hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Koronavirus: ÜST dünyanı qorxu altında saxlayır – SƏBƏB

Koronavirus: ÜST dünyanı qorxu altında saxlayır – SƏBƏB

Son günlər Azərbaycanda koronavirusa yoluxma azalma tendensiyası ilə davam edir.

Hər şeyin düzələcəyi və insanların yenə maskasız normal həyatlarına dönəcəyinə ümidlərin artdığı bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus pandemiya ilə bağlı yeni açıqlama verib.

O, COVID-19 pandemiyasının ikinci ilində insan itkilərinin sayının artmasını istisna etməyib, virusun əvvəlki ildən daha çox ölüm gətirə biləcəyini bildirib.

Həmçinin ÜST rəhbəri vaksinasiyanı vacib sayıb: "COVID-19 artıq 3,3 milyon insanın həyatına son qoyub. Pandemiyanın ikinci ilinə qədəm qoymuşuq ki, bu ildə əvvəlkindən daha çox ölümlər baş verə bilər".

Eyni zamanda ÜST vaksinasiyanın virusun yayılmaması üçün 100 faizlik effekt verən müalicə üsulu olmadığını açıqlayıb. Çünki peyvəndlənən insanlar da xəstələnə bilərlər. Lakin onlar xəstəliyi daha yüngül formada keçirirlər.

Məhdudiyyətlərin və ya maska taxmaqla bağlı xüsusi rejimin ləğvi qərarlarına gəldikdə, bu, ölkələrdə vaksinasiyadan keçən insanların sayına görə yox, COVID-19-un yayılma səviyyəsinə əsaslanmalıdır.

Virus azalır, ölkələr sərhədləri acır. ÜST isə dünyanı qorxu altında saxlayır. Bunun səbəbi nədir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan həkim-terapevt Rasif Bağırov deyib ki, pandemiyanın səviyyəsi Avropa ölkələrində, xüsusilə İsraildə aşağıdır:

"Belə ki, bu ölkələr effektivliyi daha yüksək olan vaksindən istifadə etdilər. Nəticədə həmin ölkələrdə maska və məhdudiyyətlərin aradan qaldırılması prosesi həyata keçirilir. İnsanlar adi həyat tərzinə qayıtmağa hazırlaşırlar. ÜST-ün məlumatına gəlincə, burada bir məsələ var, hazırda Hindistanda kütləvi şəkildə ölüm halları baş verir. Hindistanda bildiyimiz kimi Çinin vaksinindən istifadə edirdi. Vaksinin keyfiyyətsizliyi nəticəsində onlarda COVID-19-un yeni ştammı yarandı. Bu vaksindən yaranmadı. Sadəcə, yeni ştamm meydana çıxdı. Həmin ştamm kütləvi şəkildə ölümlərin sayının artmasına səbəb oldu. Hazırda Hindistanda yoluxmaların bir qismi nə həkimlərə, nə də xəstəxanalara müraciət edə bilmir. Nəticədə ölümlərin sayı artır”.

Rasif Bağırov qeyd edib ki, ÜST digər tərəfdən vaksinasiyanın xeyrindən də danışır:

"Doğrudan da vaksinasiya insanları yaxşı mənada xəstəlikdən qoruya bilər. Xəstəliyə yoluxmuş şəxs bunu zəif keçirə bilər. Amma Çin istehsalı vaksinlər effektli deyil. Çünki Çinin özündə pandemiyanın yayılması sürətlənib. Burada müəyyən qədər narahatçılıq var. Buna görə də ÜST Hindistan ştammının dünyada geniş yayıla biləcəyini nəzərə alıb. Təbii ki, bunu tam açıq şəkildə demirlər. Ona görə də hərə ondan bir cür nəticə çıxarır”.

Ülviyyə Mirzəyeva
Cebhe.info


Oxunma sayı: 2091