hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Köçəryan-Ter-Petrosyan savaşında son mərhələ: İRƏVANI NƏ GÖZLƏYİR? 

Köçəryan-Ter-Petrosyan savaşında son mərhələ: İRƏVANI NƏ GÖZLƏYİR? 

Ermənistanın eks-prezidenti Robert Köçəryan həbsdən azad edildikdən sonra özünün siyasi varisi Serj Sarkisyanla görüşüb.

İkinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, Robert Köçəryan yarım il həbsdə olub və Serj Sarkisyan ona baş çəkməyə gedib. Lakin o, sabiq prezidentlərin görüşündə hansı məsələlərin müzakirə olunduğunu deməyib. Soqomonyanın sözlərinə görə, görüş təmiz dostluq şəraitində keçib. Soqomonyan onu da bildirib ki, Robert Köçəryan həbsdən çıxdıqdan sonra “İzmirlyan” tibb mərkəzində profilaktik müayinədən keçib.

Qeyd edilən görüş Serj Sarkisyanın Robert Köçəryana qonaq getməsi kimi təqdim olunsa da, bu “Qarabağ klanı”nın son günlər artan siyasi fəallığı fonunda gözlənilən idi. Qarabağ separatçılarının başçıları Arkadi Qukasyanın və Bako Saakyanın cinayətkar prezidenti pul girovu müqabilində azadlığa buraxdırmasının ardınca Serj Sarkisyanın da onunla görüşə getməsi Ermənistanda hakimiyyətini itirmiş klanın Robert Köçəryanın ətrafında yeni siyasi güc mərkəzi yaratmaq planından xəbər verir. Bu isə Ermənistan və “Qarabağ klanları” arasında qarşıdurmanı daha da dərinləşdirə bilər. 2020-ci ildə Dağlıq Qarabağdakı işğalçı rejimə keçirilməsi nəzərdə tutulan qondarma prezident seçkiləri zamanı bu gərginliyin yeni mərhələyə daxil olacağı gözlənilir. Çünki hər iki tərəf Bako Saakyanın yerinə özünə yaxın adamın gətirilməsinə çalışır. Dağlıq Qarabağdakı separatçı rejim Nikol Paşinyan hakimiyyəti üçün potensial təhlükə mənbəyi olaraq qalır. Serj Sarkisyanın “Məxməri inqilab” yolu ilə devrilməsindən sonra pərakəndə duruma düşən “Qarabağ klanı” R.Köçəryanın ətrafında birləşməyə üstünlük verdi. Lakin real təhlükənin haradan gəldiyini yaxşı anlayan N.Paşinyan ötən ilin iyul ayında R.Köçəryanı 2008-ci ilin 1 mart qırğınına görə, həbs etdirməklə alternativ düşərgənin planlarını pozmuş oldu.

May ayının 18-də İrəvan Şəhər Məhkəməsinin Nor-Nork Rayon Məhkəməsinin R.Köçaryanı 500 min dram və ya 10 min dollar girov müqabilində azadlığa buraxması ilk növbədə, hakimiyyətini möhkəmlətmiş baş nazir Paşinyan üçün artıq real təhlükə törətmədiyi qənaətini yarada bilər. Ancaq Köçəryanın azadlığa çıxması hüquqi qərardan daha çox siyasi məzmun daşıyır. Ona görə də Paşinyan öz rəqibinə sərbəstlik verməsi birbaşa əks-düşərgənin maraqlarına cavab verir. Köçəryanın azadlığa buraxılmasından bir gün sonra baş verən hadisələr əslində, sözügedən qərarın arxasında N.Paşinyanın siyasi planlarının dayandığını ortaya çıxartdı. Belə ki, hakimiyyətə gəldikdən sonra əvvəlcə hökumətə, sonra isə parlamentə nəzarəti tam ələ alan Paşinyan, hətta erməni katalikosu II Qareginin istefası məsələsini gündəmə gətirməklə kilsəyə də təsir imkanlarını ələ alıb. “Yerkrapa” könüllülər ittifaqı adlanan terror təşkilatında və 2008-ci ilin 1 mart hadisələrinə görə, aparılan həbslər ordunu Köçəryan-Sarkisyan rejiminin tərəfdarlarından təmizləməyə kömək etdi. Lakin məhkəmə hakimiyyətinin baş nazirin nəzarətindən kənarda qalması ona ciddi problemlər yaradır. Yəni hakimlərin əksəriyyəti Köçəryanın və Sarkisyanın prezidentliyi dövründə məhkəmə sisteminə təyin edilmiş şəxslərdir. Bu baxımdan, N.Paşinyan bir tərəfdən, Paşinyanın azadlığa buraxılmasını “mənəvi məsələ” adlandıraraq həmin qərarın çıxarılmasına razılıq versə də, digər tərəfdən, tərəfdarlarını ikinci inqilab etmək adı altında məhkəmələrin giriş-çıxışını bağlamağa çağırdı. Artıq Avropa Birliyi N.Paşinyanın məhkəmə sistemində hüquqi islahatlar aparmaq təklifinə lazımi dəstəyi verməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, Ermənistanın Baş Prokurorluğu R.Köçəryan barəsində məhkəmənin qərarının ləğvi barədə iddia qaldırıb. Yəni Köçəryanı müvəqqəti azadlığa buraxılması Paşinyanın öz rəqibinə yaxın kadrları hakimiyyətin üçüncü qolundan uzaqlaşdırmaq üçün taktiki gediş məqsədi daşıyırmış. Məhkəmə sistemini təmizlədikdən sonra Robert Köçəryanın yenidən həbs olunması isə istənilən an təkrar oluna bilər. Bu təhlükənin qarşısını almaq üçün R.Köçəryanın ətrafında preventiv şəkildə, “Qarabağ klanı”nın təmərküzləşməsi prosesinə start verilib. Serj Sarkisyanın öz sələfi ilə görüşməsi də qeyd edilən məqsədin reallaşdırılmasına xidmət edir. Hətta “Daşnaksütyun” Erməni İnqilabi Federasiyası da Paşinyan hökumətinə qarşı mübarizədə Köçəryanı dəstəkləməyə qərar verib. Hakim “Mənim addımım” blokunun üzvü, deputat Ovik Ağazaryan daşnakların mayın 23-də keçirdiyi mitinqin məhz R.Köçəryanı dəstəkləmək məqsədi daşıdığını bildirib.

Parlamentin Müdafiə və Təhlükəsizlik Məsələləri Komisiyasının sədri Andrey Köçəryan qeyd edib ki, daşnaklar Robert Köçəryanın prezidentliyi dövründə ona rəğbətini gizlətməyib. Çünki onlar həm R.Köçəryanın dövründə, həm də 2008-ci ilin 1 mart hadisələrindən sonra Serj Sarkisyan hakimiyyətinin bir hissəsinə çevrilib.

Deputat bildirib ki, “Daşnaksütyun” Robert Köçəryanı müxalifət düşərgəsinin lideri qismində görür.

Ermənistanın ikinci prezidentinin vəkili Aram Orbelyan “Azadlıq” radiosuna müsahibəsində bildirib: “Baş prokurorluq Robert Koçaryanın məhkəmə işinin dayandırılması və Konstitusiya Məhkəməsinə göndərilməsi ilə bağlı hakimin qərarını apelyasiya qaydasında şikayət edə bilər, ancaq Apelyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə müraciətlə bağlı qərarın, həqiqətən əsaslı olub olmadığını dəyərləndirməyə səlahiyyəti yoxdur”. Vəkilin fikrincə, şikayət halında Apelyasiya Məhkəməsi iddianı qəbul etməyəcək. Qəbul olunsa belə, iddia rədd ediləcək. Belə olduğu halda, Apelyasiya Məhkəməsi, məntiqə uyğun olaraq Baş Prokurorluğun Konstitusiya Məhkəməsinə müraciət edib etmədiyini müəyyənləşdirməlidir.

Ermənistan mediası yazır ki, baş nazir məhkəmə binalarının blokadası əməliyyatı ilə vəziyyətə görə, real məsuliyyət daşıyanları göstərməyə çalışsa da, Köçəryan azadlıqdadırsa, bu, birbaşa Nikol Paşinyanın reytinqinə təsir edir.

Məqalədə deyilir ki, Paşinyanın bu emosional addımı ona və siyasi hakimiyyətə heç bir divident gətirməyib:

“Çünki nəticə etibarilə mövcud olan fikri daha da möhkəmləndirib: Ermənistanda dayanıqlı hökumət yoxdur, başqa sözlə köhnə sistemin bərpa ehtimalı çox böyükdür. İstənilən halda, bazar ertəsi baş tutan etiraz aksiyası hökumətin acizliyini nümayiş etdirib, daha çox Koçaryan işini də legitimləşdirib ki, bu da məhz ikinci prezidentin maraqlarına cavab verir”.

“Təəssüf ki, yuxarılar bu həqiqəti başa düşməyib və leqal hakimiyyət resurslarının hamısını reallaşdırmaq və böhranı siyasi və qanunverici qərarlarla həll etmək və ya sui-qəsdçilərin çevriliş proqramını ləğv etmək məqsədilə barrikada məntiqinə uyğun addımlar atmağa davam edir. Məsələn, Paşinyan komandası “vətəndaş qarşıdurması” riskini ciddi hesablamayıb. Daxili siyasi qarşıdurma, dövlət qurumlarının nüfuzunu ləğv edə biləcək antoqonizm, nəinki Köçaryanı yeni həbsdən sığortalaya, eyni zamanda onu ikinci qütbün faktiki liderinə çevirə biləcək yeganə mümkün vasitədir. Hakim komanda bu həqiqəti başa düşməyənədək, nəinki məhkəmə-hüquq islahatlarının effektivliyi, eyni zamanda ölkənin siyasi sabitliyi şübhə altında qalacaq”, - mənbə belə yazır.

Köçəryanın həbsi ətrafında baş verən proseslər Ermənistanı iki siyasi qütbə bölüb. Köçəryanın həbsinə ən çox maraqlı olan və Nikol Paşinyanın siyasi xaç atası sayılan, eks-prezident Levon Ter-Petrosyanın seyrçi mövqe nümayiş etdirməsi diqqəti cəlb edir. 2008-ci ildə fevral-mart mitinqlərinin təşkilatçısı olmuş Levon Ter-Petrosyan dinc mitinqin gülləbaran edilməsinə görə, Robert Köçəryanın həbs edilməsinin ən qatı tərəfdarı olub. Hətta mart ayında Avropa İnsan Haqları Məhkəməsi Levon-Ter-Petrosyanın Ermənistana qarşı iddiasını təmin edib. Həmin qərarda Köçəryan hakimiyyətinin orduya silah və zorakılıqdan istifadə etməklə dinc mitinqi dağıtmaq əmri verdiyi barədə faktları tanınıb. Ona görə də N.Paşinyanın, R.Köçəryanın bəraət almasına Ter-Petrosyan reaksiyasız qala bilməzdi. Birinci prezidentin bu məsələdə sükut nümayiş etdirməsi onun bu qərardan əvvəlcədən xəbərdar olduğu qənaətini yaradır. Yəni Köçəryanla Ter-Petrosyan arasında siyasi qarşıdurmanın yeni mərhələyə keçdiyini söyləmək olar. Ter-Petrosyan “Qarabağ klanı”na növbəti zərbə endirməyə, həbsdən çıxmış eks-prezident isə yeni güc mərkəzi formalaşdrmaqla öz sələfini-komandasını ikinci dəfə devirməyə çalışır. Hazırda N.Paşinyanın Ermənistanda kifayət qədər yüksək nüfuza malik olsa da Dağlıq Qarabağda sosial bazası xeyli zəifdir. R.Köçəryan isə Dağlıq Qarabağdakı erməni icması arasında kifayət qədər dəstəyə malik olsa da, Ermənistan klanı artıq onu qəbul etmir. Bu baxımdan, qüvvələr nisbəti bərabər görünür. Nikol Paşinyan isə, hətta rəqib klanı Dağlıq Qarabağdakı hakimiyyət strukturlarını ləğv etməklə hədələyir. İşğal edilmiş Azərbaycan ərazilərinə avtoyürüş edən Paşinyanın tərəfdarları oyuncaq rejimin prezidenti, hökuməti və Milli Məclisinə ehtiyac olmadığını, Dağlıq Qarabağın Ermənistanın bir quberniyası olduğunu bəyan edib. Ermənistan mətbuatı bu hadisəni “Soros”çuların Dağlıq Qarabağın arxasına mina düzməsi kimi şərh edib.

Əslində, belə bir addımın qeyri-mümkünlüyünü N.Paşinyan yaxşı bilir. Çünki Dağlıq Qarabağın Ermənistanın quberniyası elan etmək həmin ərazilərin rəsmən ilhaqı deməkdir. Bu isə beynəlxalq hüquqa zidd olduğumdan qeyri-mümkündür. Çox güman ki, baş nazir Paşinyanın bu gedişi daha çox daxili ictimai rəyə hesablanıb və “Qarabağ klanı”na təzyiq məqsədi daşıyır.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4170