hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Kamal Abdulla Hindistan səfiri ilə görüşüb

Kamal Abdulla Hindistan səfiri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şri B.Vanlalvavna ilə görüşüb.

Azərbaycan Dillər Universitetindən verilən məlumata görə, ADU-da 20-ə yaxın ölkənin dilinin tədris olunduğunu deyən rektor dillərin konkret tədris proqramı əsasında öyrədildiyini bildirib. Kamal Abdulla Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlərinin öz ölkələrinin dillərinin ADU-da tədris olunması ilə bağlı istəklərindən söz açıb.

Tələbələrin böyük həvəslə Hindi dili və mədəniyyətini öyrəndiklərini deyən Kamal Abdulla universitetdə bugünə kimi ümumilikdə 70-yə yaxın hindşünas tələbənin təhsil aldığını bildirib. O, qədim dillərdən olan Sanskrit dilini tədris edən müəllimin də universitetdə fəaliyyətinin faydalı olacağını deyib. Sanskrit dilinin öyrənilməsinin, həmçinin Azərbaycanda klassik filologiyanı öyrənən bütün mütəxəssislər üçün son dərəcə önəmli olduğunu söyləyən rektor bu dili tədris edən müəllimin universitetlə yanaşı, digər strukturlar üçün də əlverişli olacağını bildirib. Sanskrit dilinin yalnız dil deyil, həmçinin mədəniyyətlərin ifadəsi olduğunu qeyd edən universitet rəhbəri bu dil haqqında təəssüratların möhkəmlənməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
Rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verərək, universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib.

Səfir Şri B.Vanlalvavna səmimi qəbula görə minnətdarlığını bildirib. O, qabaqcıl universitetlərdən biri olan ADU-da olmaqdan məmnun olduğunu deyib. Səfir universitetdə Hindi dili və mədəniyyəti mərkəzinin fəaliyyətinin Hindistanın təbliği istiqamətində mühüm addım olduğunu deyib və yaradılan şəraitə görə rektora təşəkkürünü bildirib. O, ADU-nun Hind dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyi yeganə məkan olduğunu diqqətə çatdırıb.

Səfir Hindistanın Cəvahirləl Nehru Universitetində Azərbaycan dilinin tədrisinin təşkil olunacağını qeyd edib. Qonaq Azərbaycan və Hindistanın qabaqcıl universitetləri arasındakı əməkdaşlığın yüksək nəticələr verəcəyinə əminliyini ifadə edib. Səfir, eyni zamanda Hindşünaslıq ixtisasında təhsil alan tələbələr və növbəti illərdəki tələbə qəbulu məsələləri ilə maraqlanıb. Şri B.Vanlalvavna ADU-da Hind dilinin tədrisi ilə məşğul olan hindli müəllimin universitetdəki fəaliyyətinin davam etdirilməsi ilə bağlı danışıqlar aparıldığını deyib. O, həmçinin Hindistanı təbliğ edən böyük tədbirlərin birgə təşkilində lazımi resursların təmin olunması ilə təkliflərini irəli sürüb. Görüşdə təhsil sahəsində ölkələrarası əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.

Cebhe.info


Oxunma sayı: 881