hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Köçəryanın Rusiyaya "bəy tərifi": Sabiq prezident nəyi hədəfləyib?

Köçəryanın Rusiyaya "bəy tərifi": Sabiq prezident nəyi hədəfləyib?

Ermənistanın eks-prezidenti Robert Köçəryan Rusiyanın “Birinci kanalı”na (“Pervıy kanal”) müsahibə verib.

Köçəryan telejurnalist Vladimir Poznerin müəllif verilişində çıxış edib. Köçəryan müsahibəsində müəyyən diqqətçəkən məqamlara toxunub. Onlardan biri də 44 günlük müharibədə Rusiya faktorunun Ermənistanı necə xilas etməsi ilə bağlı səsləndirdiyi fikirlərdir.

Köçəryan müsahibədə deyib ki, Rusiya Prezidenti Vladimir Putin işə qarışmasaydı, Azərbaycan bütün Qarabağı götürəcəkdi.

Qeyd edək ki, bu fikirlər Köçəryandan qabaq da bir neçə rəsmi şəxslər, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən də səsləndirilmişdi.

Bu məsələnin yenidən gündəmə gətirilməsində ermənilərin məqsədi nədir? Ermənilər indi nəyə ümid edir?

Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında deyib ki, Köçəryan Rusiyapərəst mövqeyinin Ermənistan üçün lazımlı olduğunu göstərməyə çalışır:

“Köçəryan bu fikri bu şəkildə dilə gətirməsi onun gələcək seçki kampaniyasında Rusiyapərəst mövqeyinin Ermənistan üçün mütləq lazımlı olduğunu sübut kimi gətirir. Bu baxımdan Köçəryanın fikirləri birbaşa olaraq seçkiqabağı kampaniya ilə bağlıdır”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Cebhe.info-ya açıqlamasında deyib ki, Köçəryanın bu fikri erməni diasporunun tənqidindən Rusiyanı xilas etməkdir:

“Bu, əslində yeni fikir deyil. Nikol Paşinyan, Akopyan dəfələrlə bu fikri səsləndirib. Putin də bunu təsdiq edib. Erməni mənbələri yazır ki, Azərbaycan Ordusunun zərbə qüvvələri Xankəndinin iki kilometrliyinədək gedib çıxmışdı. Onların hər hansı bir ciddi müdafiə-istehkam qüvvələri yox idi, cəmi 2000-2500 əhali və 300-dən bir qədər artıq silahlı qüvvəsi vardı. Bununla bağlı, separatçıların rəhbəri Araik Arutunyanın da çıxışı var. O dövrdə çox tənqid olunurdu ki, Ermənistan niyə 10 noyabr Bəyanatına imza atıb.

İndi Köçəryanın Rusiya faktorunu qabartması xaricdən rəsmi Moskvaya qarşı gələn təzyiqləri önləməkdir. Çünki Ermənistan daxilindən və xarici erməni diasporunda Rusiyaya qarşı tənqidi fikirlər səslənir. Ona görə bu fikri ortaya atdılar ki, Rusiya növbəti dəfə erməniləri xilas etdi”.

P.Hüseyn əlavə edib ki, Ermənistanın hazırkı iqtidarını xəyanətdə suçlayırlar:

“İddia edirlər ki, hazırkı iqtidar xəyanətə yol verərək bunu ediblər. Onlar da bu məsələyə aydınlıq gətirməyə məcbur oldular”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2520