hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Kreditlər artıb: Bank sektoru dirçəlir? – AÇIQLAMA

Kreditlər artıb: Bank sektoru dirçəlir? – AÇIQLAMA

Məlum olduğu kimi, koronavirus pandemiyası iqtisadiyyatın digər sahələri kimi, bank sektoruna da ciddi ziyan vurub.

Ötən il bu sahədə durğunluq hiss olundu, kredit qoyuluşları azaldı. Bu ilin ilk rübündə isə dinamika müşahidə olunmağa başlanıb.

Belə ki, Mərkəzi Bankın xəbərinə görə, 2021-ci ilin mart ayında Azərbaycanda cəmi kredit qoyuluşları 108,5 milyon manat artaraq 31 mart 2021-ci il tarixində 14 milyard 728 milyon manata çatıb.

Qeyd olunur ki, fevralın sonunda cəmi kredit qoyuluşları 14 milyard 619,5 milyon manat idi. Yanvarda artan kreditlər fevralda azalmışdı. Martda yenidən kreditlər artıb.

Mart ayında kredit qoyuluşlarındakı 108,5 milyon manatlıq artımın 98 milyon manatlıq hissəsi ev təsərrüfatlarına verilən kreditlərin (əsasən istehlak kreditlərinin) artması ilə bağlıdır. Fevralın saonunda ev təsərrüfatlarına verilən kreditlər 6 milyard 771,3 milyon manat ikən, mart ayının sonunda 6 milyard 869,3 milyon manata çatıb.

Ötən ilin sonu ilə müqayisədə (ilk rübdə) kredit qoyuluşları 197,6 milyon manat artıb. 2020-ci ilin sonunda cəmi kredit qoyuluşları 14 milyard 530,4 milyon manat təşkil etmişdi.

Bankın məlumatından aydın olur ki, kredit qoyuluşları ilə yanaşı problemli kreditlərin də həcmi artıb.

Belə ki, qeyd olunan tarixə olan göstəriciyə görə cəmi kredit qoyuluşlarının 918,2 milyon manatını və ya 6,2%-ni ödəmə vaxtı keçmiş kreditlər təşkil edib. Ötən ilin sonunda ödəmə vaxtı keçmiş kreditlər 893,1 milyon manat, fevralın sonunda isə 917,5 milyon manat təşkil etmişdi.

Kredit qoyuluşlarında ciddi olmasa da, müəyyən qədər artımın olmasını iqtisadi dirçəlmə hesab etmək olarmı? Yoxsa istehlak kreditlərinin artımı əhalinin sosial durumunun ağırlaşmasından xəbər verir?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, bir neçə ayın göstəriciləri hələ ki, ciddi dəyişikliyindən xəbər vermir:

“Keçən il pandemiya və karantin şəraiti idi, iş yerləri faktiki olaraq “donmuşdu”, ona görə də banklar istehlak kreditləri verməkdən çəkinirdi. Bankların özləri də normal işləmirdi. Buna görə də kreditlərin həcmi aşağı düşmüşdü. İndi karantin rejimi yumşalıb və banklar kreditləşməni yavaş-yavaş artırmağa başlayıblar. Yəni risk amili azalıb. Sərt karantin rejimində risklər daha çox idi”.

Hüquqşünas bunu hələ ki, iqtisadi dirçəliş kimi qiymətləndirməyin mümkün olmadığını deyir:

“Yəqin ki, burada biznes kreditləri də var. Hazırda dövlətin infrastruktur layihələri var, işğaldan azad olunmuş rayonların bərpa prosesi başlanıb. Ola bilər ki, burada hansısa dövlət şirkətlərinə qoyulan kreditlər də yer tutub. Artım tendensiyası 6-7 ay da davam edərsə, onda vəziyyətin nisbətən yaxşılaşdığını demək mümkündür. O zaman demək olar ki, dirçəlmə baş verir”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 1211