hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İşləyənlərlə bağlı statistika şübhə doğurdu: “5 milyon işçi vardısa, niyə 4 milyona yardım edilmədi?”

İşləyənlərlə bağlı statistika şübhə doğurdu: “5 milyon işçi vardısa, niyə 4 milyona yardım edilmədi?”

Pandemiya, iş yerlərinin qapadılması şəraitində Dövlət Statistika Komitəsinin əhalinin məşğulluğu ilə bağlı açıqladığı növbəti rəqəmləri şübhə doğurur.

Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) 2020-ci il sentyabrın 1-nə olan ilkin mәlumatlarına әsasәn, iqtisadi fәal әhalinin sayı 5 milyon 238,6 min nәfәr olub. Onlardan 4 milyon 884,7 min nәfәrini mәşğul әhali tәşkil edib. Ölkədə işsizliyin səviyyəsi isə 7,2% təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, cari il avqustun 1-i vәziyyәtinә muzdla işlәyәnlәrin sayı 1 milyon 681,2 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 909,8 min nәfәr, qeyri-dövlәt sektorunda isә 771,4 min nәfәr tәşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nәfәr, qeyri neft-qaz sektorunda isә 1 milyon 647,1 min nәfәr çalışıb.

Ölkədə işsizliklə bağlı ciddi problemlərin olduğu bir vaxtda DSK-nın rəqəmləri nə qədər inandırıcıdır?

İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, komitənin açıqladığı bu rəqəmlərlə razılaşmaq mümkün deyil:

“DSK-nın indiyədək məşğulluqla bağlı açıqladığı rəqəmlərin absurd olduğunun pandemiya dövründə şahidi olduq. İş yerlərini itirən və faktiki iş yerində qalan aktiv məşğul əhalinin sayı açıqlanmışdı. Bu say həm dövlət, həm də özəl sektoru əhatə edirdi. Dövlət tərəfindən onlara bir neçə dəfə yardımlar edildi. Təxminən 700 min nəfər dövlət qulluğunda, 400 minə yaxın özəl sektorda çalışanlara yardım olundu. Faktiki olaraq bu rəqəm 1,3 milyon nəfəri keçmədi. İndi DSK-nın açıqladığı 4,9 milyona yaxın insanın məşğulluq statusunun necə müəyyən olunduğu müəmmadır”.

İqtisadçı deyir ki, məşğul əhalinin sayının müəyyənləşdirilməsi üçün rəsmi sənədlər olmalıdır:

“Həm müvəqətti, həm də daimi əmək müqavilələri olmalıdır. Əgər deyilən rəqəmlər doğurdusa, o zaman niyə pandemiyaya görə ən azı 4 milyon nəfərə yardım edilmədi? Pandemiya dövründə çılpaqlığı ilə aydın oldu ki, Azərbaycanda məşğul əhalinin sayı 1,3 milyon nəfərdən çox deyil”.

İqtisadçı deyir ki, işsizlik səviyyəsinin 7,2 faiz kimi göstərilməsi də absurddur:

“Əgər il ərzində vətəndaş müvəqətti əmək müqaviləsi ilə 2 ay hətta ictimai işdə belə işləyirsə, DSK 10 ayı nəzərə almadan onu il ərzində fəal işləyən insan kimi göstərir. Bu rəqəmləri də əlavə etdikdə, heç 5,2 milyon nəfər etmir. Ümumiyyətlə, bu rəqəmlər toplanarkən, hər hansı bir ciddi araşdırmanın aparılması şübhə doğurur”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2960