hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

İş və işsizlər: İş yerləri də artacaq, əmək qabiliyyətli insanların sayı da-AZƏRBAYCANDA MARAQLI MƏNZƏRƏ

İş və işsizlər: İş yerləri də artacaq, əmək qabiliyyətli insanların sayı da-AZƏRBAYCANDA MARAQLI MƏNZƏRƏ

Ölkə əhalisinin işsizlik səviyyəsi ilə bağlı rəsmi və qeyri-rəsmi xəbərlərbir-birini təkzib edir. Vətəndaşların işsizlikdən əziyyət çəkməsi və buna görə də sosial durumunun ağırlaşması tez-tez səslənən problemlərdəndir. Üstəlik pandemiyanın da fəsadlarına görə mövcud iş yerlərinin əksəriyyətinin bağlanması, işçi sayında ixtisarlara gedilməsi və digər faktorlar işsizlik həddini daha da artırıb.

2021-ci ilin yanvar ayının proqnozuna görə, Azərbaycanda işsizlik səviyyəsi 7.2 faiz təşkil edib. Yəni yanvarın 1-nə olan proqnozda iqtisadi fəal əhalinin sayı 5 252 500 nəfər olub, onlardan 4 876 600 nəfərini məşğul əhali təşkil edib. Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək. 2022-ci ildə isə bu göstəricinin bir az da azalıb, 5.7 faizə enəcəyi gözlənilir.

Burada maraqlı bir neçə məqam var. Birincisi, beynəlxalq və yerli qurumların Azərbaycanda işsizliklə bağlı verdiyi proqnozlar həqiqəti əks etdirirmi? İkincisi, işsizlik səviyyəsi nəyin hesabına azalacaq? Və ən nəhayət, pandemiyanın güclü olduğu bir zamanda işsizlik səviyyəsi 1.4 faiz azalacağı halda, nəyə görə vaksinasiya prosesinin getdiyi və yoluxma sayının daha da azalacağı gözlənilən 2022-ci ildə işsizlik həddinin cəmi 0.1 faiz azalacağı proqnozlaşdırılır?

Mövzu ilə əlaqədar suallara cavab verən iqtisadçı- ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda işsizliklə bağlı prosedurlar şəffaf aparılmadığı üçün rəsmi statistik rəqəmlər də inandırıcı deyil:

“Ümumiyyətlə, Azərbaycanla bağlı statistik məlumatları çox zaman rəsmi məlumatlara əsaslandırırlar. Çünki ölkədə alternativ hesablama imkanları demək olar ki, yoxdur. Əvvəllər qeyri- hökumət təşkilatları koalisiyaları var idi ki, alternativ hesablamalar aparırdı. İndi bu da yox dərəcəsindədir. Beynəlxalq Valyuta Fondunun da, Dünya Bankının da və digər beynəlxalq strukturların da əsas istinad nöqtəsi rəsmi statistik göstəricilər olur. Ona görə də Azərbaycanda rəsmi statistik göstəricilərin bəzi elementlərindən istifadə edərək, özləri modellər qururlar. Amma baza olaraq əsas əsas götürdükləri rəsmi statistik məlumatlardır.

İşsizliklə bağlı problem ondan ibarətdir ki, pandemiya yeni başlayarkən, rəsmi statistik məlumatlara görə cəmi 90 700 işsiz vardı. Amma hökumətin işsizliklə bağlı verilən müavinətlərin 600 minə qaldırılmasına məcbur olduğunu gördük. Bu da onu göstərir ki, əsasən də işsizliklə bağlı statistik məlumatlar düzgün aparılmır. İşsiz kimi statistikaya düşmək proseduru da çox çətindir. Azərbaycanda o şəxs işsiz sayılır ki, özü rəsmən müraciət edib, bəlli prosedurlardan keçsin ki, işsiz sayılsın. Amma dünya praktikası tamam fərqli indikatorlarla işləyir. Onlarda işsiz insanların hesablanma qaydaları kifayət qədər şəffafdır. Bizdəproses şəffaf olmadığı, prosedur qaydaları çətin olduğuna görə rəsmi statistik rəqəmlərə o qədər də güvənilmir”.

Ekspert 2021-ci ildə işsizlik həddini azaldacaq faktorlara da diqqət çəkib:

“Beynəlxalq agentliklərin və strukturların Azərbaycanda işsizliyin azalacağı ilə bağlı verdiyi proqnozlara dərindən nəzər saldıqda, onların bir faktora əsaslandığını görürük: İşğaldan azad olunmuş torpaqlarda aparılacaq təmir- bərpa işləri. Məlumdur ki, burada yenidənqurma işlərinin aparılması üçün bu il 2.2 milyard manat vəsait ayrılıb. Gələkdə bu vəsaitin daha da artırılması nəzərdə tutulur. Bu da əlavə iş yerlərinin yaranmasına səbəb olacaq. Yəni bu proqnoz əsasən işğaldan azad olunmuş yerlərin bərpası hesabına açılacaq iş yerlərinə istinadən verilir”.

N. Cəfərli pandemiyanın təsirlərrinin azalacağı ehtimal edilən 2022-ci ildə işsizlik faizinin 2021-ci ilə nisbətdə daha az azalacağının proqnozlaşdırılmasının səbəbini demoqrafik dalğa ilə əlaqələndirib:

“2021 və 2022-ci il üçün işsizlik faizinin azalma statistkasına nəzər salsaq, bu, il 1.4 faiz proqnozlaşdırılarkən, növbəti il üçün 0.1 faiz proqnozlaşdırılır. Bu, 14 dəfə fərq deməkdir. Bunun səbəbi gözlənilən demoqrafik dalğa ilə bağlıdır. Azərbaycanda 18 yaşına çatıb, əmək qabiliyyəti qazanan insanların doğuş ili 2000-ci illərin ortalarına təsadüf edir. 2000-ci illərin əvvəlləri və ortalarında doğuş həddi indikindən yüksək idi. Həmin demoqrafik dalğa yaranan zaman özü ilə işsizlik problemini də gətirəcək. Yəni 2022-23-cü illərdə bu dalğanın daha böyük olacağını proqnozlaşdırmaq mümkündür.

İş yerlərinin məhdud sayda artması işsizlik probleminin sürətlə həllinin mümkünsüzlüyünü göstərir. Hesab edirəm ki, 2022-ci il üçün gözlənilən demoqrafik dalğalar nəzərə alınaraq həmin hesablamalar aparılır. Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, iş yerlərinin sayı artacaq, lakin əmək qabiliyyəti olan insanların da sayı artacaq. O zaman 2022-23-cü illər üçün iş yerləri ilə bağlı kəskin artım olacağını söyləmək çətin olur”.

Əli Bədir

Cebhe.info


Oxunma sayı: 1673