hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

İrəvanın status blefi: Paşinyan özünü nədən sığortalayır?

İrəvanın status blefi: Paşinyan özünü nədən sığortalayır?

Ermənistan üçün status məsələsi Dağlıq Qarabağ münaqişəsinin həllində əsas və prioritet element olub və qalmaqdadır.

Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan parlamentdə keçirdiyi mətbuat konfransında belə deyib.

“Bildiyiniz kimi, bir vaxtlar erməni tərəfi Kazan sənədində razılaşmanın bütün təməl prinsiplərini özündə cəmləşdirdiyinə görə onu imzalamağa razı oldular. Azərbaycan sənədi rədd etdi və bundan sonra danışıqlar davam etdi”-deyə, o bildirib.

Erməni diplomat Kazan sənədini “təklif olunan son paket həll variant” adlandırıb. Nazir qeyd edib ki, noyabın 10-da imzalanmış Üçtərəfli Bəyanat yalnız atəşkəs rejiminin qurulmasına dair sənəddir və bu razılaşmanın bütün təməl prinsiplərini özündə cəmləşdirməyib.

“Nizamlanmanın bütün prinsipləri tətbiq olunmayına qədər münaqişə həll edilmiş hesab edilə bilməz. Bu, xüsusilə, öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə aiddir. Bu baxımdan, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 3 dekabr 2020-ci il tarixli, münaqişənin həllinin bütün əsas prinsiplərinə əsaslanan, hərtərəfli nizamlanmasının vacibliyini qeyd edən bəyanatını xatırlatmaq istəyirəm”-Ayvazyan belə deyib.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin son günlər Dağlıq Qarabağın statusu məsələsinə yenidən qayıtması əldə olunmuş razılaşmalardan imtina etdiyini deməyə əsas verir.

Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri ilə imzaladığı bəyanatda kapitulyasiya aktının tərkib hissəsi kimi həm də Dağlıq Qarabağın statusundan imtina edib. İndi Ermənistan rəhbərliyinin öz sözündən dönməsi danışıqlar masasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edərək mövqeyini gücləndirmək cəhdindən xəbər verir. Döyüş meydanında məğlub olan Ermənistanın status məsələsini gündəmə gətirməsi təbii ki, səbəbsiz deyil. Paşinyan hökumətinin bu gedişi bir sıra daxili və xarici amillərə hesablanıb.

Xarici İşlər naziri Ara Ayvazyanın yanvarın 11-də Ermənistanın baş nazirinin Moskvada Azərbaycan və Rusiya prezidentləri ilə keçirdiyi görüşdən az sonra status məsələsini qabartması təsadüfi sayıla bilməz. Həmin danışıqlardan sonra Baş nazir Nikol Paşinyan əsirlər və status məsələsində razılığın əldə olunmadığını bəyan etmişdi. Əslində, Moskva görüşünün gündəliyində Dağlıq Qarabağa statusun verilməsi mövzusu olmayıb. Əvvəldən, müzakirələrin predmeti ilə tanış olan Paşinyan özü də statusdan söz açılmayacağına dair məlumatlı olub. Yəni Ermənistan hökumətinin başçısı gündəliklə razılaşmışdı. Ona görə də danışıqlar başa çatdıqdan sonra KİV-ə verilən açıqlamada Paşinyanın məhz əsirlər və statusdan bəhs etməsi siyasi spekulyasiya kimi dəyərləndilir. Paşinyanın açıqlamasından məlum olur ki, Rusiya görüşündə Ermənistan tərəfi Hadrutda, Xocavənddə və Zəngilanda Azərbaycan postlarına silahlı hücum edən erməni terrorçuların azadlığa buraxılmasını təklif edib.

Lakin meşələrdə gizlənmiş həmin terrorçular noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli sazişin imzalanmasından sonra sözügedən cinayət əməlini törədiblər. Nəticədə bir neçə nəfər Azərbaycan hərbçisi şəhid olub və yaralanıb. Hətta yaralananlar arasında Hadrut rayonunda “Azercell” şirkətinin ötürücü qülləsini quraşdıran mülki əməkdaşı da olub. Əvvəlcə, 173 nəfər, sonra isə 62 nəfər erməni terrorçusunun Azərbaycan hərbçiləri tərəfindən saxlanıldığı barədə məlumat yayıldı. Sonuncu hərbi əməliyyat zamanı Dağlıq Qarabağda qalmış 6 nəfər erməni əsgəri məhv edilib. İndi Ermənistan rəhbərliyi həbs edilmiş teürrorçuları hərbi əsir kimi geri istəyir. Azərbaycan isə həmin sialhlıların əsir deyil, həbs edilmiş cinayətkarlar olduğunu bildirərək Ermənistanın bu şərtini rədd edib. Çünki onlar hərbi əməliyyatların dayandırılmasına dair bəyanatın imzalanmasından sonra gizli terror aktı həyata keçirmiş şəxslərdir və müharibə zamanı əsir götürülməyib. Ona görə də həmin terrorçuları Azərbaycanda həbs cəzası gözləyir. Görünür, Ermənistan rəhbərliyi də terrorçuların əsir adı ilə qaytarılmasına nail olmaq üçün Azərbaycana təzyiq vasitəsi kimi Dağlıq Qarabağın statusu məsələsini gündəmə gətirməyə başlayıb. Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin Ayvazyanın açıqlamasına reaksiyası bu cəhdin fayda verməyəcəyini göstərir. “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan Xarici İşlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik”-deyə bəyanatda qeyd edilir.

O ki qaldı, Ermənistanın statusun məhz “Kazan formulu” əsasında müəyyən edilməsinə dair təklifinə, bu artıq siyasi əhəmiyyətini itirmiş mövzudur. Çünki Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra isə status-kvo dəyişib. Status məsələsi də gündəmdən çıxıb. İndi Ermənistan XİN rəhbərinin yenidən “Kazan formula”na müraciət etməsi, çox güman ki, rəsmi İrəvan tərəfindən Rusiyanın siyasi dəstəyini almaq məqsədi daşıyır. Qeyd edək ki, 2013-cü ildə Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Kazan şəhərində qəbul olunmuş sənədə görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 və ya 6 rayonu Azərbaycana qaytarır, qarşılığında isə Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür. İki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq, insanların yerdəyişməsi bütünlüklə bərpa olmalıdır. Bundan əlavə, azad edilən rayonlar hərbsizləşdirilməlidir. Həmçinin, güc tətbiq edilməyəcəyi haqda müqavilə olmalı, zəmanət qismində sərhədlər boyu sülhməramlılar dayanmalıdır. Daha sonra köçkünlər qayıtmalı, Dağlıq Qarabağın referendulma müəyyənləşməsi ilə bağlı yazılı öhdəlik götürülməlidir. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən və Ermənistanın kapitulyasiya sənədinə imza atmasından sonra “Kazan formulu”, “Madrid prinsipləri” kimi təkliflər paketi heç bir aktuallıq kəsb etmir.

Azərbaycan danışıqlar masasında qalib tərəf kimi iştirak etdiyindən status barədə iddiaların qəbul olunması da təbii ki, qeyri-mümkündür. Ara Ayvazyan Ermənistanın mövqeyinin həqiqətə uyğun olduğunu əsaslandırmaq üçün ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin dekabrın 3-də yaydığı birgə bəyanata istinad edir. Halbuki, həmin sənəddə, Dağlıq Qarabağın status barədə heç bir söz belə yer almayıb. Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağ və ətraf rayonlarda, habelə əvvəlki atəşkəs öhdəliklərində olduğu kimi, noyabrın 9-da qəbul olunan bəyanata uyğun olaraq götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır.

“Həmsədr ölkələr Ermənistan və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərini, xüsusən də hərbi əsirlərin mübadiləsi və cəsədlərin qaytarılması ilə bağlı öhdəliklərini xatırladır. Son döyüşlər də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşmüş insanların könüllü, təhlükəsiz, ləyaqətli və dayanıqlı qayıdışı üçün şərtlərin təmin edilməsinin vacibliyini vurğulayırlar. Onlar Dağlıq Qarabağda və onun ətrafında tarixi və dini irsin qorunmasının vacibliyini vurğulayırlar. Həmsədr ölkələr Azərbaycan və Ermənistanı bu sahədəki öhdəliklərini yerinə yetirmək və humanitar girişi təmin etmək üçün müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırır. Həmsədr ölkələr BQXK, BMT təsisatlarına və digər müvafiq strukturlara, eləcə də ATƏT-in Minsk Qrupunun ayrı-ayrı ölkələri də daxil olmaqla beynəlxalq birliyə Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə humanitar vəziyyətin yaxşılaşdırılması üçün koordinasiyalı şəkildə konkret addımların atılması üçün müraciət edir. Həmsədr ölkələr Ermənistanı və Azərbaycanı həmsədrlərin himayəsi altında davamlı və dayanıqlı sülh razılaşması üçün mövcud atəşkəsdən istifadə etməyə çağırır. Bu kontekstdə həmsədr ölkələr tərəfləri həmsədrləri fürsət yaranan kimi ən tez zamanda bölgədə qəbul etməyə və həll olunmamış bütün məsələlərin razılaşdırılmış cədvələ uyğun olaraq həll edilməsi üçün substantiv danışıqlara başlamağa çağırır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri mübahisələri həll etmək üçün güc tətbiq edilməməsi və ya təhdid edilməməsinə dair götürdükləri qətiyyətli öhdəlikləri xatırladır. Bəyanat müəllifləri münaqişənin qalan bütün əsas substantiv məsələlərinin həm Ermənistan, həm də Azərbaycanın yaxşı bildiyi əsas prinsip və elementlərə uyğun olaraq danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həlli üçün ardıcıl və vahid mövqelərini bir daha vurğulayır. Həmsədr ölkələr bölgədə sülhü, sabitliyi və rifahı təşviq etmək üçün uzun illərdir, davam edən səylərinə uyğun olaraq bu hədəfi reallaşdırmağa sadiq qalır”.

Göründüyü kimi, mətndə Dağlıq Qarabağın erməni icmasına hər hansı siyasi statsusun verilməsinə dair çağırış və bu mövzuda danışıqların aparılmasından söhbət getmir. Ona görə də Ayvazyanın açıqlaması daha çox siyasi blef xarakteri daşıyır. Siyasi müşahidəçilərin fikrincə, istər Paşinyanın, istərsə də Ayvazyanın son bəyanatları Ermənistanda daxili ictimai rəyə hesablanıb. Çünki Ermənistan müxalifəti Paşinyanın Moskva görüşündən məğlub kimi qayıtdığını bildirib. Hətta Ermənistan müxalifətinin lideri Vazgen Manukyan mətbuata açıqlamasında Paşinyanın həm “əsirlər”, həm də status məsələsində təklifinin qəbul olunmadığını, Azərbaycanın bu görüşdən qalib çıxdığını deyib. Çox güman ki, Paşinyan hökuməti status mövzusunda siyasi blef etməklə Ermənistan cəmiyyətində hakimiyyətə qarşı yaranmış etirazların üzərinə su səpməyə çalışır.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3840