hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İstanbuldakı adsız məzar: Barəsində xurafatın məlumatdan çox olduğu yeganə soyadın təmsilçisi ilə - MÜSAHİBƏ

İstanbuldakı adsız məzar: Barəsində xurafatın məlumatdan çox olduğu yeganə soyadın təmsilçisi ilə - MÜSAHİBƏ

Azərbaycan mətbuat tarixinə ilk anadilli qəzet olan “Əkinçi”nin davamçısı sayılan “Ziya”, “Ziyayi-Qafqaziyyə”ni bəxş edən, üsuli-cədid tipli məktəblərin əsasını qoyan Hacı Səid Ünsizadə 1905-ci ildə İstanbulda vəfat edib.

Lakin 2017-ci ilədək Hacı Səid Ünsizadənin məzarının harada olduğu bilinməyib. Məzar 2017-ci ildə Hacı Səid Ünsizadənin kötücəsi Zaur Ünsizadənin şəxsi təşəbbüsü ilə tapılıb. Mətbuatımızın inkişafı üçün xeyli əmək sərf edən, ziyalı şəxslərimizdən biri olan Səid Ünsizadənin məzarı bu günə qədər hələ də “adsız məzar” deyə tanınır. Eyni zamanda, Hacı Səid Ünsizadə və qardaşları Kamal Ünsizadə və Cəlal Ünsizadə haqqında da kifayət qədər məlumat yoxdur.

Türkiyə Atatürk Universitetinin doktorantı Nurlan Ağa və Eskişehir Anadolu Universitetinin doktorantı Maral Nəcəfli sözügedən məsələni aktuallaşdıraraq Zaur Ünsizadənin də məlumatı üzrə İstanbul bələdiyyəsinə məktub göndəriblər. Məktubda məzarın son görünüşündən şəkillər də əlavə edilərək İstanbul bələdiyyəsindən məsələnin diqqətdə saxlanılması və məzarın bərpa edilərək kimə aid olduğunun bildirilməsi xahiş olunub.

Cebhe.info Hacı Səid Ünsizadənin kötücəsi Zaur Ünsizadə ilə müsahibədə bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.

-Ünsizadələrlə bağlı maraqlı, önəmli məqamları nə zaman və necə öyrənmisiz?

-Mən uşaq yaşlarımdan bilirdim ki, bizim Ünsizadə qardaşları ilə çox böyük əlaqəmiz var. Bu haqda mən uşaq olanda atam danışırdı. Deyirdi ki, bizim qohumlar çox məşhur adamlar olublar. Səid, Cəlal, Kamal Ünsizadələrin həmişə adlarını çəkirdi. Atam deyirdi ki, mənim nənəm də onları çox axtarırdı. Sadəcə, o zaman biz uşaq olmuşuq deyə bu məsələlər çox fikir vermirdik. Daha sonra mən universitetdə oxuyanda onlarla bir daha kitablarda tanış oldum. Sözsüz ki, bu məsələ üzərində müxtəlif müzakirələr aparıldı. Daha sonra əsgərliyə getdim, qayıtdıqdan sonra başladım araşdırmağa. Mənim əmimdə bizim arxiv məlumatları, 19-20-ci əsrə aid olan şəkillər, ulu babalarımızın şəkilləri var idi. Bunlar istər-istəməz məndə maraq yaratdı. Düşündüm ki, maraqlı, qədim şəkillərdir, bunlarda nəsə var. Məsələ belə gətirdi ki, başladım bu haqda informasiyalar toplamağa. Sözsüz ki, artıq kompüter dövrüdür. İnformasiyaları internetə yazanda orada nənəmin adını və soyadını gördüm. Daha sonra Nazim Nəsrəddinov adlı araşdırmaçının yazılarını oxudum. O demək olar ki, nəslimizdə olan bir çox şəxslərin adların çəkirdi, onlarla görüşdüyünü də, Ünsizadə qardaşları haqqında da yazmışdı. Mən bunun köməyi ilə daha çox informasiyalar topladım. İnformasiyaları əldə etdikdən sonra onları atamla bölüşdüm. Daha sonra atamın xatirələr haqqında da məlumatları aldım. Bu xatirələri daha çox mənim nənəm Elmira Ünsizadə deyirdi. Ümumiyyətlə, bu soyad bizdə təkdir. Yəni bu, təkcə bu nəsilə aid soyaddır. Biz qohumlarımızı da belə tapa bilirik. Şamaxıdan təxminən 1915-ci ildə köçmüşük. Mənim ulu babam Mustafa Ünsizadə mənim ulu nənəm xanım İsrafilbəyli ilə evlənmişdi. Xanım İsrafilbəyli də xan nəslinin nümayəndəsi idi. Onlar ailə həyatı qurduqdan sonra Bakıda yaşamağa başladılar. Daha sonra sovet dönəmi başladı deyə heç kim o dövrü araşdırmadı. Mənim nənəm də Ünsizadələri çox axtarırdı. Kim Türkiyəyə gedirdi onlara “Mən Kamalla Camalın qəbrini axtarıram” deyirdi. Əslində nənəm Səid Ünsizadə haqqında heç bir məlumat verməzdi. Demək olar ki, informasiyalar məhdud olduğuna görə istər-istəməz hər şey qapalı qaldı. Mən faktiki olaraq bu hadisələrdən sonra Ünsizadələr haqqında daha çox axtarmağa başladım. Bu mövzu haqqında həm qeyri-müəyyənliklər var idi, həm də çox araşdırılmamışdı deyə mənə daha da maraqlı gəldi.

Bayaq da qeyd etdiyim kimi, bu soyad təkcə bizdə var və biz beləliklə qohumlarımızı tapırıq. Mən öz ulu babalarımın adlarını bilirəm. Lakin çox təəssüf ki, Ünsizadələrlə olan bağımız, belə demək olarsa, aradakı şəxsin adını bilmirik. Yəni öz ulu babamın adını bilirəm-Mustafa, Mustafadan sonra Hacı Rəşid Ünsizadə, Məmməd Ünsizadə. Lakin bunlardan sonra məndə məlumat yoxdur ki, o, Səidin oğludurmu? Nənəm həmişə deyərdi ki, biz Səiddən gəlirik. Amma bu haqda tam olaraq əlimdə olanların daha çox Səidəmi, Kamalamı, Cəlalamı aidliyini bilmirəm. Bu haqda hələ də araşdırıram. Başqa qohumlarımız da var. Mənə bu yaxınlarda məlumat gəldi ki, İsraildə də məlumatlar gedib. Bilmirəm mən o məlumatları tapa biləcəyəm, yoxsa yox...

Hazırda Türkiyədə Ünsizadələr var. Qeyd edim ki, onların hazırda soyadı Arkundur. Onlar Hacı Səid Əfəndinin səhv etmirəmsə, 3-cü yoldaşından qohumlarıdır. Türkiyədə Hacı Səid əfəndinin nəvəsi yaşayırdı. O da rəhmətə getdi. Hazırda Türkiyədə Hacı Səidin kötücəsi yaşayır.

Bu sual mənə ünvanlananda həmişə deyirəm ki, mən Ünsizadənin varislərindən biriyəm. Çünki burada bir çox məqamlar, adların dəyişməsi məqamları var. Məsələn, bizim nəsildə Məmməd deyilən şəxs olmayıb, baxmayaraq ki, bizdə o adlı sənəd var. Yəni ki, burada araşdırma tələb edən bir çox məqamlar var.

-Müsahibələrinizin birində qeyd etmisiniz ki, Ünsizadələrin arxivi sovet dövründən silinib. Bir az bu haqda danışaq...

-Əmim bizə demişdi ki, onlar da bir vaxtlar Ünsizadələri araşdırmaq istəyiblər. O vaxtlar Ünsizadələrdən, çox güman ki, Cəlal əfəndigilin qohumlarından məktub gəlmişdi. Bu məlumat nənəmin bibisinə verilmişdi. Çox təəssüf ki, o məktubu vermədiklərinə görə bizim Türkiyədəki Ünsizadələrlə əlaqələrimiz kəsildi. Bu mövzunu əmim də bir az araşdırıb. Lakin onda arxivdə olan məlumatlar yox idi. Həm də ona arxivə girməyə icazə yox idi. Mən araşdırma etdim. Baxmayaraq ki, Ünsizadələrin göstərdiyi Şapırlı məhləsində elə adam yaşamırdı. Mən başa düşdüyümə görə onlar Ünsizadəni rəsmi soyad olaraq götürməmişdilər. Onların rəsmi qeydiyyatda olduqları ünvanlarda bu soyad istifadə edilməyib.

- Ünsizadə qardaşları haqqında araşdırmaya başlamazdan əvvəl onlar haqqında hansı məlumatlar var idi?

-Ümumi olaraq Ünsizadələr haqqında bir çox alimlər yazıblar. Mən daha çox Nazim Nəsrəddinovun yazılarını oxumuşam. Ondan bir çox məlumatı öyrənmişəm. Çox şeyi onun yazılarından bilmişəm. Ona görə də düşünürəm ki, ən yaxşı araşdırmaçılardan biridir. İndiyədək onlar haqqında bilinən dövr 1890-cı il, yəni onlar Türkiyəyə getməmişdən öncəki dövrdür. Ümumiyyətlə, onlar hansı işlə məşğul olublar, harada olublar. O zamanlar onlar haqqında xürafatlar da yayırdılar. Ən çox da Səid Ünsizadə haqqında xürafatlar olurdu. Çünki o, bir az dini təhsil alıb. Zaqafqaziya Ruhani İdarəsinin sədri seçildiyinə görə, hamı tərəfindən yaxşı qəbul edilmirdi. O dövrdə hamı Avropa təhsilinə keçirdi. Bundan da əlavə Səid Ünsizadənin fikri dinlə elmi birləşdirmək idi. Lakin onun qardaşı Cəlal əfəndi kifayət qədər qərb tipli insan idi. Ona görə də ona qarşı münasibət yaxşı olub. Onların Türkiyədə hara getdiyinə, necə yaşadığına, məzarlarına dair məlumat yox idi. Ümumiyyətlə, onlara aid şəkillər belə yox idi. Təsəvvür edin, onlara aid heç nə yox idi. Mən daha sonra onların qohumlarını, şəkillərini tapdım. Səid Ünsizadənin 2 şəklini və məzarını, Cəlal Ünsizadənin şəklini tapdım. Onlar haqqında daha çox məlumat “Ziyayi-Qafqaziyyə” və “Kəşkül”də var idi. Tarix Səid əfəndinin Sultan Sarayında işləməsi, Cəlal əfəndinin Xarici İşlər Nazirliyində tərcüməçi işləməsi haqqında məlumat yox idi. Ümumiyyətlə, onların şəxsiyyətləri haqqında çox az məlumat var idi və araşdırılmırdı. Çünki dediyim kimi, sovet vaxtı onların üzərinə bir az damğa vurulmuşdu və o damğandan indiki bəzi alimlər yararlanırdılar. Hər hansı bir məlumatı dəqiqləşdirmək üçün gərək araşdırasan. Həm də maliyyə vəsaiti olmalıdır ki, gedib Türkiyədə araşdırma edəsən. Düşünürəm ki, bunlar da olmadığına görə məlumatlar köhnə qalmışdı.

-Araşdırmalarınız zamanı hansısa bir tədqiqatçıdan, araşdırma mərkəzindən kömək almısızmı? Bu köməklər hansı səviyyədə olub?

-Mən araşdırmaya Nazim müəllimin materiallarından başladım, daha sonra genişləndirdim. Bakı Dövlət Universiteti ilə əlaqələr qurdum. Orada Afaq xanım mənə çox kömək etdi. Məni Nurlan, Sevda, Nigar ilə tanış etdi və onlar bu proseslərdə mənə kömək etməyə başladılar. ”Füyuzat” jurnalının redaksiyası, Akif Aşırlı kömək etdi. Onların şəkillərini “Şərq”də özünün balaca muzeyindən asdı. Fərqli insanlar müxtəlif dövrlərdə kömək etməyə çalışdılar. Lakin hər şey tam olaraq deyildi. Hamı bacardığı qədər kömək edirdi. Qurumlar kömək etməyib. Bu, elmi araşdırma deyildi. Sadəcə mənim marağım vardı. Daha çox informasiya əldə etmək istəyirdim. Həmişə bu məsələ mənə qaranlıq qalırdı və inanırdım ki, ortaya maraqlı bir şey çıxacaq. Məsələn, Qənirə xanım Ünsizadələrə məxsus şəkilləri Akif Aşırlının muzeyində görmüşdü. Soruşmuşdu ki, bunlar hardan tapılıb? Onda da kifayət qədər maraq doğurmuşdu. Düşünürəm ki, bir çox belə məsələlərdə onun adı çəkildiyinə görə Cümhuriyyət dövründəki ictimai-siyasi xadimlərin məzarlarına həm baş çəkib, həm də dəstək göstərib. Bu, normal haldır ki, onun adı bu məsələdə də çəkilir. Yaxşı olardı ki, o, gedib qəbri də ziyarət etsin. Ən azı hamı bilsin ki, o qəbir harada yerləşir. Ümumiyyətlə, bu insanlar cəmiyyət üçün nəsə etməyə çalışıb. Bu məsələdə əsas bizik, əsas sizsiz. Yəni onları qəbul edən, unutmayan 2-3 nəfər varsa, düşünürəm ki, onlar unudulmayacaq. Bu proses zəncirvari davam edir. Əslində isə mən bu məsələdə kömək gözləyirəm.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 16798

Bizim Telegram səhifəmizi izləyin