hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kiyev Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyir - RƏY

Kiyev Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyir - RƏY

“Ukrayna Prezidenti Vladimir Zelinskinin Ukrayna Milli Təhlükəsizlik və müdafiə şurasının 14 sentyabr 2020-ci il tarixli “Ukraynanın milli təhlükəsizliyinin strategiyası” haqqında qərarı Azərbaycanda geniş rezonans doğurub. Çünki Ukraynanın milli təhlükəsizlik üzrə yeni strategiyasında Azərbaycan strateji tərəfdaş dövlət siyahısına salınıb”.

Cebhe.info xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinolu deyib.

Onun sözlərinə görə, əmrin müvafiq bəndində qeyd olunub ki, Ukrayna öz milli maraqlarını qorumaq və regional təhlükəsizliyi gücləndirmək üçün bir sıra ölkələrlə münasibətləri inkişaf edəcək:

“Əmrdə Azərbaycan, Gürcüstan, Litva, Polşa, Türkiyə ilə strateji tərəfdaşlıq, digər Baltik və Şimali Avropa ölkələri ilə tərəfdaşlıq, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə yaxın qonşuluq münasibətləri nəzərdə tutulub. Belarusla və Moldova ilə praqmatik əlaqələr, Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsində NATO üzvü olan ölkələrlə praktik əməkdaşlıq nəzərdə tutulub. Başqa sözlə, Ukrayna üçün Azərbaycan ilk sıralardadır. Ukrayna Prezidentinin qərarı Azərbaycanın siyasi və ekspert dairələrində yüksək qiymətləndirilib.

Bundan bir neçə gün sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyi bu sözlərlə vurğulanıb: “Biz Ukraynanın yeni təhlükəsizlik konsepsiyasında Azərbaycanın bu ölkənin strateji tərəfdaşlarından biri kimi müəyyən edilməsini yüksək qiymətləndiririk. Biz Ukrayna ilə strateji tərəfdaşlıq və dostluğumuzun daha da dərinləşdirilməsində qətiyyətliyik”.

Ekpert bildirib ki, Ukrayna-Azərbaysan strateji tərəfdaşlığı zamanın tələbidir: “Kiyev Azərbaycanla strateji əlaqələri yeni müstəviyə çıxarmaq istəyir. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Vladimir Zelenski Cənubi Qafqaz ölkələri içərisində yalnız Azərbaycana rəsmi səfər edib. Azərbaycanla Ermənistan arasındakı sərhəddə insidentdən sonra rəsmi Kiyev birmənalı şəkildə Azərbaycana dəstək verib, işğalı pisləyib və bəyanatlarda BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı 4 qətnaməsini xatırladıb. Müqayisə üçün Gürcüstanın oxşar bəyanatında BMT-nin 4 qatnaməsiyla bağlı heç bir cümlə yox idi”.

Politoloq hesab edir ki, Ukrayna ilə Azərbaycan arasında iqtisadi və hərbi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial var:

“Bu potensialdan istifadə etmək lazımdır. Bu mənada Prezident İlham Əliyevin Ukraynaya gələcəkdə rəsmi səfəri mühüm əhəmiyyət kəsb edəcək. Türkiyə müdafiə naziri Hulusi Akar bir müddət əvvəl Kiyevə səfər etmişdi. Türkiyə Ukrayna ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə qərar verib. Rəsmi Bakı da bu istiqamətdə addımlar atmalıdır. Bu ilin əvvəlində Azərbaycan-Ukrayna-Türkiyə üçtərəfli formatının yaradılması qərara alınmışdı. Üçtərəfli format əsasında görüşlərin və yeni layihələrin hazırlanmasına ehtiyac var”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 5204

Bizim Telegram səhifəmizi izləyin