hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Kreml Qarabağ siyasətini dəyişir: Paşinyan çıxılmaz durumda

Kreml Qarabağ siyasətini dəyişir: Paşinyan çıxılmaz durumda

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefası məsələsini qoyub. 

Bu barədə Ermənistanda nəşr edilən “Past” qəzeti öz mənbələrinə istinadən yazır. Səbəb isə xarici işlər nazirinin işindən narazılıq, bu və ya digər məsələdə yol verilən və beynəlxalq tərəfdaşlarla problemlərin yaranmasına gətirib çıxaran xətalardır. 

Mənbələr deyiblər ki, bu günlərdə Mnatsakanyanın istefası yenidən gündəmə gəlib, çünki baş nazir Qarabağ məsələsi ilə bağlı hadisələrin inkişafından, xüsusən də Rusiyanın mövqeyindən hiddətlənib. “Belə ki, bu günlərdə “Valday” klubunun illik iclası zamanı Rusiya xarici işlər naziri kifayət qədər gözlənilməz və kəskin bəyanatla çıxış edib. Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair siyasi proses tormozlanıb. Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” sözlərini xatırladaraq Lavrov faktiki olaraq Ermənistanın ünvanına ittiham irəli sürüb. Üstəlik yəqin ki, ilk dəfə. Və budur, bizim mənbələr təsdiq edirlər ki, bu bəyanatdan sonra hiddətlənmiş Paşinyan Zöhrab Mnatsakanyanı işdən azad etməyə hazırlaşır. Çünki hesab edir ki, o Rusiya ilə lazımi iş aparmayıb və “Qarabağ Ermənistandır, nöqtə” bəyanatının tam mahiyyətini, ümumiyyətlə, Ermənistanın indiki hakimiyyətinin mövqeyini izah etməyib”, - qəzet yazır. Mənbələr bildiriblər ki, indiyədək, adətən, Azərbaycan tərəfini “militarist bəyanatlarına görə danışıqları tormozlamaqda” ittiham edərdilər. İndi isə vəziyyət dəyişib...

Xatırladaq ki, Lavrov Paşinyanın həmin bəyanatını Albaniya baş nazirinin Kosovoya dair bəyanatları ilə müqayisə edib. Bildirib ki, belə yanaşma siyasi nizamlama prosesinə zərbə vurur. Həmin forumda Azərbaycan Prezidenti İlham Əliyev də Paşinyanın avantürist bəyanatına münasibət bildirib, “Qarabağ Azərbaycandır, nida” cavab bəyanatı ilə çıxış edib.

Politoloq Qabil Hüseynli hesab edir ki, Sergey Lavrov Ermənistanı səmimi mövqedə tənqid etməyib. Çünki Rusiya Paşinyan iqtidarı ilə münasibətlərində gərginliyin yaşanmasına baxmayaraq, Ermənistanın işğalçılıq siyasətini dəstəkləməkdə davam edir:

“Lavrov, həmçinin bəyan edib ki, Azərbaycanla Ermənistan arasında müharibənin başlanmasına Rusiya imkan verməyəcək. Yəni Sergey Lavrov açıq şəkildə bildirir ki, Dağlıq Qarabağ probleminin nizamlanması prosesi Rusiyanın ssenarisi əsasında gedəcək. Paşinyanı tənqid etməsinə gəlincə, Lavrov bunu Albaniya-Kosovo münasibətlərini nəzərdə tutaraq deyib. Orada elə bir ciddi tənqid yoxdur. Lavrov Kələntaryan öz millətindən olanları səmimi qəlbdən tənqid etmək istəməz. Uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həllini başqa istiqamətə yönləndirən, ona mane olan Lavrov və onun naziri olduğu Rusiya dövlətidir. Rusiyanın problemi Ermənistanın apardığı işğalçılıq siyasəti ilə deyil, Baş nazir Nikol Paşinyanla münasibətlərindədir. Lavrovun bəyanatı göstərir ki, Rusiya günlərin birində Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa da cəhd edə bilər. Qarabağ problemi çox köklü məsələdir və ermənilərin illər boyu həyata keçirdiyi siyasətin qollarından biridir. Paşinyanlar gəlib gedəcək, amma Rusiyanın Ermənistanı müdafiə etmək cəhdi davam edəcək. Vaxtilə hazırkı Ermənistan ərazisində erməni yaşayırdı? Dağlıq Qarabağda erməni yaşayırdı? Bütün bunların hamısını Rusiya təşkil edib həyata keçirdi. Dağlıq Qarabağın ətrafındakı yeddi rayon da Rusiyanın dəstəyi hesabına işğal olunub. Ona görə də Lavrovun tənqidinə baxıb illüziyalara qapılmaq lazım deyil. Onlar öz aralarında dalaşa da bilər, barışa da bilər. Lakin erməni xalqının yaşadığı ərazilərin genişləndirilməsi Rusiyanın xarici siyasətinin doktrinası olaraq qalır”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1805