hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Kəlbəcər işğaldan azad ediləcək:“Ermənistan ordusu tamamilə məhv edilib”-Arif Hacılı

Kəlbəcər işğaldan azad ediləcək:“Ermənistan ordusu tamamilə məhv edilib”-Arif Hacılı

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı imzaladığı 10 noyabr bəyanatında Kəlbəcərin 15 noyabr tarixində işğaldan azad olunacağı göstərilib.

Sonradan Ermənistan tərəfinin xahişi, Rusiyanın təklifi ilə bu müddət 10 gün uzadıldı. Yəni Kəlbəcər 25 noyabr tarixində işğaldan azad olunmalıdır. Qeyd edək ki, erməni silahlı birləşmələrinin Kəlbəcəri tərk etməsi məsələsi Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1993-cü ildə qəbul olunmuş 822 saylı qətnamədə də öz əksini tapıb. Yəni ermənilərin Kəlbəcərdən çıxması həm də 822 saylı qətnamənin icrası deməkdir.

Maraqlıdır, Ermənistan göstərilən tarixdə Kəlbəcəri Azərbaycana təhvil verəcəkmi? Yoxsa onlar yenə əlavə vaxt istəyəcəklər?

Mövzu ilə əlaqədar Müsavat Partiyasının başqanı Arif Hacılının fikirlərini öyrəndik. Qeyd edək ki, Arif Hacılı BMT Təhlükəsizlik Şurası tərəfindən Kəlbəcərin işğal olunması ilə əlaqədar 822 saylı qətnamənin qəbulu zamanı Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXC hakimiyyətində təmsil olunub.

Cebhe.info-ya açıqlamasında Müsavat başqanı bildirib ki, Ermənistan əvvəllər, xüsusilə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində döyüş əməliyyatları aparırdı: “Laçına hücumu da Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində bir dəhliz açmaq istəyi ilə bəyan edirdi. Ona görə həmin dövr üçün Kəlbəcərin işğal edilməsi çox ciddi bir hadisə idi. Həmin dövrdə bu, bütün dünyada çox böyük əks-səda doğurdu. Biz bu məsələni beynəlxalq miqyasda kifayət qədər ciddi şəkildə qaldırmağa nail olduq. Həmin dövrdə Prezident Elçibəyin göstərişi ilə bütün dünyada həm Azərbaycanın o dövrdə daha az və zəif olan diaspor nümayəndələri, eyni zamanda Türkiyənin diaspor və diplomatik korpus nümayəndələri bu işə cəlb olundu. Eyni zamanda o dövrdə Azərbaycanın Xarici işlər naziri olan Tofiq Qasımov ABŞ-a göndərildi və o uzun müddət də orada qaldı. ABŞ-ın dövlət katibi, vitse-prezidenti, Milli Təhlükəsizlik Şurası sədri ilə görüşlər keçirdi. Bu görüşlər, müzakirələr onunla nəticələndi ki, Birləşmiş Millətlər Təşkilatı 822 saylı qətnamə qəbul etdi.

Bu qətnamənin icrası ilə bağlı konkret işlər görülmüşdü. 1993-cü ilin iyun ayının 25-nə qədər Kəlbəcəri boşaltmaq üçün öhdəlik götürmüşdülər. Bunun üçün qrafik müəyyənləşmişdi və bu qrafik həm Azərbaycan, həm Ermənistan rəhbərliyi, həm də beynəlxalq birlik tərəfindən təsdiqlənmişdi. Təəssüf ki, baş verən 4 iyun qiyamı həmin dövrdə Kəlbəcərin işğaldan azad olunmasına imkan vermədi və bu proses indiki dövrə qədər uzandı”.

Arif Hacılı hesab edir ki, Kəlbəcər işğaldan azad ediləcək: “Qəbul olunan 10 noyabr razılaşmasına əsasən əslində Kəlbəcər 15 noyabra qədər işğaldan azad edilməli idi. Ancaq Ermənistan tərəfinin xaişi və burada daha çox öz fikrini diktə etmək imkanına malik olan Rusiyanın təklifi ilə Azərbaycan bu müddəti daha 10 gün uzatdı. Düşünürəm ki, sabah Kəlbəcər işğaldan azad ediləcək və Azərbaycana qaytarılacaq. Çünki indiki siyasi şəraitdə Ermənistanın 10 noyabrda əldə olunmuş razılaşmalara əməl etməmək kimi bir lüksü yoxdur. Ona görə ki, Ermənistan ordusu tamamilə məhv edilib. Döyüş əməliyyatlarının bərpa olunması, razılaşmanın pozulması Ermənistan üçün çox böyük fəlakətlərlə nəticələnə bilər. Hesab edirəm ki, Ermənistan siyasi rəhbərliyi və ictimaiyyəti bunu anlayır. Ona görə də həm Kəlbəcərin, həm də Laçının Azərbaycana qaytarılması istiqamətində xüsusi problemlərin olmayacağını düşünürəm”.
Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 4269

Bizim Telegram səhifəmizi izləyin