hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

İşsizlərə yeni imkan: Problem aradan qaldırılacaq?

İşsizlərə yeni imkan: Problem aradan qaldırılacaq?

Azərbaycanda işsizlik ölkənin ən ciddi sosial-iqtisadi problemlərindən biridir. 

Məşğulluğun aşağı olması əhalinin sosial durumunun səviyyəsinə təsir etməklə yanaşı, həm də istehsalın zəif inkişafını şərtləndirir. Rəsmi məlumatlara görə, hər il Azərbaycanda 100-150 min gəncin əmək bazarına daxil olması bildirilsə də, gənclərin iş yerləri ilə təminatında olan problemlər xüsusilə ciddi xarakter daşıyır. Bu problemin həlli üçün vaxtaşırı müxtəlif təkliflər irəli sürülür ki, gəncləri işlə təmin edən müəssisələrə dövlət yardımının ayrılması, əmək haqqının müəyyən hissəsinin dövlət hesabına ödənilməsi də bu təkliflər arasındadır. 

Məlumata görə, Azərbaycan Sahibkarlar Konfederasiyası sosial tərəfdaşları olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə Beynəlxalq Əmək Təşkilatının “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində 12 aylıq subsidiya proqramına start verir. Proqram iş təcrübəsi olmayan gənclərin məşğulluğunun artırılması, onların əmək bazarında layiqli yer tutmaları, işaxataranlar və işəgötürənlərin təşviq edilməsi məqsədi daşıyır.

Layihə Bakı şəhərinin 12 rayonunu əhatə edəcək. Layihəyə, əsasən, işəgötürənlər və BƏT arasında subsidiya müqaviləsi bağlanılır. Bunun əsasında işə götürülən hər bir gəncin 12 ay ərzində əməkhaqqının 50 faizi (vergilər və sosial sığorta haqları daxil olmaqla) işə götürənlərə subsidiya şəklində veriləcək. Proqramın sonunda hər rayon üzrə 4 nəfər olmaqla cəmi 48 nəfər işsiz və iş axtaran vətəndaş rəsmi əmək fəaliyyətinə cəlb ediləcək. Bildirilir ki, layihəyə işəgötürənlər olaraq iqtisadiyyatın qeyri-neft sektoru sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri müraciət edə bilər.

Bu cür addımlar iş təcrübəsi olmayan gənclərin əmək bazarında yer tutmasını stimullaşdıra bilərmi? 

İqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu kimi layihələr epizodik və kiçik miqyaslı olduğuna görə ölkədəki dərinləşmiş işsizzlik probleminin aradan qaldırılmasında strateji əhəmiyyət daşımır:

“Burada söhbət ilkin işəgötürənlərdən gedir. Məsələn, tutaq ki, mövsümü olaraq bir müəssisə fəaliyyətə başlayır, kiçik səhmdar cəmiyyət kimi formalaşır. İlk işəgötürən kimi insanların işə cəlb edilməsinə başlayırlar, 6 ay ərzində dövlət tərəfindən bu müəssisəyə dotasiya verilir. 6 aydan sonra layihə bitir, müəssisənin fəaliyyəti başa çatır və yenə də vətəndaşlar işsiz qalır. Ölkədə daimi, mövsümü, müvəqqəti, kənd təsərrüfatı üzrə iş yerlərinin xarakteriskası aparılmalıdır. Araşdırılmalıdır ki, dövlət hansı sahələrdə iş yerlərinin açılmasına dotasiya ayırmalıdır. İnvestitsiya qoyuluşlarına diqqət edilməlidir. Bu baxımdan layihə ilə bağlı bir sıra suallar var ki, onlara cavab yoxdur”.

İqtisadçı deyir ki, dotasiyanın hansı müəssisələrə ayrılacağı aydın deyil:

“12 aydan sonra həmin müəssisə bağlandıqdan sonra dövlətin bu müddət ərzində ona ayırdığı vəsaitin səmərəsi nə olacaq? Bu, məlum deyil. Dövlət və sahibkarlar arasında qarşılıqlı öhdəliklər olmalıdır. Layihədə bu yoxdur. Bu məqamlar ciddi olaraq işlənib hazırlanmalıdır”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 881