hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

İrəvanla qarşıdurma Qarabağda savaşa aparır

İrəvanla qarşıdurma Qarabağda savaşa aparır

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəməsi ölkədə klanlarası qarşıdurmanı yenidən alovlandırıb.

Məhkəmə prosesinin iki gün təxirə salınmasına baxmayaraq, Koçaryanın cəzalanmasını istəyənlər onun barəsində hökm oxunmasını tələb edir. Onlar-əsasən, 2008-ci ilin 1 mart hadisələri zamanı qətlə yetirilmiş şəxslərin ailə üzvləri, həmçinin həmin hadisələrdə yaralananlar, həbs edilən müxalifət fəallarıdır. Lakin R.Koçaryanın məhkəmənin qarşısına toplaşan tərəfdarları əks tərəfdə dayanmış siyasi rəqiblərini söyüşlərlə təhqir edib. Nəticədə İrəvan Şəhər Məhkəməsinin binası önündə yaranmış qarşıdurmanın toqquşmalara çevrilməsinə polis imkan verməyib.

Məhkəmə prosesinin sonrakı gedişində sözügedən siyasi qarşıdurmaların artacağı gözlənilir. Robert Koçaryanın tərəfdarlarının əksəriyyəti Qarabağ klanının nümayəndələrindən ibarətdir. Bu baxımdan, eks-prezident azadlıqdan məhrum edilərsə, Ermənistanda siyasi gərginliyin yaşanacağı qaçılmaz görünür. Hüquqşünasların rəyinə görə, R.Koçaryana qarşı irəli sürülən ittiham məhkəmə prosesində öz təsdiqini taparsa, onu 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti dövlətin konstitusion əsaslarını güc yolu ilə dəyişdirməkdə ittiham olunur.

Robert Koçaryan uzun müddətə həbs edilməsi ciddi siyasi nəticələr doğura bilər. Belə ki, hazırda Koçaryan Nikol Paşinyan hökumətinə qarşı yeganə alternativ güc mərkəzi sayılır. Ona görə də, N.Paşinyan 65 yaşlı Koçaryanı 15 il müddətinə məhbəsə göndərməklə, onu ömrünün sonuna qədər siyasi fəaliyyətdən məhrum etməyə və nəticə etibarı ilə, həmin güc mərkəzini dağıtmağa çalışır. 2018-ci ilin aprel ayında Ermənistanda “Məxməri inqilab”ın baş verməsindən sonra Qarabağ klanı hakimiyyətini itirsə də, Azərbaycanın işğal edilmiş ərazilərində hərbi və maliyyə resurslarını qoruyub saxlaya bilib. Geosiyasi amillər və Paşinyanın elektoratının Ermənistanda olması Qarabağ klanına qarşı mübarizə aparmaq imkanlarını çətinləşdirir. Bu səbəbdən də separatçılar Ermənistandakı siyasi dayaqlarını itirdiyindən 1990-cı illərdə olduğu kimi hakimiyyət uğrunda mübarizəyə yenidən Xankəndindən revanş götürmək qərarına gəlib. Son günlər separatçıların Robert Koçaryanı azadlığa çıxartmaq cəhdləri də qeyd edilən səbəblə izah oluna bilər.

Bir neçə gün öncə, Robert Koçaryanın barəsindəki cinayət işinə xitam verilməsi üçün fəaliyyətə keçməsi də, qeyd edilən səbəblə bağlıdır. Ermənistanın baş prokuroru Armen Davityana müraciət edən Dağlıq Qarabağdakı qondarma rejimin sabiq və hazırkı rəhbərləri rədd cavabı alsalar da, öz liderlərini həbsdən xilas etmək üçün qüvvələri səfərbər etmək qərarına gəlib. İrəvan Şəhər Məhkəməsinə müraciət edən Arkadi Qukasyan və Bako Saakyan eks-prezidenti zaminə götürmək niyyətindədir. Onlar R.Koçaryanın azadlıqda olduğu müddətdə düzgün davranış nümayiş etdirəcəyinə, istintaqın gedişinə mane olmayacağına və məhkəmədən yayınmayacağına dair zəmanət verdiklərini bəyan edib. Lakin məhkəmənin R.Koçaryanı azadlığa buraxacağı inandırıcı görünmür. Nikol Paşinyan Ermənistanda demokratik rejim yaratdığını bildirsə də, Robert Koçaryan, Seyran Ohanyan, Yuri Xaçaturov barəsində başladılan məhkəmə prosesinin əslində, siyasi qərar olduğu hər kəsə yaxşı aydındır. Yəni məhkəmə zalında hazırda Ermənistan və Qarabağ klanının siyasi döyüşü gedir. Robert Koçaryanın barəsində cinayət işinin ləğv edilərək sərbəst buraxılması siyasi balansı Qarabağ klanının xeyrinə dəyişilməsi istiqamətində ciddi addım olar. Bu isə yaxın perspektivdə Rusiyanın dəstəyi ilə Qarabağ separatçılarının Paşinyanı devirərək, Ermənistanda hakimiyyəti ələ keçirmək üçün toparlanmasına rəvac verə bilər. Belə olan halda, Qarabağ klanı Robert Koçaryanı hakimiyyətə qaytarmaq üçün silahlı mübarizəyə əl atacağı istisna deyil. Çünki hakimiyyət uğrunda silahlı mübarizə Ermənistanın siyasi sistemində ənənəvi üsullardan sayılır. “Məxməri inqilab”dan sonra N.Paşinyan Ermənistanda hakimiyyət uğrunda mübarizəninn yalnız dinc yolla aparıldığını nümayiş etdirməyə çalışdı. Ancaq Dağlıq Qarabağdakı hərbi xunta bu gün Paşinyan hökuməti üçün təhlükə olaraq qalır. Ona görə də Paşinyan R.Koçaryanı azad etməklə faktiki olaraq, özünün həyatını və hakimiyyətini təhlükə altına atmış olar.

Təbii ki, bütün bunları nəzərə alan baş nazir, R.Koçaryanın həbsxanadan geri dönüşünü əngəlləməyə çalışacaq. Bu həm də 2020-ci ildə Dağlıq Qarabağdakı qondarma respublikada keçiriləcək prezident seçkilərində N.Paşinyana Bako Saakyanın yerinə öz adamını gətirmək üçün lazımdır. Əslində, A.Qukasyanın və B.Saakyanın məhkəməyə müraciətinin əsas səbəblərindən biri də məhz həmin “seçkilər”lə bağlıdır. Yəni separatçılar 2020-ci ildə R.Koçaryanı Dağlıq Qarabağdakı separatçıların qondarma prezidenti postuna gətirməklə onun siyasi və hərbi resurslarını legitimləşdirməyə, bununla da Ermənistanda hakimiyyətə gedən yolunu açmağa çalışır. Lakin N.Paşinyanın ötən həftə “Dağlıq Qarabağda əks-inqilab hazırlayanlar özləri inqilabın hədəfinə çevrilə bilər” -deməsi onun yaranmış vəziyyəti anladığını göstərir. Paşinyan Qarabağ klanına və B.Saakyana R.Koçaryanı himayə etmək planlarından imtina etmək mesajı verir. Əks tədqirdə, separatçılarının liderini Qarabağda inqilab yolu ilə hakimiyyətdən devirəcəyi ilə hədələyir.

Bütün bunlar R.Koçaryanın uzun müddətə azadlıqdan məhrum ediləcəyindən xəbər verir. Məhkəmənin sözügedən qərarı isə Ermənistan və Qarabağ klanları arasında mübarizənin dərinləşməsinə səbəb olacaq. 2020-ci ildə N.Paşinyanın Dağlıq Qarabağdakı separatçıların rəhbəri postuna öz adamını gətirmək cəhdləri isə bu qarşıdurmanı alovlandıran növbəti mərhələ olacaq. Hətta həmin ziddiyyət silahlı qarşıdurma ilə nəticələnə bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1816