hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Kənd təsərrüfatı məhsulları niyə bahalaşır?

Kənd təsərrüfatı məhsulları niyə bahalaşır?

Dövlət Statistika Komitəsinin məlumatına görə, avqust ayında iyul ayına nisbətən ən çox ət və süd məhsulları, pendir və yumurta bahalaşıb. 

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ay ərzində ət məhsulları 1,2 faiz, süd məhsulları, pendir və yumurta 0,9% bahalaşıb. Bu məhsullar 2018-ci ilin avqust ayına nisbətən də bahalaşıblar. Son 12 ayda süd məhsulları, pendir və yumurtada bahalaşma 3,1 faizə çatır. 

Avqust ayında da meyvə və tərəvəz iyul ayı ilə müqayisədə ucuzlaşsa da, ötən illə müqayisədə bu sahədə də bahalaşma var. 2019-cu ilin yanvar-avqust aylarında (8 ayda) 2018-ci ilin yanvar-avqust aylarına nisbətən tərəvəzlər 11,6%, tütün məmulatları 20,6% və araq 10,6 bahalaşıb. Məlumdur ki, ölkəmizdə bir sıra kənd təsərrüfatı məhsullarına tələbatın böyük bir qismi daha çox yerli istehsal sayəsində ödənilir. Bura meyvə və tərəvəzi, ağartı məhsullarını aid etmək olar. Doğrudur, son illərdə ət və ət məhsullarının idxalı kəskin şəkildə artıb, amma bu sahədə tələbatın bir qismini də yerli istehsal ödəyir. 

Belə olan halda, yerli istehsal məhsullarında qiymət artımını şərtləndirən səbəblər hansılardır?

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bahalaşmanın baş verməsi gözlənilən idi:

“Digər məhsulların qiymətlərinin artmaması isə mövsümü bolluqla bağlıdır. Əslində, nəzərə alsaq ki, bəzi meyvə-tərəvəzlər bu mövsümdə ucuzlaşmalı idi, amma qiymətlər olduğu kimi qalıb, həmin məhsullarının əvvəlki illərlə müqayisədə baha olduğunu demək olar. Ət və süd məhsullarının qiymətlərindəki bahalaşmaya gəldikdə isə, bu heyvandarlığın inkişafına mane olan amillərlə bağlıdır. Bu mövzunu dəfələrlə gündəmə gətirmişik ki, otlaq yerlərinin kənd təsərrüfatının digər sahələri üçün ayrılması heyvandarlığın inkişafına zərbə vurub ki, bu da ət və ət məhsullarının, o cümlədən də süd məhsullarının qiymətinin baha olmasına gətirib çıxarır. Eləcə də ət idxal etdiyimiz Gürcüstan və Türkiyədə də ətin qiyməti bahalaşıb ki, bu da yerli bazara öz təsirini göstərir. Süd məhsullarına gəldikdə, demək olar ki, ölkəmizə süd məhsullarının idxalı yoxdur. Bu sahədə  tələbat demək olar ki, yerli istehsal sayəsində ödənilir. Amma qiymətlər çox bahadır - “Azərsüd”-ün təzə südünün 1 litri 3 manatdır. Bu astrronomik bir qiymətdir. Digər məhsulların adını ona görə çəkmirəm ki, onlar sadəcə, süd deyil - onların tərkibinin nədən ibarət olması məlum deyil”.

Bahalaşmanın heç bir iqtisadi əsası olmadığını deyən Elçin Bayramlı daşınma xərcləri, maya dəyəri ilə bağlı hər hansı dəyişikliyin edilmədiyini, eyni zamanda idxal rüsumlarının artmadığını bildirir: 

“Sadəcə olaraq, əmək haqqı və təqaüdlər artıb ki, bundan istifadə edərək qiymətləri süni şəkildə artırırlar. Və kartel sövdələşməsində olan şirkətlər var. Məlumdur ki, ət bazarı monopoliyadadır. Ucqar kənddə dana ətinin qiyməti 11 manatdır, ordan Bakıya gətirilən ət də eyni qiymətədir.  Heç kimin cəsarəti çatmır ki, öz heyvanının ətini 1 manat aşağı qiymətə satsın. Bu o deməkdir ki, vahid qiymət müəyyənləşdirilib. Süd məhsullarının qiyməti ilə bağlı eyni vəziyyət yaranıb. Şirkətlər öz aralarında qiymət müəyyənləşdirib. Fermerlər sərbəst olaraq marketlərə məhsul verə bilmirlər. Böyük marketlər yalnız süd zavodlarından məhsul alırlar. Onlar da öz aralarında minimum qiymət müəyyənləşdiriblər. Halbuki, hətta təbii olsa belə, 1 manat 70 qəpiyə satılan südün maya dəyəri 70 qəpik etmir. Amma kəndli inəkdən sağdığı südü 1 manata da sata bilmir. Bazarda alternativ məhsul olmadığından qiymət artımının qarşısını almaq mümkün olmur. Bu bazar iqtisadiyyatının bütün qanunlarına, o cümlədən antiinhisar qanunlarına ziddir”. 

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 969