hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Kəndlinin bazara yolunu kim bağlayır?

Kəndlinin bazara yolunu kim bağlayır?

“Bu qurumların işinə nəzarət olmasa...”

"Yayın ortasında iki manata kartof olmaz". Kənd təsərrüfatı yarmarkasına, "Yaşıl bazar"-a və paytaxtdakı supermarketlərdən birinə baxış keçirən Baş nazirin müavini Əli Əhmədov meyvə-tərəvəzin qiymətinə münasibətini bildirərkən belə deyib. Xatırladaq ki, Ə.Əhmədov kənd təsərrüfatı naziri İnam Kərimovla birlikdə satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə maraqlanıb, satıcıları və alıcıları dinləyib.

Əli Əhmədov jurnalistlərə bildirib ki, hazırda ölkə vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir: “Azərbaycan vətəndaşı ərzaq qıtlığından əziyyət çəkməməlidir. İstəyirik ki, “tarladan-süfrəyə” zəncirində iştirak edən hər iki tərəf - fermer də, istehlakçı da məmnun qalsın. Fermerlər istehsal etdikləri məhsulları müvafiq bir qiymətə sata bilsinlər ki, ailə büdcələrini formalaşdırsınlar, digər tərəfdən isə istehlakçı üçün də məhsulun qiyməti əlverişli olmalıdır”.

Nazirlər Kabinetindən verilən açıqlamada isə bildirilib ki, hökumət üzvlərinin bazarda apardığı təftişin məqsədi qiymətlərin süni artırılması faktlarını aşkara çıxarmaq olub: “Hökumət qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məsələsini həmişə diqqətdə saxlayır və bu istiqamətdə zəruri işlər görür”.

O da bildirilib ki, reydlər zamanı bazarlardakı və yarmarkalardakı qiymətlər arasında böyük fərqlər aşkar olunub: “Hökumət bu məsələnin üzərində ciddi düşünməlidir. Biz ərzaq mallarının qiymətlərinin hədsiz artımına yol verməməliyik. Əgər kimsə qiyməti süni yolla qaldırısa, hökumət iqtisadi tədbirlərlə buna cavab verə bilər. Belə tədbirlərdən biri ticarət nöqtələrinin və vasitəçilərin sayının artırılması olardı. Bu, qiymətləri nizamlamağa imkan verər”.

Xatırladaq ki, dünya iqtisadi sistemləri üç qrupa bölünür. Bunlar ənənəvi, inzibati amirlik və bazar iqtisadiyyatı sistemləridir ki, bunlardan dünya ölkələrində sonuncu ikisi daha çox yayılıb. Əgər inzibati amirlik sistemində iqtisadi münasibətlər, o cümlədən də bazar münasibətləri dövlət tərəfindən təşkil olunur və tənzimlənirsə, bazar iqtisadiyyatı sistemlərində bu münasibətləri bazarın özü tənzimləyir. Amma bir şərtlə ki, azad rəqabətli bazar mühiti yaradılmış olsun. Burada məhsulların qiyməti tələb və təklifə uyğun olaraq tənzimlənir və dövlətin qiymətlərə hər hansı müdaxiləsi baş vermir. Bazarda inhisarçının olması isə bütün sistemi pozur və süni qiymət artımına gətirib çıxarır.

Azərbaycan bazarlarında inhisarçılığın mövcud olması isə heç kimə sirr deyil. İstənilən sahədə qiymətlər tələb-təklif qanunları ilə deyil, inhisarçıların diktəsi ilə müəyyən olunur. Bu baxımdan da, inhisarçılar istədikləri zaman qiymətləri artıra və azalda bilirlər. Əksər hallarda isə süni qiymət artımının heç bir qanunauyğunluğu olmur. Yəni məhsulun maya dəyəri artmadığı halda qiymətlər bahalaşır. Bu baxımdan da, indiki vəziyyətdə bəzən hökumətin müdaxiləsinə ehtiyac yaranır. Başqa sözlə desək, azad və rəqabətli bazar mühiti olmadığından, bazar iqtisadiyyatının tələblərinə uyğun olmasa da, inzibati nəzarət qaçılmaz olur.

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hazırda plan sisteminin tətbiqi arzuolunmaz olsa da, hökumətin nəzarəti vacibdir:

“Doğrudur, bazar iqtisadiyyatı şəraitində dövlətin inzibati müdaxilə etmək imkanları yoxdur. Amma müəyyən stimullaşdırıcı, həvəsləndirici və dəstəkləyici tədbirlər görülə bilər. Ölkədə kifayət qədər kənd təsərrüfatı məhsulu istehsal olunur. Sadəcə, onların toplanması, paylanması, istehlakçılara çatdırılması ilə bağlı problemlər var. Biz illərdir ki, bildiririk ki, kənd təsərrüfatı yarmarkalarında alverçilər məskən salıb. Rayonlarda, o cümlədən də Tovuzda meyvə-tərəvəz “su qiymətinə”dir. Məsələn, Bakıda 50-60 qəpik olan pomudor 30 qəpik, zoğal 20 qəpik, kartof 40 qəpikdir. “Alverçi mafiyası” bunları yerlərdən alıb, 4-5 qat bahasına satırlar. Təxminən 1000-2000 nəfər alverçi ölkədə milyonlarla insana ziyan vurur - həm fermerlər ziyana düşür, həm alıcılar. Bunun nəticəsidir ki, Bakıda kənd təsərrüfatı məhsullarının qiymətləri Avropa qiymətləri ilə eynidir. Dövlət Bakı, Gəncə, Sumqayıt və digər iri şəhərlərdə daimi yarmarkalar təşkil etməli və ödənişsiz və ya simvolik qiymətlərlə, məsələn 1-2 manat (o da təmizlik işlərinin görülməsi üçün) fermerlərə yer ayırmalıdır”.

Elçin Bayramlı deyir ki, digər xarici ölkələrdə dövlətin kənd təsərrüfatı məhsullarını tənzimləməsi ilə bağlı təcrübələr var:

“Dövlət əvvəlcədən fermerlərlə müqavilə bağlayır, məhsul yetişən zaman onu normal qiymətə alır və bazarlarda satışını təşkil edir. Ya da kəndlilərin öz məhsullarını gətirib satmasına şərait yaradılmalıdır. Bazara girə bilməyən fermerlərə bəzən yollarda da əngəl yaradılır. Ümumiyyətlə, yol polisinin müdaxiləsinin qarşısı alınmalıdır”. İqtisadçıya görə, tənzimlənmə işləri ilk növbədə Kənd Təssərrüfatı Nazirliyi məşğul olmalıdır: “Amma bu Nazirlik hesablamalarla məşğuldur. Onsuz da Statistika Komitəsi var və bu Komitə lazimi hesablamaları aparır. Nazirliyin təşkil etdiyi yarmarkalarda isə qiymət bazardan daha bahadır. Ümumiyyətlə, hesab edirəm ki, ölkədə aqrar məhsulların baha olmasının birinci səbəbkarı Kənd Təssərrüfatı Nazirliyi, ikinci səbəkar isə Dövlət Gömrük Komitəsidir. Bu iki qurum ölkədə bahalaşma, narazılıq yaradır, ölkədən valyutanın çıxmasına səbəb olur. Bu qurumların işinə nəzarət olmasa, vəziyyət pisləşməkdə davam edəcək”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2432