hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kosovo və Yaxın Şərqdən sonra: Növbə Qarabağda

Kosovo və Yaxın Şərqdən sonra: Növbə Qarabağda

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Fransaya rəsmi səfərə dəvət edilib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros ölkəsinin xarici siyasət idarəsinin rəhbəri Jan-İv Le Drianın dəvət məktubunu Ceyhun Bayramova təqdim edib. Bu görüş yeni nazirlə tanışlıq xarakteri də daşıya bilər. Ancaq Parisə səfər zamanı nazirlərin müzakirə edəcəyi əsas məsələlərdən biri şübhəsiz ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı olacaq.

Ceyhun Bayramovun avqust ayında Rusiyaya səfəri zamanı da Rusiyanın Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribata rəsmi Moskvanın hərbi dəstək verməsi və Dağlıq Qarabağ probleminin nizamlanması danışıqların əsas predmetini təşkil etmişdi. Azərbaycanın etiraz etməsinə baxmayaraq, Ermənistan son aylar Rusiyanın köməyi ilə silahlanmaqda davam edir. Bu isə geniş miqyaslı hərbi əməliyyatların başlanmasını qaçılmaz edə bilər. Ceyhun Bayramov Fransalı diplomatı qəbul edərkən yaranmış vəziyyətin kifayət qədər gərgin olduğunu onun nəzərinə çatdırıb.

XİN-dən verilən açıqlamada bildirilir ki, münaqişənin həlli üzrə danışıqlar prosesinin Ermənistan tərəfinin nümayiş etdirdiyi son dərəcə təxribatçı və məsuliyyətsiz davranış səbəbindən dalana dirəndiyi qeyd olunub. Ermənistan rəhbərliyinin bölgədə gərginliyin alovlanmasına xidmət edən təhrikçi əməlləri və bu kimi təxribatçı fəaliyyətə Minsk Qrupu həmsədrləri tərəfindən münasibət bildirilməməsi təəssüflə vurğulanıb. İşğalçı Ermənistan ilə, əraziləri 30 ilə yaxındır ki, işğal altında saxlanılan Azərbaycana tarazlı mövqe nümayiş etdirilməsinin düzgün olmadığı bildirilib. Həmçinin son zamanlar Ermənistanın geniş şəkildə silahlanmasının bu ölkənin yeni təxribatlara hazrılaşmasının göstəricisi olduğu vurğulanıb. Səfir Zakari Qros Fransanın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayaraq, münaqişənin həlli üzrə danışıqlarda irəliləyişin əldə olunmamasından ölkəsinin də narazı olduğunu qeyd edib. Lakin prosesi diplomatik müstəviyə qaytarmaq səyləri hələlik nəticə vermir.

Ermənistan hətta Azərbaycanın maraqlarına tam cavab verməyən “Madrid prinsipləri”, “Kazan formulu”, “Mərhələli həll planı”, “Lavrov planı”, “Bolton planı” kimi bütün təkliflərdən imtina edib. Rəsmi Yerevan “yeni müharibə, yeni ərazilər” ritorikasına üstünlük verir. Təbii ki, Ermənistanın Azərbaycanın yeni ərazilərini işğal etmək üçün hərbi gücü yoxdur. Paşinyan hökuməti Rusiyanın dəstəyinə ümid edərək belə mövqe nümayiş etdirir. Əvvəllər diplomatik təmasların pozulması danışıqların "dalana dirənməsi" hesab edilirdi. İndi isə, ümumiyyətlə, danışıqlar yoxdur. Ermənistanın müzakirələrdən imtina etməsi müharibəni daha da yaxınlaşdırır. Ancaq ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr dövlətlər gərginliyi aradan qaldırmaq üçün Ermənistana xəbərdarlıq etmək əvəzinə, Azərbaycanı danışıqlara dəvət edir.

Politoloq Tofiq Abbasov hesab edir ki, vasitəçi ölkələr münaqişənin yenidən alovlanmasında maraqlı deyil. Ona görə də Azərbaycanın xarici işlər nazirinin Fransadan sonra ABŞ-a da dəvət ediləcəyi istisna deyil: “Əgər nazirlərin görüşləri baş tutursa, deməli hansısa imkanlar aradan götürülür, hansısa alternativlər kənara qoyulur. Daha dəqiq və realist görülən məqamlara diqqət yetirilir. Bu baxımdan, Rusiya diplomatiyası daha fəal görünür. Ola bilsin ki, bizim gözləntilərimiz fonunda Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü nəticə vermədi. Çünki bizim Rusiyadan daha çox gözləntilərimiz var. Münaqişə bölgəsinə ən yaxın ölkə Rusiyadır. Moskvanın marağında deyil ki, Rusiyanın sərhədlərində münaqişə baş versin. Digər tərəfdən, ABŞ Kosovo münaqişəsi və Yaxın Şərq probleminin həlli ilə bağlı irəliyə doğru iki böyük addım atdı. Prezident Donald Tramp bunu tarixi irəliləyişlər adlandırdı. Doğrudur, Ağ Evdə saziş imzalanarkən, Seriya prezidenti Aleksandr Vuçiçi aldatmaq istəyiblər. Çalışıblar ki, o, Serbiyanın Kosovonun müstəqilliyini tanıması barədə ikinci məxfi sənədi imzalasın. Son məqamda Vuçiç görüb ki, bu həmin sənəd deyil. Yəni diplomatiyada belə hallar olur. Ola bilsin ki, bu razılaşmalar gələcəkdə yeni münaqişə yarada bilər. Amma hazırda bu sənədlər Trampa PR üçün lazımdır. Rusiya da dünya liderlərinin sıralarında öz yerini görən dövlət kimi çalışır ki, uğurlara nail olsun. Yəni Rusiya özünə beynəlxalq aləmdə barışığa yol açan dövlət imici qazanmaq istəyir. Hazırda Trampın başı prezident seçkilərinə qarışıb. Fikrimcə, ABŞ da bu məsələlərə kənardan dayanıb müşahidəçi kimi baxmayacaq. Amerikanın özünün də bu prosesdə iştirakı olacaq. Sadəcə olaraq, Ermənistanın dağıdıcı mövqeyi bütün tərəflərə müharibənin qaçılmaz olduğu mesajını verir.

Bu da vasitəçiləri hərəkətə gətirməlidir. Vəziyyət həqiqətən son dərəcə gərgindir. Tovuz hadisələri də bu prosesi başlamağa və sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək almağa hesablanmışdı. Ancaq onların bu ideyası iflasa uğradı və gördülər ki, heç bir dövlət Azərbaycanla münasibətini pozmaq istəmir. O ki qaldı, Rusiyanın Ermənistana 400 ton silah daşıması faktına, bu proses qüvvələr nisbətini Ermənistanın xeyrinə dəyişə bilməz. Azərbaycan xeyli irəlidədir. Rusiya çalışır ki, öz müttəfiqini itirməsin. Amma Azərbaycanın təpəri və Türkiyə ilə keçirilən təlimlər də göstərdi ki, dövlətimiz öz haqqını tələb edir. Ona görə də Azərbaycan üçün müharibədən başqa yol qalmır. Bu, beynəlxalq təşkilatların və vasitəçilərin məsuliyyətsizliyinə çevrilib. Ola bilsin ki, Azərbaycan yaxın vaxtlarda öz problemini hərbi əməliyyatlar yolu ilə həll etsin. Qeyd edim ki, yalnız Türkiyə deyil, həm də Pakistan, Ukrayna kimi ölkələr də Azərbaycanı strateji tərəfdaşlıq nümayiş etdirir və dəstəkləyir. Bütün bunlar göstərir ki, prosesin diplomatik tərəfi düzgün tənzimlənib. Yalnız hərbi komponenti qalıb ki, o da həll olunmaq üzrədir”.
Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 5270