hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Karantin rejimi: Toya davam, yoxsa tamam?

Karantin rejimi: Toya davam, yoxsa tamam?

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulmasına səbəb olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xırdalan şəhərində yerləşən şadlıq evlərindən birində profilaktiki tədbir keçirilən zaman polislər obyektin icarədarı Ceyran Məmmədova və restoranın inzibatçısı Nazir Cəlilovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Polislər tərəfindən obyektin icarədarı, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktiki söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə toyda iştirak edən 38 nəfər, eləcə də obyektin inzibatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar 200 manat məbləğində cərimələniblər.

Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbəri isə 5 000 manat miqdarında cərimə olunub.

Maraqlıdır, toylar bu halda, yarımçıq saxlanılır, yoxsa davam edir?

DİN-nin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Cebhe.info-ya açıqlamasında bildirib ki, toylar həmin an dərhal dayandırılır:

“Qayda pozuntusu, toy məclisi müəyyən ediləndə dərhal müdaxilə edilir və məclis dayandırılır. Elə tədbirlər var ki, məclis başlamazdan əvvəl aşkarlanır və qarşısı alınır. Bütün hallarda sanitar-epidemioloji qaydalara uyğun bütün respublika ərazisində toy şənlikləri, kütləvi tədbirlərin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyət tətbiq olunur. Hər bir şəxs bu məhdudiyyətlərə əməl etməlidir”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1112