hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

İrəvan-Moskva qarşıdurması: Yeni mərhələ başladı 

İrəvan-Moskva qarşıdurması: Yeni mərhələ başladı 

Ermənistanın Apelyasiya Məhkəməsi eks-prezident Robert Köçəryanın yenidən həbsi barədə qərar verib.

Hakim Armen Danielyan məhkəmənin Köçəryan barəsində çıxarılmış, lakin sonradan ləğv edilmiş həbs qərarını bərpa edib. Beləliklə, Köçəryanın həbsi barədə ilk instansiya məhkəməsində çıxarılan qərar icra olunacaq. Eyni zamanda, Apelyasiya Məhkəməsi işə yenidən baxılması üçün əvvəlki instansiya məhkəməsinə göndərib. Köçəryanın azad edilməsi üçün qoyulan girov onu ödəyənlərə - “DQR”in “Prezidenti” Bako Saakyana və sabiq “prezidenti” Arkadi Qukasyana geri qaytarılacaq.

Xatırladaq ki, mayın 28-də İrəvan Şəhər Nor-Nork rayon Məhkəməsi R.Köçəryanın 500 min dram (10 min dollar) maliyyə girovu məbləğində azadlığa buraxılması haqqında Dağlıq Qarabağdakı işğalçı rejimin sabiq və hazırkı rəhbərləri Arkadi Qukasyanla Bako Saakyanın müraciətini təmin edib. Mayın 29-da isə Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciət edərək məhkəmə sisteminin korrupsiyaya uğradığını deyərək həmin problemi aradan qaldırmaq üçün ikinci inqilaba başlamağa çağırmışdı. Tərəfdarlarını məhkəmələrin qarşısına toplayan Paşinyan hüquqi islahatlara başladığını elan etdi.

Ancaq Paşinyanın əsas məqsədi məhkəmə orqanlarını Köçəryanı azadlığa buraxan və “Qarabağ klanı”na yaxınlığı ilə seçilən hakimlərdən təmizləmək idi. Yəni məhkəmə hakimiyyəti Paşinyan hökumətinə tabe olmasa da, R.Köçəryanın azadlığa buraxılması siyasi qərar idi və Baş nazirin razılığı olmadan həyata keçirilə bilməzdi. Buna baxmayaraq, məhkəmələrdə yüksək post tutan bir çox şəxslər Paşinyana deyil, Köçəryan-Sarkisyan rejiminə sadiqliyi ilə seçilirdi. Nikol Paşinyan Ali Məhkəmə Şurasının üzvlərini istefaya göndərərək özünə yaxın şəxslərlə əvəz etdi. Vaqe Qriqoryanın Konstitusiya Məhkəməsinə hakim seçilməsindən sonra bu orqana sədrlik edən Hrayr Tovmasyanın istefaya gedəcəyi gözlənilir. Ona görə də R.Köçəryanın buraxılması taktiki gediş məqsədi daşıdığından yenidən həbs ediləcəyi gözlənilən idi. Siyasi ekspertlərin fikrincə, R.Köçəryanın həbsdən çıxmaq ehtimalı çox azdır.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, R.Köçəryanın yenidən həbs edilməsi Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq: “Nikol Paşinyan

“Qarabağ klanı”na qarşı amansız mübarizə aparır və onları kiçik bir günahına görə də, cəzalandırmağa çalışır. Amma Robert Köçəryan çox böyük cinayətə yol verib. Belə bir cinayətkarın azadlıqda gəzməsi Paşinyanın reytinqinə güclü zərbə vuran amillərdən biri idi. Robert Köçəryan 2008-ci il martın 1-də gecə “Teatr” meydanına toplaşan əhali kütləsinə atəş açmaq əmri verib. Müxalifət lideri Levon Ter-Petrosyanın tərəfdarları o zaman açılan atəş nəticəsində 31 nəfərin öldürüldüyünü iddia edirdilər. Lakin sonradan verilən rəsmi məlumatlarda 12 nəfərin öldürüldüyü, 170 nəfərdən artıq insanın isə yaralandığı açıqlandı. Hətta həmin insanların bəziləri aldığı güllə yarasından ömürlük şikəst oldu. Yayılan məlumatlarda qeyd edilirdi ki, dinc nümayişlərin dağıdılmasında Rusiyanın xüsusi təyinatlı “Alfa” qrupu gətirilərək istifadə olunub. “Alfa” qrupunun silah işlətmədən müxtəlif vasitələrlə insanlara ağır xəsarət yetirərək onları əlil vəziyyətə saldığı bildirilir.

Rusiya Prezidenti Vladimir Putinin Robert Köçəryanı xüsusi himayə etməsi, həbsxanada onun ad gününü təbrik etməsi və azadlığa çıxdıqdan sonra telefonla zəng vurub bir daha təbrik etməsi həmin hadisələrdə Rusiyanın da iştirakçı olduğunu deməyə əsas verir. Elə bir zaman gələ bilər ki, R.Köçəryan üzərində başlanan məhkəmə prosesinin bir ucu Rusiyaya qədər gedib çıxar. Köçəryanın azadlığa buraxılmasına gəlincə, bu daha çox Putinin göstərişi ilə həyata keçirilmişdi. Digər səbəb Ermənistanda məhkəmə sisteminin bütün strukturlarında çalışan hakimlərin əksəriyyətinin Köçəryanın və Sarkisyanın prezidentliyi dövründə təyin edilənlərdir. Köçəryanı azadlığa buraxmış hakim David Qriqoryan da Köçəryanın prezidenliyi dövründə məhkəmə orqanlarına təyin edilib. O, köhnə “boss”larına sədaqətini nümayiş etdirdi. Lakin prokurorluq orqanları seçkili olmadığından Paşinyan bu sistemdə ciddi dəyişikliklər aparıb. Prokurorluq orqanlarına yeni şəxslər təyin edilib. Son vaxtlar məhkəmə sistemində də müəyyən dəyişiklilərə nail olunub. Paşinyan məhkəmə sistemi üzərində nəzarəti bərqərar etməyə başlayıb. Prokuror da Robert Köçəryanın cinayətlərini sübuta yetirən böyük bir ittihamnamə hazırlayıb və həmin sənədi Apellyasiya Məhkəməsinə təqdim edib. Apelyasiya Məhkəməsi də bu təkzibedilməz bir çox sübutları, şifahi və yazılı ifadələri özündə ehtiva edən ittihamnaməni qəbul edərək İrəvan Şəhər Məhkəməsinin qərarını ləğv edib. Beləliklə, Köçəryanın yenidən həbs edilməsi üçün hüquqi şərait yaranıb. Apelyasiya Məhkəməsi R.Köçəryanın işinə Konstitusiya Məhkəməsində baxılmasına dair qərara baxıb. Apelyasiya Məhkəməsi bildirib ki, bu cür məsələlərə Konstitusiya Məhkəməsində baxılmasına ehtiyac yoxdur. Beləliklə, Köçəryanın həbsdən xilas olması üçün bütün imkanlar tükənib”.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin iyunun 14-də R.Köçəryanla bir saatlıq qapalı görüş keçirməsi Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb. Bu hadisə Rusiyanın R.Köçəryana növbəti siyasi dəstəyi kimi qiymətləndirilib. Ona görə də eks-prezidentin növbəti dəfə həbs edilməsi Rusiya ilə Ermənistanın münasibətlərində gərginliyə səbəb ola bilər. Qabil Hüseynli hesab edir ki, Paşinyan hökuməti Köçəryana qarşı cinayət işi ilə bağlı məsələdə qətiyyən geri çəkilməyəcək:

“Söhbət 12 nəfərin öldürülməsi, 170 nəfərdən artıq insanın xəsarət alması və seçki prosesinin saxtalaşdırılmasından gedir. O zaman müxalifət liderləri Levon Ter-Petrosyan, Stepan Dəmirçiyan və Araksyan seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan edirdilər. Onlar bəyan etmişdilər ki, Prezident seçkilərində Ter-Petrosyan qalib gəlib. Lakin R.Köçəryan səsvermənin nəticələrini o zamankı Baş nazir Serj Sarkisyanın xeyrinə saxtalaşdırdı. Fikrimcə, o zaman Ermənistanda demokratik seçkilərin keçirlməsi mümkün deyildi. Qarabağ klanı hakimiyyəti heç kimə verməzdi. Ona görə də Köçəryan Serj Sarkisyanın prezident seçilməsini təmin etdi. Etiraza qalxmış əhaliyə də atəş açılmasını, divan tutulmasını əmr etdi. İndi də həmin cinayətin cəzasını çəkir. Əgər Rusiya Robert Köçəryanın azad edilməsinə çalışsa, Ermənistanla münasibətlər gərginləşəcək. Üstəlik, Ermənistanın və Rusiyanın siyasi liderləri arasında ciddi qarşıdurma yaranacaq. Paşinyanın bu məsələdə geri çəkilməsi xalqın ciddi narazılığına səbəb ola bilər. Bu səbəbdən də Nikol Paşinyanın geri çəkilmək imkanı yoxdur.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 4401