hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Kəmaləddin Heydərov Şamaxıda müşavirə keçirib: PREZİDENT TAPŞIRIĞI

Kəmaləddin Heydərov Şamaxıda müşavirə keçirib: PREZİDENT TAPŞIRIĞI

Prezident İlham Əliyevin tapşırığı ilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin iştirakı ilə fevral ayının 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Şamaxı rayonunda operativ müşavirə keçirib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, müşavirənin keçirilməsində məqsəd zəlzələnin nəticələrinin aradan qaldırılması ilə həyata keçirilmiş tədbirlərin, o cümlədən ziyan çəkmiş vətəndaşların şikayətlərinə baxılması vəziyyətinin, qəzalı evlərin sökülməsi və onların yerində yeni mənzillərin inşası ilə bağlı bugünədək görülmüş işlərin, həmçinin qarşıya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirə edilməsi olub. Müşavirədə Fövqəladə Hallar Nazirliyinin, habelə aidiyyəti dövlət orqanlarının, o cümlədən “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azərsu” ASC-nin məsul şəxsləri də iştirak edib.

Müşavirədə çıxış edən nazir K.Heydərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində mühüm tapşırıqlar verib və görülən işlər bilavasitə ölkə başçısının nəzarəti altındadır.

Nazir təmir-tikinti işləri həyata keçirilərkən aidiyyəti qurumların üzərlərinə düşən vəzifələrinin vaxtında icrasının vacibliyini diqqətə çatdırb. Qeyd edib ki, kommunikasiya xətləri tikinti başlamamışdan əvvəl operativ olaraq ümumi şəbəkədən ayrılmalı, evlərin tikintisi başa çatdırıldan sonra dərhal qoşulmalıdır. Nazir yeni evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin sənədləşdirilməsi işinin sürətləndirilməsinin zəruri olduğunu da diqqətə çatdırıb.

Müşavirədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək zəlzələnin fəsadlarının aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, şikayətlərin yerində araşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Müşavirədə podratçı tikinti şirkətinin rəhbəri gördükləri işlər barədə məlumat verib. Bildirilib ki, sökülən evlərin yerində iki gün ərzində yeni evin inşasına başlanılır.

Tədbirə yekun vuran nazir K.Heydərov diqqətə çatdırıb ki, AMEA-nın Geologiya İnstitutu və rayon icra hakimiyyətləri evlərin inşası üçün yerlərin seçilməsində diqqətli olmalıdırlar. Tikinti aparılarkən evlərin qeyri-sürüşmə zonalarında tikilməsinə xüsusi diqqət yetirilməlidir. Tikinti işləri sürətlə, eyni zamanda keyfiyyətli aparılmalıdır.

Nazir, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıq edib. O, xatırladıb ki, Mehriban xanım zəlzələ baş verən ilk gündən könüllüləri zəlzələ bölgəsinə göndərib, köməkçisi Anar Ələkbərov bir neçə dəfə bu bölgədə olub. Eləcə də Ağsu, Şamaxı və İsmayıllıda bir neçə evin inşasını Heydər Əliyev Fondu öz üzərinə götürüb. Nazir əlavə edib ki, görülən işlər cənab Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Ona görə də hər bir qurum öz məsuliyyətini artırmalıdır. Yeni evlərin inşası və bərpası vaxtında başa çatdırılmalıdır ki, zərər çəkən ailələr rahat, gözəl evlərdə yaşasınlar.

Nazir söküntü və tikinti işlərinin plana uyğun olaraq vaxtında icra edilməsi və sentyabr ayına kimi yekunlaşdırılması üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Cebhe.info xəbər verir ki, müşavirədə zəlzələnin törətdiyi fəsadlarının aradan qaldırılması müzakirə olunub. İclasa Ağsu, Şamaxı və İsmayıllı rayonlarının icra başçıları iştirak ediblər.

Cebhe.info


Oxunma sayı: 4366