hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Keçmiş qadın məhbusun iddialarına 2 fərqli cavab: Nazirlik inkar, hüquq müdafiəçisi təsdiq etdi: “Problem olmasaydı, yenisi tikilməzdi”

Keçmiş qadın məhbusun iddialarına 2 fərqli cavab: Nazirlik inkar, hüquq müdafiəçisi təsdiq etdi: “Problem olmasaydı, yenisi tikilməzdi”

Vaxtilə dustaq həyatı yaşamış, hazırda azadlıqda olan Şəmsiyyə Bəylərqızı həbsxanadakı şərailə bağlı sensasiyalı açıqlamalarla çıxış edib.

Bakı İstintaq Təcridxanasının 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən xanım bildirib ki, orada həddindən artıq dözülməz şərait var:

"Qadınları döyürlər, karsa salırlar, sonra da üzərlərinə su tökürlər ki, ayılsın. Əynində bir nazik xalatla, o vəziyyətdə cərimə təcridxanasında necə qalmaq olarə Çörəyi və yeməyi bərbad, su verilmir, çay verilmir. Hansı vəziyyətdə qalmaq olarə 1.82 boyla mən boyda adam, saçım da belimdən idi, necə 20 litr su ilə yuyuna bilərəmə Bir qab artıq su vermirlər. 10 litrlik 2 vanna… 500 nəfər qadının saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində su yoxdur, duş yoxdur. O baraklarda da kondisioner yoxdur. Yayda insanlar istidən ölür. Amma qışda kombi sistemidir. Qışda normaldır. 500 qadının yemək yediyi yeməkxanada siz təsəvvürünüzə gətirin ki, iki kondisioner qoyublar, bəlkə heç bir dəfə də olsun yandırmayıblar. 10 qadına 8 "aziatskiy sanuzel” var, iki ədəd də unitaz. Səhər saat 5-dən camaat növbə tutur”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Cebhe.info-ya açıqlamasında keçmiş məhbusun dediklərinin həqiqətəuyğun olmadığını deyib:

“Heç bir dözülməz şərait yoxdur. Müxtəlif beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri mütəmadi olaraq bütün istintaq təcridxanalarına baş çəkir, o cümlədə qadın cəzaçəkmə müəssisəsində də olur. Hər hansı dözülməz şəraitdən söhbət belə gedə bilməz. Eyni zamanda müxtəlif hüquq-normativ aktların, daxili nizam qaydalarının tələbləri var. Bu tələblərin gözlənilməsi həm məhbusun, həm də işçi personalının borcudur. Ona görə də hər hansı bir işgəncədən, döyülmədən və dözülməz şəraitdən söhbət gedə bilməz”. Qurum rəsmisi əlavə edib ki, regionlarda Avropa standartlarına uyğun həbsxanalar və cəzaçəkmə müəssisələri inşa olunur: “O cümlədən qadın məhkumlar üçün yeni cəzaçəkmə müəssisəsi inşa olunub. Orada tamamlanma işləri aparılır. Müəyyən bir müddətdən sonra indiki müəssisə bağlanıb, yeni müəssisəyə köçürüləcək. Qadın məhkumun fiziki, mənəvi sağlam və normal saxlanılması üçün kifayət qədər şərait var. Bu şərait həm Pentensiar Xidmət, həm nazirliyin digər qurumları, həm dövlətin digər strukturları, eləcə də beynəlxalq qurumlar tərəfindən nəzarətdə saxlanılır. Qadının dediyi tamamilə həqiqətəuyğun olmayan bir məsələdir”.

Ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru, hüquq müdafiəçisi Səadət Bənənyarlı isə keçmiş məhkumun qadın təcridxanasındakı dözülməz şəraitlə bağlı dediklərini qismən təsdiqləyib. O deyib ki, müəssisədə şərait normal olsaydı, yenisi inşa edilməzdi:

“Qadınlar üçün yeni cəzaçəkmə müəssisəsi inşa olunur. İndiki qadın təcridxanası köhnədən qalma bir müəssisədir. Çətinliklər həqiqətən də var. Vaxtaşırı orada olmuşuq və məhkumlarla da görüşmüşük. Döyülmə və işgəncə faktları ilə bağlı bizə heç bir müraciət olunmayıb. Şahidi də olmamışıq. Əgər Şəmsiyyə xanım belə bir rəftara məruz qalmışdısa, onun yaxınları bizə müraciət edə bilərdilər və vaxtında araşdırardıq. Dəfələrlə və bu gün də qadın məhkumlarla görüşürük, döyülmə, yaxud işgəncə faktı ilə bağlı bizə heç nə deyilmir. Amma doğrudan da həbsxanada çətin şərait, əsasən də su problemi var idi. Olmasaydı, yeni cəzaçəkmə müəssisəsi tikilməzdi”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1618