hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Koronavirusun özündən betər ştammları: Hansılar daha təhlükəli və ölümcüldür? – BİZİM TƏQDİMAT

Koronavirusun özündən betər ştammları: Hansılar daha təhlükəli və ölümcüldür? – BİZİM TƏQDİMAT

2019-cu ilin sonunda Çinin Vuhan şəhərində ortaya çıxan və bütün dünyanı təsiri altına alan koronavirusa yoluxma və ölüm halları davam edir.

Bütün dünyaya yeni yaşam qaydaları öyrədən koronavirusla mübarizədə tibbi maska taxmaq, şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafə saxlamaq əsas şərtlərdən biridir.

Artıq bir çox ölkələr virusla mübarizədə ən effektiv üsul olan peyvənddən də istifadə edir. Lakin bütün bunlara baxmayaraq, virus yayılmağa, mutasiya edərək daha da ölümcül olmağa davam edir. İlkin məlumatlara görə, mutasiya edən virusun ştammları daha yoluxucu və öldürücü olması ilə seçilir.

Maraqlıdır, indiyədək virusun neçə ştammı tapılıb? Onlardan hansı daha ölümcül və təhlükəlidir?

Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Qeyd edək ki, koronavirusun mutasiyaya uğramış yeni forması Böyük Britaniya ilə yanaşı artıq Avstraliya, İtaliya, İslandiya, Niderland Krallığı və Danimarka da aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bildirib ki, Danimarka istisna olmaqla bütün digər hallarda yeni ştamma yoluxma halları kütləvilik xarakteri daşımır.

*Koronavirusun mutasiyaya uğramış ilk ştammı Britaniyada aşkarlanıb. Britaniyada “Sars-Cov-2” virusunun yeni variantı haqqında rəsmi açıqlama ötən ilin 14 dekabrında səslənib. Lakin ölkənin cənub-şərqində aşkarlanan VUI202012/01 (və yaxud da B.1.1.7 - red.) adlı yeni ştammın hələ sentyabr ayında nəzərə çarpdığı məlumdur. Dekabr ayında virusun sürətlə yayılması ölkə boyu karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə səbəb olub.

Britaniya hökümətinin rəsmi saytından verilən məlumata görə, viruslarda daim mutasiya baş verir və VOC202012/01 variantı da belə bir dəyişmə nəticəsində əmələ gələn yeni ştammdır. Mutasiya sayəsində onun yoluxma qabiliyyəti təxminən 50 faiz artmış olub.

Qeyd edək ki, ilk dəfə Böyük Britaniya ərazisində aşkar edilmiş koronavirusun yeni ştammı hazırda 41 ölkədə və ərazidə qeydə alınıb.

*Braziliyalı alimlər Rio-de-Janeyro ştatında koronavirusun yeni ştammını aşkar ediblər.

“Bizdə bu mutasiyanın artan təhlükə yaratdığına dair sübut yoxdur. Ancaq bu, virusun bütün ştat ərazisində intensiv yayılmasından, eləcə də sosial məsafə tədbirlərinin və nəzarətin nə qədər vacib olduğundan xəbər verir”, - deyə Milli Elmi Hesablama Laboratoriyanın bioinformatika laboratoriyasının elmi qrupunun rəhbəri Ana Tereza bildirib.

Qeyd edilib ki, söhbət artıq ölkədə geniş yayılmış “B.1.1.28” növünün mutasiyasından gedir. Yeni ştammın öyrənilməsi nəticəsində bioloqlar müəyyən ediblər ki, o, 180 genomdan 38-də mutasiyalarla “ana” virusdan fərqlənir. Yeni Britaniya ştammında olduğu kimi, Rio-de-Janeyroda aşkar olunmuş koronavirusun yeni növünün 94% nümunələrində eyni mutasiya cəmlənib. Alimlər bu növ infeksiyanın Rio-de-Janeyroda iyul ayında ortaya çıxdığını, ancaq sonradan onun izlərinə ştatın 19 müxtəlif şəhərində də rast gəlindiyini dəqiqləşdiriblər.

*İsraildə də bioloqlar yeni növ koronavirusun yeni ştammını müəyyən ediblər. O, 2020-ci ilin payızının sonlarında İsraildə üzə çıxıb və virusun digər növ müxtəlifliklərindən əsas qabıq zülalında unikal mutasiya ilə fərqlənir.

““P681H” ştammı təxminən 2020-ci ilin noyabrında xəstələrdən alınan biomaye nümunələrində meydana gəlməyə başlayıb, ancaq onun mövcudluğunun izlərinə oktyabr ayında çirkab su nümunələrində rast gəlinir. Bu mutasiya yeni növ koronavirusun yayılmasını daha da sürətləndirir, ancaq virusun antikorlara qarşı dayanıqlığını artırmır. Ehtimal ki, o, infeksiya simptomlarını gücləndirmir”, - deyə tədqiqatçılar bildiriblər.

*Cənubi Afrika Respublikasında aşkarlanan koronavirusun yeni ştammının Böyük Britaniya variantı ilə əlaqəli olmaması da müəyyən edilib. Ekspertlərin rəyinə görə hər iki variant arasında oxşarlıqlar olsa da, onların meydana gəlməsində bir-birindən asılılıq yoxdur. Britaniya hökumətinin rəsmi saytında verilən məlumata görə, əsasən Cənubi Afrika variantında əmələ gələn mutasiya (E484K) immun sisteminin müdafiəsindən "müəyyən dərəcədə" yayınmağa qadirdir və bu da ictimai sağlamlıq üçün potensial narahatlıq mənbəsi sayılır.

*Nyu-Yorkda və ABŞ-ın şimal-şərqində yeni bir koronavirus növünün aşkarlandığını bildirilib. Bu ştammın immunitetə güclü təsir etdiyi və müalicəyə müqavimət göstərdiyi bildirilib. Nyu-Yorkda aşkarlanan ştamma “B.1.526” adı verilib.

*Mütəxəssislərin fikrincə, İndoneziyada bu yaxınlarda aşkar edilmiş koronavirusun yeni ştammı digərləri ilə müqayisədə daha ölümcüldür. Virusoloq Anatoliy Altshtein bu haqda danışaraq bildirib ki, İndoneziya artıq bir çox yerlərdən daha yüksək ölüm nisbətinə sahibdir. Məlumata görə, ölüm nisbətinin yüksək olduğu ABŞ-ın şimal-şərq əyalətlərində də virusun bu növünə rast gəlinib.

Onun sözlərinə görə, bu ştamm Rusiyaya çatsa, orada kök sala bilməyəcək. Koronavirusun ən yoluxucu növü olan İndoneziyada aşkarlanmış ştamma “D614G” adı verilib. Bu ştamma yoluxma halına Malayziya və ABŞ-da da bu ştamma rast gəlinib.

*Hindistanda da koronavirusun yeni ştammı yaranıb. Bu barədə Cənubi Benqaliya ştatının tibb idarəsi məlumat verib.

Bildirilib ki, yeni ştamm həmçinin Banqladeş, Butan və Nepalda da aşkarlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada 9 819 yeni yoluxma qeydə alınıb.

Ümumilikdə 58 min nəfər aktiv müalicə mərhələsindədir.

Beləliklə, Hindistanda koronavirusun "B.1.618" adlandırılan yeni mutasiyası elan edilib. “SARS-CoV-2"-nin bundan əvvəl Hindistanda aşkarlanan mutasiyası "B.1.617" adlandırılıb.

Qeyd edək ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus isə sosial şəbəkədəki paylaşımında qeyd edib ki, virusların zaman keçdikcə mutasiyaya uğraması təbii və gözləniləndir. ÜST-ün indiyədək əldə etdiyi məlumatlara əsasən koronavirusun yeni ştammına yoluxan şəxslərdə xəstəliyin gedişatında xüsusi ağırlaşma halları müşahidə edilmir.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2190