hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Körfəzdə ikinci savaş: ABŞ və İran arasında Hörmüz döyüşü

Körfəzdə ikinci savaş: ABŞ və İran arasında Hörmüz döyüşü

Amerikanın dövlət katibi Mayk Pompeo iyunun 13-də jurnalistlərə açıqlamasında Oman dənizində Yaponiyaya məxsus neft daşıyan iki gəmiyə bombalı hücumun arxasında İranın durduğunu bəyan edib.

Pompeo bildirib ki, Amerika İran təhdidləri qarşısında regional müttəfiqlərini qoruyacaq və həmişə onların yanında olacaq: “Amerika Birləşmiş Ştatları hökumətinin ilkin dəyərləndirmələrinə görə, bu gün Oman dənizində bu iki gəmiyə edilən hücumların arxasında birbaşa İran durur.

Bu hücumlarda istifadə edilən silahlar, bu kimi hücumların həyata keçirilməsi üçün yüksək təcrübənin lazım olması, eləcə də regionda hər hansı bir təmsilçi qrupun bu mürəkkəb əməliyyatı həyata keçirməyə gücü və bacarığı olmaması bunu deməyə əsas verir.

İran İslam Respublikası hakimiyyəti, Yaponiyanın baş naziri Tehranda İranın dini lideri ilə görüşdüyü bir vaxtda İranın su sərhədlərindən kənarda Yaponiyanın neft daşıyan iki gəmisinə hücum etməklə bu ölkəni (Yaponiyanı) təhqir edib” - deyə, Mayk Pompeo vurğulayıb.

Rəsmi Tehran Oman dənizində iki gəmiyə qarşı hücumları “şübhəli” adlandıraraq, həmin hücumlarda əli olduğunu təkzib edib. Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin vəzifələrini icra edən Patrik Şanahan İranın regiondakı hücumlarını “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırıb. Bununla bağlı öz şəxsi “Tvitter” səhifəsində status yazan Şanahan qeyd edib ki, ölkəsi müharibə başlatmaq istəmir, lakin özünün və müttəfiqlərinin mənafeyini müdafiə edəcək.

ABŞ Mərkəzi Komandanlığı- Sentkom da məsələ ilə bağlı yaydığı bəyanatda Birləşmiş Ştatların Yaxın Şərqdə yeni müharibə meydana gəlməsini istəmədiyini, amma rəsmi Vaşinqtonun maraqlarını, eləcə də beynəlxalq dənizçiliyin təhlükəsizliyini lazım olan bütün vasitələrlə qoruyacağını bildirib. Bəyanatda dünənki hücumun ardınca "USS Mason" hərbi gəmisinin Oman dənizində hadisə baş verən yerə göndərildiyi də qeyd edilir. Sentkom, həmçinin bildirir ki, "USS Bainbridge" hərbi gəmisi hücuma məruz qalmış tankerlərin yanındadır. Əgər bu gəmiyə qarşı hər hansı təxribatçı hücum həyata keçirilsə, ABŞ ona sərt cavab verəcək.

Sentkomun sözçülərindən biri Earl Brovn isə bu hücumları beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdid adlandıraraq, ABŞ və müttəfiqlərinin öz mənafelərini qoruyacaqlarını deyib.

Qeyd edək ki, bu artıq neft daşıyan gəmilərə edilən ikinci hücum faktıdır. May ayında da Birləşmiş Ərəb Əmirliklərinə məxsus tankerlər Səudiyyə Ərəbistanı sahillərində partladılaraq yandırılmışdı. Ərəb ölkələrinin iyunun 10-da Məkkədə keçirilən zirvə toplantısında partlayışın İran tərəfindən təşkil olunduğuna dair birgə bəyanat qəbul olunub.

Ümumiyyətlə, hər iki hadisə dünya neft ehtiyatlarının daşındığı Hörmüz boğazına yaxınlığında baş verib. İran bir neçə dəfə bu boğazı bağlayacağına dair xəbərdarlıq edib. Son hücum aktları isə Hörmüz boğazı regionunda ABŞ və ərəb ölkələrinin İranla gərgin olan münasibətlərini daha da körükləyə bilər.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, son vaxtlar baş verən hadisələri Körfəz müharibəsinin davamı da adlandırmaq olar:

“Həmin gəmilər siyasi və hərbi status daşımadığına görə, onların vurulması ilk baxışdan İranın maraqlarına ziddir. Məsələ bundadır ki, ABŞ İranla birbaşa müharibəyə girmək niyyətində deyil. İran da ABŞ-la savaşa girmək istəmir. Lakin bu proses Ərəb Liqası olmaqla İrana və Qətərə qarşı hesablanıb. Qətər bir müddət ABŞ-a qarşı müəyyən siyasi xətt tutmaq istədi. Əslində, İranın Oman körfəzində fəallaşması ABŞ və Ərəb Liqası arasında toqquşmaların başlanğıcı ola bilər. Təbii ki, dünya neft ehtiyatlarının 40 faizınin keçdiyi bir boğazda bu hadisələrin baş verməsi ABŞ-ın ciddi mesajları kimi başa düşülməlidir. Amerika silah və enerji bazarındakı mövqeyini saxlamaq uğrunda mübarizə aparır. ABŞ, həmçinin, Avropa dövlətləri və Ərəb Liqasının da təhlükəsizliyini təmin edir. ABŞ İsrail və Ərəb Liqası arasında balanslaşdırcı böyük bir qüvvədir. Ona görə də İran senarisinin arxasında ərəb ölkələri dayanacaq. ABŞ isə bu prosesdə müşahidəçi mövqe tutacaq. İran iqtisadiyyatı çökdüyü üçün bu mübarizədə qalib ola bilməz. Ancaq nəzərə almaq lazımdır ki, Suriya və İran ətrafında gedən münaqişələr yaxın beş-on il ərzində dəyişməyəcək. Bu proseslər davam etdikcə, bölgədəki geosiyasi konfiqurasiya da dəyişəcək.

İrandakı teokratik rejim hakimiyyətdən salındıqdan sonra İraqda və Suriyada vəziyyət dəyişəcək və münaqişələrə son qoyulacaq. Bunun baş verməsi üçün ən azı beş-on il vaxt lazımdır. Həmin münaqişələr sırasına Yəməndə davam edən vətəndaş müharibəsi də daxildir”.

Ekspert onu da bildirdi ki, ABŞ prezident Reyqan dönəmində olduğu kimi, müdafiə deyil, hücum siyasətinə üstünlük verir. Ona görə də geostrateji maraqları olan bölgələri Rusiyaya və İrana güzəştə getmək niyyətində deyil. Rusiya və İrandan fərqli olaraq, Çin geosiyasi proseslərdə “açıq aktor” kimi çıxış etmir:

“Prezident Putinin bu yaxınlarda “biz yanğınsöndürən deyilik” deməsi Rusiya və İranın müttəfiqliyinin strateji deyil, taktiki maraqlara söykəndiyini göstərir. Ona görə də bu dövlətlər bir-birindən imtina etməsi gözləniləndir. Bu da ABŞ-ın qələbə qazanmaq imkanlarını asanlaşdırır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3895