hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Kimlər yoxsul sayılmalıdır? - “Ayda 1000 manat gəliri olan 4 nəfərlik ailə...”- Ekspert şərtləri açıqlayır

Kimlər yoxsul sayılmalıdır? - “Ayda 1000 manat gəliri olan 4 nəfərlik ailə...”- Ekspert şərtləri açıqlayır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə maraqlı açıqlama ilə gündəmə gəlib. 

Ötən gün Bakıda keçirilən "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransda çıxış edən Ziyad Səmədzadə deyib ki, Azərbaycanda yoxsulluğun, işsizliyin səviyyəsi 4-5%-ə düşüb:

“Biz artıq oturuşmuş bir dövlət yaratmışıq, Azərbaycanda yoxsulluq, ifrat yoxsulluq ləğv edilib. Bütün bunlar artıq ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizə aparılmasını aktual edir”. 

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında Azərbaycanda yoxsulluğun hesablama qaydasında problem olduğunu deyib:

“Kağız üzərində istənilən halda yoxsulluğun azaldılması ilə bağlı müəyyən addımlar atılsa da, reallıqda bunu əksini görürük. Çünki bizdə indikatorlar çox aşağıdır. Yoxsulluq həddinin çox aşağı olması, aşağı indikatorlarla hesablanması formal olaraq yoxsulluğun sayının azalmasına səbəb olur. Amma necə ola bilər? Məsələn, Almaniyada yoxsulluğun həddi 11, Amerikada isə 18 faizdir. Bunlar oturuşmuş ölkələr deyilmi? Azərbaycanda yoxsulluq həddi başqa indikatorlarla hesablanır”. 

Ekspert Azərbaycanda yoxsulluq həddinin çox aşağı olduğunu bildirib: 

“Yəni yoxsulluq həddindən də aşağı maaş alanlar, gəliri olanlar cəmi 5 faizdir. Amma normal yoxsulluq indikatorları hesablaması aparılsa, Azərbaycan əhalisinin təqribən 20-25 faizə yaxınının yoxsulluq həddindən aşağı yaşamış olacağı üzə çıxacaq. Rusiya və Türkiyədəki kimi Azərbaycanda da yoxsulluq həddi hesablansa, real yoxsulların sayı əhalinin ən azı beşdə birinə bərabər olacaq. Yəni 20 faizə yaxın bir rəqəm alınacaq. Məsələn, Türkiyədə 4 nəfərlik ailənin 5 lirədən az gəliri olursa, artıq yoxsul sayılır. Azərbaycanda belə indikatorlar, hesablamalar yoxdur. Ona görə də yoxsulluq həddini biz normal səviyyəyə, ən azı minimum əməkhaqqı səviyyəsinə çatdıra bilsək, yəni 250 manat hesablansa, 4 nəfərlik bir ailənin gəliri 1000 manatdan aşağı olanda yoxsul sayılmalıdır. Məgər, Azərbaycanda gəliri 1000 manat olan 4 nəfərlik ailələr çoxdurmu? Kifayət qədər bu əməkhaqqıdan az alan ailələr var”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 2564