hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

İşçilər “kölgə”dən çıxır: Vergi yükü azaldılacaq?

İşçilər “kölgə”dən çıxır: Vergi yükü azaldılacaq?

2019-cu ildən qüvvəyə minmiş vergi qanunvericiliyindəki dəyişikliklər qeyri-dövlət sektorunda əmək münasibətlərinin tənzimlənməsi sahəsində əlverişli iqtisadi şərait formalaşdırıb.

Aparılan təhlillər göstərir ki, mövcud şərtlər altında əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müəyyən şəffaflaşma prosesi getməkdədir. Belə ki, 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub.

Vergilər Nazirliyindən verilən məlumata görə, bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşür. Bildirilib ki, əmək münasibətlərinin “kölgədən” çıxması prosesi ayrı-ayrı sektorlar üzrə müxtəlif dinamika ilə davam edir. İqtisadi fəaliyyət sahələrində müsbət dəyişikliklər müşahidə olunsa da, bəzi işəgötürənlər üzrə bu prosesin gözlənilən səviyyədə olmadığı müşahidə olunmaqdadır. Bu baxımdan Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əmək haqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib.

Paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra ictimai iaşə obyektlərində və istixanalarda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin müvafiq qaydada rəsmiləşdirilməsinin yoxlanılması məqsədilə vergi nəzarət tədbirləri keçirilib. May ayı ərzində 32 şadlıq evində və 61 istixanada keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 1 770 nəfər fiziki şəxsin əmək müqaviləsiz işə cəlb olunduğu faktı aşkar edilib. Aşkar edilmiş faktlar üzrə birinci dəfə pozuntu halına yol verildiyi üçün maliyyə sanksiyası əvəzinə vergi ödəyicilərinə xəbərdarlıq edilib. Bununla yanaşı, vergi nəzarəti tədbiri keçirilmiş 53 vergi ödəyicisinin fəaliyyəti üzrə Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlaməti faktları müəyyən edilib. Müvafiq araşdırmalardan sonra aşkar edilmiş faktlara hüquqi qiymət veriləcək.

Vergi nəzarəti tədbirlərinin davam etdiyi may ayı ərzində şadlıq evləri tərəfindən könüllü olaraq 1 111 nəfərlə, istixanalar üzrə 867 nəfərlə əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınması təmin edilib.

Vergilər Nazirliyi əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində nəzarətin gücləndirildiyini elan etməklə bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan sərt tədbirlər görüləcəkdir. Eyni zamanda vətəndaşlar da öz hüquqlarını tələb etməli, əmək müqaviləsinin onların əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır.

Maraqlıdır, yoxlamalarla müqaviləsiz işçiləri müqaviləli işə cəlb etmək mümkün olacaqmıə Ümumiyyətlə, vergi islahatları aparıb vergi yükünün minimum məbləğə qədər azaldılması ilə əmək müqaviləsinə marağı artırmaq olarmıə

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, gizli məşğulluqla mübarizə kompleks şəkildə aparılmalıdır:

“Burada yalnız bir istiqamətli inzibati üsullardan istifadə etməklə düzgün nəticənin əldə edilməsi mümkün deyil. Bu günə qədər əldə olunan nəticələr və statistik rəqəmlər müsbət nəticənin olduğunu deməyə əsas vermir. Apardığımız araşdırmalara görə, Azərbaycanda istər əmək müqaviləsi ilə, istərsə də VÖEN-lə sahibkar olaraq çalışan məşğul əhalinin, təxminən üçdə biri rəsmi fəaliyyət göstərir. Təxminən 65 faizə yaxın insanın isə demək olar ki, rəsmi əmək fəaliyyəti yoxdur, onlar gizli iqtisadiyyatın iştirakçılarıdır. Bu, insanların böyük əksəriyyətinin sosial müdafiə mexanizmlərinə çıxış imkanlarını birbaşa məhdudlaşdırır. Yəni həm pensiya, həm sığorta sistemi, həm işsizlikdən sığorta, həm də əmək qabiliyyətinin itirilməsi və.s. bu kimi sosial müdafiəyə çıxış imkanları daralır. Digər tərəfdən, biznesdə ədalətsiz rəqabət mühiti yaradır. Qanunla işləyən biznes subyektinin xərcinin çox, digər biznes subyektinin isə xərcinin az olması ədalətsiz mühit formalaşdırır”.

Ekspert onu da qeyd edib ki, işçi ilə əmək müqaviləsinin bağlanılmaması çox böyük fiskal itkilərə səbəb olur:

“Hesablama Palatasının apardığı araşdırmalara görə, Azərbaycanda bir pensiya ödəyicisinə 1.2 əmək müqaviləsi olan məcburi dövlət sığortası ödəyən insan düşür. Bütün bunlar onu deməyə əsas verir ki, əslində, tədbirlər daha da genişləndirilməlidir.

Məsələn, ötən il Azərbaycanda məşğulluq strategiyası qəbul olundu, burada müəyyən hədəflər nəzərdə tutulubdu. Növbəti bir neçə il ərzində bu istiqamətdə ilk görülməsi lazım olan tədbirlər əlbəttə, biznesin təşəbbüsünün dəstəklənməsi olmalıdır. Bunun üçün müvafiq təşviq mexanizmləri formalaşdırılmalıdır. Ötən il Vergi Məcəlləsinə və Sosial Sığorta Haqqında Qanuna dəyişikliklər edildi. Amma bu, çox ciddi nəticələrə gətirib çıxarmayıb. Məhz ilin birinci rübünün göstəricilərinə baxsaq, görərik ki, məşğul əhalinin sayında cəmi 17 min artım olubdur. Söhbət əmək müqaviləsi olan muzdla çalışan insanlardan gedir. Bu göstərici əvvəlki illərlə müqayisədə o qədər də kəskin artım demək deyil. Yəni gözlənildiyi kimi, bu istiqamətdə hər hansı bir partlayış nəticələr əldə oluna bilmədi”.

Rəşad Həsənovun sözlərinə görə, mövcud şərtlər daxilində Azərbaycanda vergi yükü kifayət qədər yüksəkdir:

“Dünya Bankının hesabatlarına görə, Azərbaycanda komersiya gəlirlərindən vergi yükü 39.6 faizdir. Qonşu Gürcüstanda müvafiq göstərici 16 faizdir, Küveyt, Qatar, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi neft ölkələrində vergi yükü 14-17 faiz arasında dəyişir. Bu kimi məsələlər Azərbaycanda gizli əmək bazarına təşviq edən şərtlərin formalaşmasına gətirib çıxarır. Təbii ki, bu istiqamətdə inzibati təzyiqlər alətlərdən biridir, eyni zamanda paralel olaraq vergi yükünün azaldılması və müxtəlif təşviqlərin verilməsi yolu ilə əmək bazarı leqallaşmalıdır.

Əmək bazarının leqallaşmasının əsas əhəmiyyəti ondan ibarətdir ki, vətəndaş son nəticədə sosial müdafiə mexanizmlərinə çıxış əldə edir, eyni zamanda sosial müdafiə sisteminin gəlirləri artır. Nəticədə həm pensiyaçıların, həm də digər subyektlərin maliyyə təminatının güclənməsi və Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına nail olumaq mümkün olsun”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2157