hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kreml “xilaskar” rolunda: Belarus işğal edilir?

Kreml “xilaskar” rolunda: Belarus işğal edilir?

Rusiya yaxın vaxtlarda növbəti slavyan ölkəsinə hərbi təcavüz edə bilər.

Avqustun 9-da keçiriləcək prezident seçkilərindən sonra Rusiyanın Belarusu işğal edəcəyinə dair proqnozlar səslənir. Səsvermə ərəfəsində və ondan sonra Belarusda yaranmış siyasi gərginlikdən istifadə edərək Kremlin müttəfiq ölkəni Rusiyanın tərkibinə qatmağa cəhd edəcəyi ehtimal olunur. Bu baxımdan ekspertlər, Belarus prezidenti Aleksandr Liukaşenkonun çətin durumla üzləşdiyini bildirir.

Belə ki, bir tərəfdən daxildə müxalifətin getdikcə güclənın aksiyaları fonunda hakimiyyətini qorumağa çalışan Lukaşenko eyni zamanda, Rusiya təhlükəsinin qarşısını almalıdır.

CNBC telekanalının açıqlamasına görə, Rusiya prezidenti qərbli həmkarları üçün sürprizlər təşkil edə bilər. Vladimir Putin ölkə daxilində zəifləmiş mövqelərini bərpa etmək, eyni zamanda Rusiyanın beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün gözlənilməz addımlar ata bilər.

Belə sürprizlərə Moskva artıq 2008-ci ilin avqustunda, Cənubi Osetiyada münaqişə alovlananda əl atıb. 2014-cü ilin avqustuna o, Krımı Rusiyaya birləşdirib. 2015-ci ilin avqustunda isə Rusiya Suriyadakı vətəndaş müharibəsinə müdaxilə edib. “Əvvəllər Moskva üçün ağır dövrlər başlayanda Putin xarici avantüralara əl atıb ki, öz ölkəsiz üzərində nəzarəti sərtləşdirsin”,-telekanal qeyd edir.

Hadisələrin bu cür inkişaf ssenarisi həm də ona görə ağlabatan görünür ki, Rusiyanın başlıca rəqibi ABŞ da hazırda koronavirusun geniş yayılmasına, iqtisadi çöküşə və Amerika şəhərlərini bürümüş etirazlara görə ciddi çətinliklər yaşayır. ABŞ-la Avropa arasında Trampın addımları üzündən başlamış fikir ayrılıqları da belə məqamda Putinin əlinə oynaya, beləliklə də Rusiya lideri növbəti dəfə Moskvanın dünyadakı nüfuzunu gücləndirməyə cəhd edə bilər.

Telekanal qeyd edir ki, Rusiya rəhbərliyi bunu Belarusun “udulması”, yəni zəbt edilməsi hesabına həyata keçirə bilərdi. Belə ki, Putinin Belarusda artan etirazlar və mübahisəli prezident seçkilərindən bəhanə kimi istifadə edərək bu ölkə üçün “milli xilaskar” rolunda çıxış etməsi mümkündür. Nəticədə Belarus Rusiyanın onu “udması” cəhdlərinə qarşı çıxmalı olacaq.

Qeyd edək ki, prezident Lukaşenkonun son illər Rusiya ilə Vahid Dövlət İttifaqının yaradılmasına dair 1999-cu ildə imzalanmış sazişdən imtina etməsindən sonra Putin hakimiyyətinin Belarusu işğal etmək planları barədə fikirlər tez-tez səslənib. Rəsmi Moskva bu məqsədinə çatmaq üçün əlverişli şərait axtarıb. Sonuncu dəfə belə imkan Rusiyanın üç il əvvəl Belarusla birgə keçirdiyi "Qərb-2017" hərbi təlimləri zamanı yaranmışdı. Təlim adı altında Belarusa daxil olan Rusiya qoşunlarının oranı tərk etməmək ehtimalı var idi. Ancaq NATO-nun bu təlimlərə sərt reaksiyası və Ukrayna münaqişəsinə görə görə artmaqda olan beynəlxalq sanksiyalar fonunda Rusiyanın belə addım atması çox riskli idi. Digər tərəfdən, Rusiya-Belarus münasibətləri indiki qədər soyuq deyildi. 2020-ci ilin yanvar ayında Belarusun Rusiya neftinin idxalından imtina etməsi, iki ölkənin təbii qazın alqı-satqısına dair razılığa gələ bilməməsindən dərhal sonra ABŞ dövlət katibi Mayk Pompeonun Minskə səfəri köhnə müttəfiqlər arasında ziddiyyətlərin artması ilə nəticələndi. Ona görə də Kreml Belarusu Rusiyanın təsir dairəsində saxlamaq üçün daha sərt vasitələrə əl atmağa çalışır.

Bu baxımdan, Belarusda keçiriləcək prezident seçkiləri Rusiya üçün geniş siyasi imkanlar açır. Lakin A.Lukaşenkonun Rusiyaya yaxınlığı ilə seçilən namizədləri, yəni Viktor Babarikonun və Vladimir Tsepkalonun qeydə alınmasına mane olmaqla Rusiyanın seçkilərə müdaxiləsinin qarşısını alıb. Daha doğrusu, Rusiyaya yaxın siyasətçilər hakimiyyətə gəlmək şansından məhrum edilib. Seçki yarışı əsasən Aleksandr Lukaşenko ilə Qərbyönlü namizəd Svetlana Tixanovskaya arasında gedəcək. Müxalifət namizədinin yüksək reytinqə malik olmasını və Belarusda kütləvi aksiyaların artan xətt üzrə getdiyini nəzərə alsaq, "Maydan" ssenarisinin baş verəcəyi də istisna deyil. Bu isə Rusiyanın hərbi müdaxiləsi üçün əlverişli fürsət yarada bilər.

Eyni zamanda, Kremlin Belarusda hərbi təxribata əl atıb rus əhalisinin müdafiəsi adı altında Belarusu işğal edəcəyi də mümkün ssenarilərdən biridir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında Belarusa qarşı işğal təhlükəsinin real olduğunu dedi:

"Belə hadisələr yaxın tarixdə də baş verib. 2008-ci ildə Rusiya Gürcüstana müdaxilə etdi, Cənubi Osetiyanı və Abxaziyanı işğal etdi. 2014-cü ildə Ukraynaya hərbi təcavüz edildi. Krım ilhaq edildi, Donbasda separatçı bölgə yaradıldı. Moldovada indiyə qədər Dnestryanl bölgədə Rusiya qoşunları var. Moldovanın tələblərinə baxmayaraq, Rusiya həmin ərazini tərk etmir. İndi də ən yaxın müttəfiqi Belarusda avqustun 9-da prezident seçkiləri keçirilir. Rusiyada müəyyən siyasi dairələrin Aleksandr Lukaşenkodan xoşu gəlmir. Çünki Lukaşenko Rusiyanın tabeliyinə keçmək istəmir ki, bu da Kremldə bəzilərini narazı salır. Putin Lukaşenkonun hakimiyyətdən getməsini istəyir. Lakin onun yerinə öz adamını gətirmək şərtilə buna razı olar. Rusiyanın belə namizədləri var idi. Ancaq Lukaşenko onları seçki prosesindən uzaqlaşdırdı. Ona görə də Putin "Vaqner" muzdlu dəstəsinin yaraqlılarını Belarusa göndərdi. Lukaşenkoya hazırda alternativ olan əsas namizəd isə Qərbyönlü qüvvələrin lideridir. Kreml bunu da nəzərə alır. Əgər Lukaşenko hakimiyyətdən getsə, Svetlana Tixanovskayanın prezident seçilməsi ilə Belarus Ukrayna kimi əldən çıxa bilər. Ona görə də avqustun 9-dan sonra insanlar Lukaşenkonun yenidən prezident seçilməsinə etiraz olaraq küşələrə çıxarsa, qarşıdurma yaranacaq. Belarusda idarəolunmaz vəziyyət yaransa, Lukaşenko Rusiyadan dəstək istəyə bilər. Nəticədə, Rusiya öz qüvvələrini Belarusa yeridə bilər. İkinci variant ondan ibarətdir ki, Lukaşenko Rusiyaya müraciət ertmir, Kreml də bunu gözləmədən Belarusa müdaxilə edir. Amma bu halda yalnız Belarusla Rusiya arasında deyil, həm də Rusiya ilə Qərb arasında ciddi qarşıdurma yaranacaq. Bütün proseslər avqustun 9-dan sonra Lukaşenkonun özünü necə aparmasından, Belarusdakı münasibətlərin formalaşmasından asılıdır. Böyük ehtimalla, Lukaşenko səs qazanmasa belə, özünü qalib elan edəcək. Belə olan halda hakimiyyətlə müxalifət arasında toqquşma baş verə bilər. Çox güman ki, Lukaşenko ya polisi küçələrə yeritməklə qarşıdurmaya gedəcək, ya da Rusiyanı köməyə çağıracaq. Bununla da vəziyyət qarışacaq. Rusiya hələlik prosesləri müşahidə edir. Ancaq Ukraynanı itirən Rusiya Belarusu əldən vermək istəmir. Ona görə də Rusiya Belarusu nəyin bahasına olur-olsun əldə saxlamağa çalışacaq".

Rusiya Belarusa hərbi müdaxilə edəcəyi təqdirdə, Qərbin daha sərt sanksiyaları ilə üzləşə bilər. Buna baxmayaraq, Elxan Şahinoğlu hesab edir ki, Putin ilk növbədə imperiya maraqlarına üstünlük verdiyi üçün beynəlxalq təzyiqlər məsələsinə ciddi əhəmiyyət vermir:

"Rusiyanın istər Gürcüstana, istər Ukraynaya işğalçı müdaxilə edəcəyini vaxtilə heç kim düşünmürdü. Rusiyanın özünün maraqları var. Bu maraqları həyata keçirmək üçün Rusiyada Qərbin sanksiyalarını nəzərə almırlar. Putin əvvəl addım atır, sonra Avropa və ABŞ-la münasibətləri nizamlamağa şalışır. O, Belarusu əldə saxlamaq üçün Qərblə münasibətləri korlaya da bilər".

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 17953