hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

İstehsalçı qiymət indeksləri istehlak qiymət indeksini üstələyir

İstehsalçı qiymət indeksləri istehlak qiymət indeksini üstələyir

“Məzənnə sabitliyi hesabına idxal inflyasiyası səngisə də, qiymət artımını stimullaşdıran daxili faktorlar fəallığını saxlayır”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

O bildirib ki, bu özünü istehsalçı qiymət indeksləri və istehlak qiymətləri indeksi arasında fərqdə aşkar göstərir:

“Bir qayda olaraq istehlakda idxal mallarının üstünlük təşkil etdiyi ölkələrdə istehlak qiymətlərinin artımı istehsalçı qiymətlərini üstələyirsə, bunun əsasən idxal vasitəsilə baş verdiyi dərhal bilinir. 2019-cu ilin 10 ayının nəticəsinə görə, istehlak qiymətləri 3 faizdən də az artmasına baxmayaraq, bəzi məhsullar üzrə istehsalçı qiymətlərində bu artım əhəmiyyətli dərəcədə yüksək olub. Məsələn, bütövlükdə emal sənayesi üzrə istehsalçı qiymət indeksi 7,3 faiz, bu sənayenin daxilində tütün məmulatlarının istehsalı üzrə 31 faiz, tikinti materiallarının istehsalı üzrə 15,6 faiz, içki istehsalı üzrə 9,1 faiz, geyim istehsalı üzrə 6 faiz, eyni zamanda kənd təsərrüfatının daxilində çoxillik bitkilərin istehsalı üzrə 6,7 faiz, mal ətinin istehsalı üzrə 6,1 faiz, qoyun əti istehsalı üzrə 8 faiz təşkil edib”.

İqtisadçı hesab edir ki, yanacaq və enerji tariflərinin sabit qaldığını nəzərə alsaq, istehsalçı qiymətlərə təsir edən başqa amilləri öyrənmək maraqlı olardı:

“Məsələn, əməkhaqqı artımı, vergi yükünün ağırlaşması, aralıq məmulların bahalanması. Məlumdur ki, istehsalçı qiymət indeksi istehsal olunan məhsulun bütün tikililəri üzrə xammal, material, yarımfabrikatların qiymət dəyişikliyinin nəticəsi kimi hazır məhsulun qiymətində əksini tapır.

Pul kütləsinin artımı ilə inflyasiya arasında əlaqəni analiz edərkən istehlakçı qiymət artımı ilə yanaşı, istehsalçı qiymətləri də nəzərdən qaçırmaq olmaz. Çünki istehsal xərclərinin artımı istehsal subyektlərinin pula tələbini də artırır. Məlumat üçün deyim ki, cari ilin 10 ayında dövriyyədə olan nağd pul kütləsi 19 faiz (1,5 milyard manat) genişlənib. Bu genişlənmə əsasən, banklardan kənar nağd dövriyyənin artımı hesabına baş verib”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2366