hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Koronavirusdan müalicə alan jurnalistlərlə bağlı SON DURUM: “Həkimlər əllərindən gələni edir” - Müşfiq Abdulla

Koronavirusdan müalicə alan jurnalistlərlə bağlı SON DURUM: “Həkimlər əllərindən gələni edir” - Müşfiq Abdulla

Beş gündür 1 saylı Klinik Mərkəzdə koronavirusdan müalicə alan bacı-qardaş jurnalistlər -“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe. info xəbər portalı, "Cümhuriyət" qəzetinin müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşı Gülşən Abdullayevanın səhhətində irəliləyiş var.

Bu barədə Cebhe. info-ya Müşfiq Abdulla məlumat verib. Jurnalistin dediyinə görə hər üçü əvvəlki günlərlə müqayisədə özlərini yaxşı hiss edirlər.

“Artıq 5 gündür ki, müalicələrimiz davam edir. Həkim və tibb bacıları mütəmadi olaraq bizə baş çəkirlər. Əllərindən gələni edirlər. Mənə qoşulan sistemlər dünəndən dayandırıldı. Bu, müvəqqəti də, həmişəlik də ola bilər. Həkimlər bunu temperaturumun normallaşması ilə izah edirlər. Müəyyən qədər öskürəyim qalıb, amma xəstəxanaya gəldiyim ilk günlə müqayisədə çox deyil. Hazırda öskürəyimin azaldılması istiqamətində müalicə aparılır. Öskürəyimin olması həkimlərin məndə təyin etdiyi birtərəfli ağciyər pnevmaniyası diaqnozu ilə bağlıdır”.

Müşfiq Abdullanın sözlərinə görə yoldaşı Gülşən Abdullayevanın da səhhəti normallaşıb. Baxmayaraq ki, yoldaşına ağciyərin ikitərəfli pnevmaniyası diaqnozu qoyulub, özünü qismən yaxşı hiss edir:

“Bacıma isə bronxial pnevmaniya diaqnozu qoyulub. Onlara da müvafiq müalicə prosedurları həyata keçirilir. Hər üçümüzdə iybilmə və dadbilmənin itməsi əlamətləri yoxdur. Bilirsiz ki, virusun əsas əlamətlərindən biri budur. Ümumilikdə dərmanlar və iynələr vurulur. Amma bu dərman və iynələrin nə qədər keyfiyyətli və effektli olacağını müalicənin sonunda deyə bilərik. Müalicənin nə vaxt bitəcəyi barədə yekun rəyi isə həkimlər verəcək. Amma mən tələsməyə ehtiyac görmürəm. Hesab edirəm ki, müalicələrimiz davam etməlidir”.

Jurnalsit ailəsi ilə eyni korpusda müalicə almaq istədiyini də bildirib. O, deyib ki, ayrı korpuslarda müalicə aldıqları üçün onların səhhəti barədə yalnız telefon vasitəsilə xəbər ala bilir:

“O korpusda sağalanlar çoxdur. Ailəmlə birgə olsam bərabər qayğımızı çəkməklə tez sağala bilərik”.

Qeyd edək ki, Cebhe. info xəbər portalı və “Cumhuriyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla, həyat yoldaşı və bacısı, “Palitra” qəzetinin əməkdaşı, Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayevanın koronavirus testləri iyunun 22-də pozitiv çıxıb. Bu səbəblə onlar TƏBİB-ə müraciət ediblər. Qurumdan onların xəstəxanaya yerləşdiriləcəkləri bildirilib. Lakin gələn təcili tibbi yardım hər iki jurnalisti və Müşfiq Abdullanın həyat yoldaşını Atletlər kəndinə apararaq orada karantinə yerləşdirib.

Orada isə xəstələrə heç bir tibbi xidmət göstərilməyib və hər üçünün durumu ağırlaşıb. Daha sonra Mətbuat Şurası, “Cümhuriyət” qəzetinin rəhbərliyi, eləcə də deputat Qənirə Paşayevanın müraciətindən sonra TƏBİB-in göstərişi ilə onlar iyunun 24-də 1 saylı Klinik Tibbi Mərkəzə köçürülüblər və hazırda orada müalicələri davam etdirilir.

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 914