hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Klanlararası savaş: Ermənistanı gözləyən aqibət

Klanlararası savaş: Ermənistanı gözləyən aqibət

Ermənistanın eks-prezidenti Robert Köçəryanın baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilmiş cinayət işi geri çağırılıb. 

Belə ki, may ayının 18-də Köçəryanın barəsində bəraət hökmü çıxartmış hakim David Qriqoryan 80 cilddən ibarət ittiham materiallarını Apelyasiya Məhkəməsinə geri çağırıb. Buna səbəb Ermənistan Baş Prokurorluğunun İrəvan Şəhər Aver və Nor-Nork rayon Məhkəməsinin R.Köçəryanın 500 min dram (10 min dollar) maliyyə girovu müqabilində azadlığa buraxılması haqqında qərarından şikayət verməsidir.  Artıq cinayət işi ilə bağlı materiallar Apelyasiyasi Məhkəməsindədir hakim Armen Danielyanın icraatına verilib.  

Robert Köçəryanın vəkilləri hesab edir ki, sabiq prezidentə qarşı irəli sürülən ittiham, yəni Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1-ci maddəsi birbaşa konstitusiya ilə bağlı olduğundan bu məsələyə ölkənin ən yüksək hüquqi instansiyası baxmalıdır. Qeyd edək ki, R.Köçəryan 2008-ci il martın 1-dən 2-ə keçən gecə İrəvanın “Respublika” meydanında dinc mitinqə atəş açılmasına əmr verməkdə və dövlətin konstitusion quruluşunu güc yolu ilə devirməkdə ittiham olunur. Bundan başqa, R.Köçəryana qarşı külli miqdarda korrupsiyaya yol verilməsi üzrə cinayət işi açılıb. 

Lakin Baş Prokurorluqdan bildirilib ki, sözügedən cinayət işi apelyasiya instansiyasında baxılmadan Konstitusiya Məhkəməsinə göndərilə bilməz. Bu səbəbdən də R.Köçəryanla bağlı qərar Konstitusiya Məhkəməsindən Apelyasiya Məhkəməsinə qaytarılıb. Əgər Apelyasiya Məhkəməsi David Qriqoryanın çıxartdığı bəraət hökmünü ləğv edərsə, o zaman cinayətkar prezident yenidən həbs olunacaq. 

Ekspertlər isə hesab edir ki, Apelyasiya Məhkəməsinin qərarı Ermənistandakı siyasi şəraitdən asılıdır. 

Politoloq Elşən Manafovun sözlərinə görə, mövcud vəziyyətin hüquqi baxımdan təhlili Köçəryanın yenidən həbs edilməsi ehtimalının yüksək olduğunu deməyə əsas verir. Lakin Köçəryanın həbs olunması hüquqi amillərdən daha çox siyasi və geosiyasi maraqlardan irəli gəlir: 

“Rusiyanın Ermənistandakı mövqelərinin bu və ya digər mənada zəifləməsi, eləcə də Qərbin bu ölkədə güclənmək istəyi Kremli və “Qarabağ klanı”nı adekvat addımlar atmaq məcburiyyətində qoyub. “Qarabağ klanı”nın məhkəmə sistemindəki təmsilçiləri Rusiyanın təzyiqi və tələbləri, həmçinin “klan”ın bu məsələyə birbaşa müdaxiləsi nəticəsində Köçəryanın azad olunması ilə bağlı qərar qəbul etdi. Hazırda baş nazir Nikol Paşinyan “Qarabağ klanı”na əzələ nümayiş etdirmək istəyir. Bununla da ölkənin hüquq-mühafizə sisteminə nəzarətin onun və komandasının nəzarətində olduğunu göstərmək istəyir. Halbuki bu gün Paşinyan, nəinki Qarabağa, heç Ermənistanın özünə belə, nəzarəti tam şəkildə həyata keçirə bilmir. Bunu təsdiq edən ən ciddi amillərdən biri Ermənistanda fərqli situasiya yaranan kimi, Paşinyanın xalqa müraciət edib, rəqiblərini inqilabla qorxutmasıdır. Ancaq xalq da Paşinyanın öz vədlərinə əməl etməməsindən və konkret addımlar atmamasından yorulub. 

Paşinyanın çağırışlarına baxmayaraq, elektorat onu axıra qədər müdafiə etmək fikrində də deyil. Çünki Paşinyanın iqtidarda olduğu son bir il ərzində Ermənistanda heç nə dəyişməyib. Paşinyan öz mövqelərini gücləndirir, ölkənin maliyyə resurslarını özünün təmsil etdiyi “İrəvan klanı”nın xeyrinə xərcləmək istəyir. Buna nail olmaq üçün də ona Qərbin dəstəyi lazımdır. Əsas məqsəd isə Cənubi Qafqazın daha bir ölkəsini Rusiyanın təsir dairəsindən çıxarıb Qərbin geosiyasi nəzarətinə verməkdən ibarətdir. Söhbət Ermənistanda klanlararası mübarizənin yeni bir mərhələyə keçməsindən gedir ki, bu da ölkənin məhkəmə sistemindəki qarşıdurmanın nəticələrindən biridir”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2157