t Kobudluq, hörmətsizlik, narahatlıq: Gömrük Komitəsi iradlardan nəticə çıxaracaq?
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Kobudluq, hörmətsizlik, narahatlıq: Gömrük Komitəsi iradlardan nəticə çıxaracaq?

Kobudluq, hörmətsizlik, narahatlıq: Gömrük Komitəsi iradlardan nəticə çıxaracaq?

2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev gömrük sistemində olan problemlərə də toxunub. 

O, keçid məntəqələrində narazılığın olduğunu vurğulayıb. Bununla bağlı  Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə öz tapşırıqlarını verib: 

“Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin. Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq vaxt keçib, on ildən çox vaxt keçib. Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır”.

Dövlət başçısı sözlərinə belə davam edib: 

"Sərhəd Xidməti ilə birlikdə bu sahədə də maarifləndirmə işləri aparılmalıdır, həm vətəndaşlar arasında, həm də sizin işçiləriniz arasında. Çünki hələ də bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir". 

Qeyd edək ki, Səfər Mehdiyev çıxışında bildirib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə 2 milyon daha çox vətəndaş giriş və çıxış həyata keçirilib. Onlardan 3 milyon 170 minini xarici turistlər təşkil edib. Qalanları isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələn Azərbaycan vətəndaşlarıdır. Bu axının qarşılanması, onlara xüsusi xidmət göstərilməsi, həm insanların, həm də yüngül nəqliyyat vasitələrinin yoxlanması üçün rentgen qurğuları alınıb.  

Məlumdur ki, gömrük sistemində, eləcə də sərhəd keçid məntəqələrində olan problemlər mütəmadi olaraq mətbuatın gündəminə gəlir. 

Problemlərin ölkə rəhbərliyi tərəfindən qabardılması vəziyyəti dəyişəcəkmi?  Gömrük Komitəsi iradlardan nəticə çıxaracaqmı? 

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, son 2 il ərzində gömrük sistemində müəyyən dəyişikliklər aparılıb:

“Bu dəyişikliklər irəliləyişlərə səbəb olub. Məsələn, toplanılan gömrük rüsumlarının məbləğində ciddi artımlar qeydə alınıb, gömrük sistemindən, keçid məntəqələrindən şikayətlər bir qədər azalıb. İnnovativ inkişafa istiqamətlənmiş müəyyən addımlar atılıb, “Yaşıl dəhliz” buraxılış sistemi yaradılıb və s.  Amma bu o demək deyil ki, ölkənin gömrük sistemində olan problemlər tamamilə aradan qaldırılıb. Şəffaflığın təmin olunması istiqamətində nə qədər mütərəqqi addımlar atılsa da, gömrük xidmətində buna tam nail olunmayıb. Gömrük statistikası ilə qonşu ölkələrin statistikasını müqayisə etdikdə, hələ də Azərbaycana aid rəqəmlərdə ciddi fərqlər müşahidə olunur. Gömrük sisteminin hüquqi bazasında ciddi yeniliklər olmalı, personal tam olaraq  peşəkarlaşmalıdır. Hesab edirəm ki, Azərbaycanın gömrük sistemində, eləcə də keçid məntəqələrində mütərəqqi təlimatlarla yiyələnmiş peşəkar personalın çatışmazlığı var”.

İqtisadçı qeyd edir ki, hakimiyyət bu sistemdə olan monopoliyanın aradan qalxması istiqamətində xeyli addımlar atsa da, hələ də bu aradan qalxmayıb: 

“Gömrük sistemində çalışan məmurların fəaliyyətinə təsir edən ciddi amillər var. Bu da ölkə daxilindəki idxalçı və ixracatçı monopolislərin daha yüksək ranqlı məmurlara bağlılığıdır. Azərbaycan gömrük sistemində yaşananlar təkcə bu sistemin deyil, ümumi iqtisadi sistemin poblemləridir. Ölkə iqisadiyyatında yaşanan ciddi problemləri həll etməyənə qədər gömrük sistemindəki problemləri tamamilə həll edə bilmərik. Çünki onlar bir biri ilə birbaşa bağlıdır”. 

Akif Nəsirli hesab edir ki, Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına qəbulla bağlı nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsini sürətləndirməlidir: 

“Bu öhdəliklərin içərisində gömrük sisteminə aid xeyli maddələr var. Burada əsas problemin şəffaflığın aşağı səviyyədə olmasıdır. Əvvəlki illərlə müqayisədə müsbət dəyişikliklər olsa da, dünya ölkələri ilə, hətta qonşu Gürcüstanla müqayisədə bu aşağı səviyyədədir. Monopoliya, rüşvətxorluq kimi problemlər isə ölkənin, o cümlədən də gömrük sisteminin problemləridir. Bu problemlər sistemli formada aradan qaldırılmalıdır ki,  kömrük sistemində də bunun kökü kəsilsin. Mən hesab etmirəm ki, gömrük sistemi ölkənin digər qurumlarından daha pis işləyir. Digər alt sistemlərə nisbətən gömrük sistemi daha şəffaf işləyir”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2344