hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Keşikçidağ böhranı: Gürcüstanı çöküşə kim çəkir?

Keşikçidağ böhranı: Gürcüstanı çöküşə kim çəkir?

Aylar əvvəl Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” monastr kompleksi ətrafında yaranan qalmaqaldan sonra məsələ bir qədər səngimişdi. 

Lakin bu günlərdə sərhəddə yeni təxribata əl atılıb. Qeyd edək ki, ilk qalmaqal Gürcüstanın Leyboristlər Partiyasının sədri Şalva Natelaşvilinin “Keşikçidağ” monastr kompleksinə gələrək təxribatçı çıxışlar etməsindən sonra başlayıb. O, üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıları təhqir etmişdi. Bu günlərdə isə gürcülərdən ibarət radikal qrup yenidən “Keşikçidağ”da təxribata əl atıb. Aksiya əsnasında gürcülər Azərbaycan sərhəd qoşunlarına hücum çəkərək onların silah və güllə daraqlarını əllərindən alıb.

Hadisədən sonra Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanla sərhəddə yerləşən “Keçikçidağ” Məbəd-Kompleksi ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib. DİN vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb: 

“Biz cəmiyyəti və vətəndaş qruplarını razılığın mümkün qədər tez əldə olunması üçün delimitasiya üzrə komisiyanın işinin sakit mühitdə keçirilməsinə imkan verməyə çağırırıq”.

Maraqlıdır, gürcülər nə istəyir? “Keşikçidağ” avantürası kimin ideyasıdır və məqsəd nədir? 

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu məsələdə qonşu regional dövlətlərin maraqları var. Bu dövlətlərin başında isə Ermənistan və Rusiya dayanır: 

“Çünki indiki vəziyyət Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması Ermənistana sərf etmir. Rusiyanın Ermənistanla quru yolla əlaqəsi yalnız Gürcüstan vasitəsilə mümkündür. Xüsusilə qış aylarında bu demək olar ki, mümkünsüz hala gəlir. Ayrıca, dəmir yolu vasitəsilə Rusiya-Ermənistan əlaqələrinin bərpasına Gürcüstan dövlət razı olmur. Bu baxımdan təbii ki, Ermənistan Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq üçün müəyyən təxribatlara əl atmaqda maraqlıdır. Bu məsələdə Rusiya da maraqlı ola bilər. Çünki Moskva Gürcüstana təzyiq edir. Bu fonda Tiflisin Azərbaycanla yüksək münasibətdə olması Rusiyanın maraqlarına cavab vermir. Bütün çətin məqamlarda, hətta iqtisadi sanksiyalar tətbiq etdiyi zamanda Azərbaycan daim Gürcüstanın yanında olub. Enerji daşıyıcıları, həm enerji təminatı, həm də qida məhsullarının göndərilməsinə qədər Azərbaycan daim Gürcüstana dəstək verib. Ötən il Rusiya tərəfindən təxribat olaraq Gürcüstan meşələrində böyük həcmdə yanğınlar törədildi. Bu yanğınları Gürcüstanın imkanları ilə söndürmək mümkün deyil. Yalnız Azərbaycanın ciddi mənada müdaxiləsindən sonra yanğını söndürmək mümkün oldu. Yəni Azərbaycan bütün çətin vəziyyətlərdə Gürcüstana xoş niyyətini ortalığa qoyaraq, yardım edib. Bu gün də bu proses davam edir. Ona görə də Azərbaycan-Gürcüstan münasibətlərinin pozulması Rusiyanın işinə yarayır. Rusiya təzyiq edir ki, Gürcüstanı yola gətirsin, öz orbitinə qaytarsın”. 

Politoloqun sözlərinə görə, bu məsələdə qızışdırıcı rol oynayan amillərdən biri də Prezident Salome Zurabişvilinin addımlarıdır: 

“Məhz onun etdiyi çıxışlar, verdiyi açıqlama və şərhlərdən istifadə edən bəzi təxribatçı qüvvələri “Keşişçidağ” məsələsini aktivləşdirməyə başladılar. Düşünürəm ki, bu məsələdə əsas üç amil rol oynadı. Bunlardan ikisi qonşu dövlətlər - Ermənistan və Rusiya, üçüncü amil isə Gürcüstan prezidentinin təhrikedici çıxışlarıdır. Sonradan səhv etdiyi başa düşsə də, hər halda Gürcüstan Prezidenti tərəfindən bu istiqamətdə etiraflar olunmadı. Baxmayaraq ki, dəfələrlə bu yöndə keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvili xəbərdarlıq etdi. Bu gün də Azərbaycan və Gürcüstan ictimaiyyətinə Saakaşvilinin timsalında müraciət var. 

Saakaşvili dəfələrlə bu məsələnin arxasında Rusiya və mövcud Gürcüstan hakimiyyətinin durduğunu bildirib. Gürcüstanda hakimiyyətindən istənilən təxribat hadisələrini hər an gözləmək olar. Çünki bu hakimiyyətdə dövlətçilik səviyyəsi çox aşağıdır. Bunu Gürcüstanda baş verən son etiraz aksiyalarında xalqa qarşı edilən hərəkətlərdə də müşahidə etdik. 

Ona görə də düşünürəm ki, Gürcüstanın qarşısından qaçmaq yox, bu məsələdə təsirli addımlar atmaq lazımdır. Xüsusilə də Azərbaycanın kritik məqamlarda etdiyi yardımlar Gürcüstan hakimiyyətinin diqqətinə çatdırılmalıdır. Müəyyən addımlar atılmalıdır ki, Gürcüstan özünün nəyə qadir olduğunu başa düşsün. Çünki çətin bir vəziyyətdə Gürcüstanın yanında olan nə NATO, nə Avropa Birliyi, nə də ABŞ deyildi. Gürcüstanın yanında olan, iqtisadi baxımdan maksimum dəstək verən ölkə də məhz Azərbaycan idi”. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5721