədən bu prosesə başlamaq haqqında niyyət protokolunun razılaşdırılması Azərbaycanın maraqlarına uyğun deyil. Çünki delimitasiya və demarkasiya prosesi uzun müddət davam edir. Bu da Ermənistan hakimiyyətinə zaman qazandırır. Azərbaycan Ermənistanın bu hüquqi əsasdan qaça bilməməsi üçün həmin sənədi Nikol Paşinyana imzalatmaldır. Yəni Ermənistan bu yöndə konkret öhdəlik götürməlidir. Sərhədlərin müəyyənləşməsinə dair niyyət protokolunun imzalanması və ya işçi qrupun yaradılması heç nəyi dəyişməyəcək. Bu, sülh müqaviləsinin imzalanmasında əsas maneə olacaq ”.

Qeyd edək ki, SSRİ-nin dağılması zamanı keçmiş müttəfiq respublikalar bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü və dövlət sərhədlərini tanımaq barədə sənəd imzalayıb. Nikol Paşinyan bu yaxınlarda keçirdiyi mətbuat konfransında Ermənistanın 1991-ci ildə imzalanmış həmin sazişə əsasən Azərbaycanın ərazi bütövblüyünü və sərhədlərini tanıdığını deyib. Natiq Miri hesab edir ki, Paşinyanın söylədiyi fikirlər absurddur. Haqqında danışılan sənəd Müstəqil Dövlətlər Birliyinin təsis edilməsi prosesində baş verib.

Bu, fərqli prosedur olduğundan Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə ərazi bütövülüyü və suverenliyinin tanınması anlamına gəlmir:

“Əgər Paşinyan həqiqətən bunu iddia edirsə, Ermənistan Qarabağı niyə işğal edirdi? 30 ildir aparılan bu müharibə kimə lazım idi? Azərbaycanın ərazi bütövlüyü Qarabağ da daxil olmaqla BMT və beynəlxlaq hüquq tərəfindən tanınıb. O halda bu münaqişə nəyə görə idi? Yəni Paşinyanın açıqlaması əslində Ermənistanın Qarabağ uğrunda mübarizənitəkzib edir. Ona görə də MDB ölkələrinin imzaladığı saziş diplomatik sənəd sayıla bilməz. İki dövlət arasında sərhədlərin tanınması proseduru fərqlidir. Əgər Ermənistan Azərbaycanın sərhədlərini tanıyıbsa, o zaman nəyə görə sərhədlərin delimitasiyası və demarkasiyası yeni xəritələrin ortaya çıxması və tərtib olunmasına hazırlaşır? Deməli, qeyri-müəyyənlik var. Çünki Azərbaycanın 1921-ci il oktyabrın 13-də Qars müqaviləsində tanınmış sərhədləri mövcud olub. Bu məsələdə beş zəmanətçi ölkə var. Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan bu sənədə imza atıb. Əgər sərhədlər müəyyənləşəcəksə, bu çərçivədə Azərbaycanın maraqlarını ifadə edə bilər. Düşünürəm ki, Azərbaycan bu məsələdə dirəniş göstərməlidr. Eyni zamanda, Azərbaycan bu prosesdə Rusiyanın hakim tərəf olmasına razılıq verməməlidir. Bu məsələ tədricən ikitərəfli müstəvidə həllini tapmalıdır. Soçi görüşündən sonra Brüssel görüşündə qarşılıqlı ikitərəfli dialoqun başlamasına razılıq verilməlidir. Müdafiə nazirləri arasında təmasın qurulması imkanı yaradıldısa, ölkə rəhbərliyi səviyyəsində də bunu etmək olar. Elə məsələlər var ki, onları Rusiyanın iştirakı olmadan həll etmək lazımdır. Ortada Türkiyə amili var. Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmaqda və sərhədləri açmaqda maraqlıdır. Ona görə də bəzi qlobal iqtisadi layihələrin Ermənistan üzərindəın həyata keçirilməsi imkanları mövcuddur. Bu baxımdan, regionda ikili oyun qurmaq istəyən Rusiyanı hakimi-mütləq etmək lazım deyil. Bu imkanlar qeyri-müəyyən olduqca nə sərhədlər müəyyənləşəcək, nə də sülh sazişi olacaq”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3466