hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İsterikada olan Əli Kərimlinin təxribat çağırışı: Yaxud qarşıdurma kimə lazımdır?

İsterikada olan Əli Kərimlinin təxribat çağırışı: Yaxud qarşıdurma kimə lazımdır?

1997-ci ilin oktyabrında, 4 il 4 aydan sonra Naxçıvandan paytaxt Bakıya dönən Elçibəyin siyasi platformasında əsas və qırmızı cizgiylə keçən xətt Vətəndaş Sülhü idi. 

Əbülfəz Elçibəy dünyasını dəyişənə kimi də bu xətt qorunub saxlanıldı. Amma mitinq də oldu, piket də. Siyasi mübarizə təkamül nəzəriyyəsinin qanunauyğunluqlarından kənara çıxmadı. İqtidar-müxalifət mübarizəsinin ən kəskin notlarla inkişafına baxmayaraq, məhz bu təkamül nəticəsində Azərbaycan dövləti quruldu və möhkəmləndi.

Bəs indi? Bizə vətəndaş həmrəyliyi lazım deyilmi?

Təbii ki, lazımdır və bəlkə də o zamankından daha çox. Ölkənin normal, sivil mübarizə tərəfdarı olan bütün siyasi təşkilatları, siyasi spektrin hansı tərəfində dayanmasından asılı olmayaraq, cəmiyyət bunu istəyir və qorumağa cəhd edir. Hər bir qüvvə hətta barışmaz olduqları məsələlərə belə dövlət və dövlətçilik prizmasından yanaşa bilir. Nümunə üçün deyək ki, indiki durumda iqtidar islahatlar paketini sürətləndirməklə buna çalışır, müxalifət isə normal, demokratik dəyərlərlə uyuşan mübarizə taktikasını öz hədəfi seçərək bu prosesin daşıyıcısıdır.

Amma fəaliyyətini QAN və QİSAS üzərində quran, kiçik anlamda söyüş, böyük anlamda dağıdıcı qüvvələr müxalifət adını istismar etməklə, ölkədəki siyasi nizamı pozmaq, siyasi təkamüldən siyasi tənəzzülə doğru yol başlatmaq niyyəti güdür. Ənənəvi olaraq bu sırada birinci yerdə Əli Kərimli dayanır. Ona vətəndaş sülhü yox, vətəndaş qarşıdurması lazımdır.

Əli Kərimlinın bugünkü fəaliyyəti və çağırışları bir siyasətçinin düşüncələri ilə ziddiyyət təşkil edir. Yəni Əli Kərimli Vidadi İsgəndərlinin Bakı “kopiya”sıdır. 

Dağıdıcı qüvvələrin arzusu nədir?  

Əli Kərimli "Osmanqızı" internet televiziyasına müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında keçirilmiş 8 oktyabr piketinin nəticələri haqqında danışarkən pafosun və isterikanın gücündən bunu böyük bir aksiya, özünü isə “bu hərəkatın qəhrəmanı” kimi  təqdim edir. İlk növbədə həmin piketə yanaşma ilə bərabər, Kərimlinin davranış, danışıq tərzi kimsənin diqqətindən qaçmır. İsterikada olduğu aydın görünən Əli Kərimli  insanları təkcə 19 oktyabr aksiyasına dəvət etmir, həm də hələ razılaşdırılmamış aksiyaya səsləyir. Özü də necə və hansı halda? BŞİH-in 19 oktyabr mitinqinə razılıq verib-verməyəcəyi, razılıq verəcəksə, hansı ünvan təklif edəcəyi məlum olmadığı bir vaxtda bunu etmək əsas məqsədin altında gizlənən istəklər və alınan tapşıqırların icrasına cəhddir. Belə demokratiya olur?  Hər kəsə aydındır ki, bu, demokratiya və ya insanların sərbəst toplaşmaq hüququnun təsbit olunmasına çalışmaq deyil. Bunun adı heç siyasi sayıqlığın itirilməsi də deyil. Bu, siyasi avantüradır. Regionda baş verən hadisələr, qarşıdurmalar fonunda bu çağırışın məhz avantüranın tərkib elementi, qarşıdurmalar fonunda öz oyununu oynamaq niyyəti güdən kənar güclərin tapşırığının icrasıdır. Avantüra və icra sistemi elə işləyir ki, Əli Kərimli insanları icazəsiz aksiyaya təhrik edir və işsizləri, evsizləri 19 oktyabr aksiyasına çağırır: “Aksiya icazəli oldu, ya icazəsiz, fərq etməz. Gələcəksiniz, fikrinizi orada ifadə edəcəksiniz. Ondan sonra qoy sizi də axtarsınlar. Gəlsinlər, desinlər ki, sizə ev, iş, sosial yardım verəcəyik”.  Adamlar belə təhrik olunur. Razılaşdırılmamış aksiyaya çıxanlara sanki gül dəstəsi veriləcək. Yox, onlara gül dəstəsi verilməyəcək, onlarla qanunun dili ilə danışılacaq və nəticədə həmin adamlar, gənclər həbs ediləcək, cərimə olunacaqlar. Deməli, hərəkətin bədəlini də təhrik edən yox, həmin adamlar özləri ödəməli olacaqlar. Əli Kərimli də öz istəyinə nail olacaq və əsl müxalifət obrazını qoruyub saxlayacaq. 

Kərimli Lenindən sitat çəkməklə nə demək istəyir?

“Hökumət bu mesajı alıb ki, xalq daha əvvəlki kimi yaşamaq, tabe olmaq niyyətində deyil”. Bunu da Əli Kərimli deyir və beləliklə də Milli Azadlıq Hərəkatının lideri Elçibəydən yox, bolşeviklərin, Sovet kommunistlərinin lideri Lenindən iqtibas gətirir. Komsomoldan qalma yaddaş təzələnir.

Eyni zamanda, Əli Kərimli bununla növbəti qəsdini və pafosunu işə salır. Çünki son günlər ətrafında baş verən olayın təsirini azaltmaq lazımdır. Əks təqdirdə, proses onun əleyhinə işləyir və illərlə zəbt etməyə çalışdığı, trolları hesabına bəzən nail olduğunun görüntüsü yaranan “ana müxalifət” obrazını itirmiş durumla üz-üzə qalır. Heç kimə sirr deyil ki, Kərimlinin müavini Fuad Qəhrəmanlı və ailəsi ətrafında baş verənlər “Yurd” liderini ağır ictimai-mənəvi deqradasiyaya uğradıb. Onun son çıxışları, hərəkətləri də bunu təsdiqləyir və aşkar görünür ki, necə bir siyasi-mənəvi böhran içindədir. Sirr deyil ki, 19 yanvardan başlanmış “ana müxalifət” eyforiyası Fuad Qəhrəmanlı hadisəsi ilə bitdi. 19 yaşlı Selcan Yağmur “Yurd”un yekə-yekə kişilərinin xarizmasını yerlə bir etdi. “Yurd”un bütün iç üzünü açıb ictimaiyyətə göstərdi. Bu hadisədə “demokratik cəmiyyət”, “hüquqi dövlət” quracağını bəyan etmiş Əli Kərimlinin ətrafında nələrin olduğu bir daha cəmiyyətə aydın oldu. İndi Lenindən misal çəkməklə, insanları icazəsiz aksiyalara çağırmaqla və qarşıdurma ilə bu prosesi unutdurmaq və ya ən pis halda kölgədə saxlamaq istəyir. Çünki cəmiyyət öz gələcəyini zorakılığa heç zaman etibar etməyəcəyindən baş vermiş zərbənin təsirini sığortalamaq məqsədi güdür.

Siyasi səmimiyyətdən uzaq pafos

Əli Kərimli “Uşaqlarımızın gələcəyi üçün mitinqə gəlin” deyir. 8 oktyabr piketində fəallıq etmiş Pərvanə Əhmədovadan danışan Əli Kərimli deyir ki, biz onun problemlərini nəzarətə götürmüşdük.  Necə və nə ilə? Hansı imkanlardan söhbət gedir, bu, düşündürücü məsələdir. Minlərlə müxalifətçi niyə hansısa məsələni nəzarətə götürə bilmir? Kiminsə yox, öz ocağında olanların belə qayğısına normal şəkildə qala bilmir? 

Kərimli başqa müxalifətçiləri demirik, öz ətrafında olanlara qarşı bu qədər qayğıkeşdirsə, onun fitnəsi ilə həbsə düşmüş insanların övladlarını düşünsün. Yeri gəlmişkən, Fuad Qəhrəmanlı həbsdə olarkən xanımı Zümrüd Yağmur qızı Selcanın Kanadada universitetə daxil olduğunu, lakin təhsil haqqı verə bilmədiyi üçün ora gedə bilməyəcəyini bildirmişdi. O zaman “Yurd” kuluarlarına bələd olanlar deyirdi ki, bu, ilk narazılıq oldu. Yəni Zümrüd Yağmurla “Yurd” arasıda soyuqluğun qaynaqlarından biri də bu hadisə idi. “Yurd” liderinin “azadlıq, ədalət və ləyaqətli həyat naminə” şüarı da qeyri-səmimidir. Çünki onu tanıyanlar bilir ki, “gözəl yaşayış”, “sosial rifah” deyəndə “Yurd” lideri ancaq özünü nəzərdə tutur.

19 oktyabr aksiyası “Yurd” lideri üçün çox vacibdir. Çünki son zamanlar müxalifətin toparlanması, yeni sağlam güclərin ortaya çıxması prosesi gedir. Müsavat Partiyasının son qurultayında baş verənlər, özəlliklə “Yurd”un təxribat cəhdlərinin baş tutmaması Əli Kərimlini isterikaya salan amillərdəndir. Üstəlik, son vaxtlar siyasi düşərgədə, sosial şəbəkələrdə başqa radikallar da peyda olub. Görünür, radikalizmi cərəyan olaraq monopoliyada saxlayan və bununla siyasi varlığını qoruyan “Yurd” lideri meydanı digərləri ilə bölüşmək istəmir. Əli Kərimlidə siyasi isterikanı tətikləyən amillərdən biri də budur.  

Xalqı təhdid etmə

Son çıxışında Əli Kərimli xalqı da açıq-aşkar təhdid edir, şantaja məruz qoyur: “Bizə “Mitinq təyin edin, arxanızdayıq” deyənlər! “Siz gün və yer təyin edin, biz gələk” deyənlər! Buna hazırsınızmı? Bədəli nə olur-olsun, ödəməyə hazırıq. Qarabağ üçün, seçki islahatı üçün məhrumiyyətlərə hazırıqmı? Bizə qarşı polis təhdidləri ola bilər. Biz bunu gözə almışıq. Bəs siz necə? Biz hər şeyə hazırıq, siz də hazırsınızmı? Kütləvi mübarizəyə hazırsınızmı?”

“Yurd” lideri bu təhrikçi çıxışı ilə çox təhlükəli oyun oynayır: “Fəal olun, meydanlara çıxın. Çıxacağıq, şüarlarımızı səsləndirəcəyik. Ola bilər ki, həbs olunanlar olsun. Olsun, bu, vətən üçün, azadlıq üçün verdiyimiz qurbanlar olacaq. Amma gün o gündür. 19 oktyabr mitinqini keçirəcəyik. Çox dözdük, çox güzəştə getdik. Şəxsən özüm 19 oktyabrda “28 may” metrosunun qarşısında olacağam. Hər kəsi mitinqə çağırıram”.

“Yurd” sədri bununla xalqı təhrik etmir, həm də onu öz əlində vasitəyə çevirmək niyyətindədir. Bu isə Kərimlinin nə qədər xeyrinə olsa da, bütün müxalifətə yaxşı heç nə vəd etmir. Hakimiyyət bundan istifadə edib, aksiyaları tamamilə qadağan edə bilər. Əli Kərimlinin istədiyi də budur! “Yurd” liderinin “mən də iştirak edəcəyəm” vədini də ciddiyə almaq lazım deyil. Çünki aksiya günü “Yurd” lideri evdən çıxmamaq üçün 100 bəhanə tapa bilər. “Evdən çıxmağa qoymadılar”, “Yolda süni tıxac yaratdılar, gələ bilmədim” və s. “əsas”lara hazır olmaq lazımdır. Əgər aksiya razılaşdırılmayacaqsa, hüquq-mühafizə orqanlarının mitinqin baş tutacağına imkan verəcəyi qətiyyən inandırıcı deyil. Aksiyaya çıxanlar isə saxlanılacaq və onlar barəsində məhkəmə hökmü çıxarılacaq. Deməli, həbs olunanların sayı artacaq. Tutulanların çox olması  Əli Kərimli üçün sanki çoxpilləli nərdivandır. Nə qədər çox olsalar, Əli Kərimli bir o qədər yuxarı çıxa biləcək. 

Elçibəyçilikdən uzaq missiya -  Qan və Qisas

Bu gün AXCP adına iddia edən, bu ada iddia edə-edə o böyüklükdə partiyanı dərnək səviyyəsinə endirən Kərimlinin Elçibəyin ideoloji siyasi xəttindən uzaqlaşdığı son çıxışındakı isterik çağırışları ilə bir daha təsdiqləndi. Qan və qisas Elçibəy düşüncəsindən uzaq, Liviyada Haftarın, İraqda, Suriyada İŞİD-in düşüncəsidir. Əli Kərimli insanları razılaşdırılmayan aksiyalara çağırmaqla QAN və QİSAS düşüncəsində olduğunu ortaya qoydu.

Nəticələr nə ola bilər? Bütün müxalifətin dağıdıcı obrazı yaradılmaqla, cəmiyyətdə barışa doğru istiqamətlənən hərəkətlilik durdurulacaq. Bununla da cəmiyyətdə olan hərəkətlənmənin və təkamülün qarşısı daha bir 10 il üçün alınacaq və cəmiyyət ən azı 10 il geri düşəcək. Uduzan isə cəmiyyətimiz olacaq...

Cebhe.info Analitik Qrupu


Oxunma sayı: 11661