hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Kremldən Kiyevə jest: Yeni hökumətin cavabı nə olacaq?

Kremldən Kiyevə jest: Yeni hökumətin cavabı nə olacaq?

Rusiyanın "Qazprom” şirkəti Ukraynaya təbii qazı indikindən 25 faiz ucuz qiymətə satmağa dair danışıqlara hazır olduqlarını bildirib.

Bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı "Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bildirib. "Qazprom” rəhbəri Ukraynaya birbaşa qaz tədarükünə dair saziş imzalamağın tranzit sazişindən daha mühüm olduğunu diqqətə çatdırıb: "Ukrayna ərazisindən tranzit müqaviləsinin uzadılması və Rusiya qazının Ukraynaya tədarükünə dair müqavilə imzalamaq üçün Rusiya tərəfi ilə birbaşa danışıqlar təşkilində "Həyat üçün Müxalifət Platformu”nun göstərdiyi əzm və qətiyyəti qeyd etmək istəyirəm.

Bu, "Qazprom”la Ukraynanın operator şirkəti arasında birbaşa müqavilə olacaq. Son vaxtlar yalnız tranzit müqaviləsinin uzadılması məsələsinə əsassız böyük diqqət yetirilir, halbuki əslində, Rusiya qazının Ukraynaya ixracına dair birbaşa müqavilənin imzalanması başlıca və ən əhəmiyyətli məsələdir”. A.Miller Ukraynanın yeni prezidenti tərəfindən qaz məsələsinə dair hələlik "hər hansı işarələrin gəlmədi”yini də qeyd edib. Ona görə də qaz tranzitinə və qaz tədarükünə dair birbaşa təmasları "Həyat üçün Müxalifət Platformu” partiyası ilə davam etməyə hazır olduqları vurğulanıb.

Qeyd edək ki, bu il martın 22-də Moskvada aidiyyəti rəsmi şəxslər səviyyəsində keçirilən görüş zamanı "Qazprom” Ukraynaya qaz tədarükünü istehlakçı tərəf üçün daha sərfəli qiymətlərlə həyata keçirməyə hazır olduğunu bildirmişdi. Ukrayna tərəfi də tranzit müqaviləsini uzatmaq üçün Rusiyaya qarşılıqlı faydalı şərtlər təklif etməyə hazır olduqlarını bildirmişdi.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən təklif Ukraynanın yeni prezidentinə və yeni formalaşacaq Nazirlər Kabinetinə edilməyib:

“Beynəlxalq İqtisadi Forumu zamanı 25 faiz ucuz qiymətə satmağa dair səslənən təklif müxalifyönlü hansısa bir siyasi qrupa edilib. Görünən odur ki, Ukrayna ilə Rusiya arasında siyasi gərginliyin bir az da artması qaz tədarükü ilə bağlı hər iki ölkə arasında fikir ayrılığını bir az da dərinləşdirəcək. Çünki 2019-cu ilin sonu Ukrayna üzərindən Rusiya boru kəmər qazının Avropa bazarlarına tədarükü ilə bağlı tranzit sazişinin müddəti başa çatır. "Qazprom” rəsmiləri bəyan edirlər ki, 2019-cu ildə tranzit müqavilə başa çatdıqdan sonra onu “mostaQaz”la uzatmaq məqsədləri yoxdur. Bununla bağlı "Qazprom”, “mostaQaz” və Avropa İttifaqı - üçtərəfli formatda 1 ildən çoxdur ki, danışıqlar aparır. Danışıqlarda nəticə əldə edilməyib, beynəlxalq arbitraj məhkəməsində qarşılıqlı iddia ərizələri, ittihamlar səsləndirilir. Yəni qaz sazişinin şərtlərinin yenidən bərpa edilməsi və müqavilənin müddətinin uzadılması ilə bağlı çox ciddi problemlər var. İlkin problem olaraq "Qazprom” rəsmiləri tələb edirlər ki, Ukrayna öz ərazisindəki qaz nəql sistemini modernləşdirsin. Həmçinin bu sistemi hər hansı bir müstəqil operator şirkətin sərəncamına versin. Bu gün “mostaQaz”ın bu imkanları yoxdur. Çünki Ukraynanın qaz-nəql sistemi nə qədər köhnə olsa da, o hazırda yerləşdiyi coğrafi məkanda ən böyük qaz nəql sistemidir. Hansı ki, onun Rusiya ilə Ukrayna sərhədində girişi 280 milyard kubmetr ötürücülük qabiliyyətinə malikdir. Ukrayna ilə Avropa sərhədində artıq bu 170-180 milyard kubmetr olur. Bundan əlavə, Ukrayna üzərindən bu qaz nəql sisteminin funksional fəaliyyətini təmin etmək üçün bir neçə yeraltı qaz anbarları mövcuddur. Hansı ki, həmin yeraltı qaz anbarlarının layihə gücü 32 milyard kubmetrdən yuxarıdır. Ukraynanın qaz nəql sisteminin digər üstün cəhəti ondan ibarətdir ki, ölkə ərazisində mövcud magistral qaz kəmərləri 36 saat rejimə hesablanıb. Yəni Rusiya ərazisində qaz nəqlində hər hansı problem yaranarsa, Ukraynadakı magistral qaz kəmərləri 36 saat rejimində fəaliyyət göstərmək imkanındadır. Bu da o deməkdir ki, Ukraynanın yeraltı qaz anbarları ərazidəki boru kəmərlərinin funksional fəaliyyətini təmin edir”.

Ekspert hesab edir ki, 2019-cu ilin sonuna kimi “Şimal axını-2” layihəsinin gerçəkləşməsi mümkün olmayacaq:

“"Qazprom” şirkəti bəyan edir ki, “Şimal axını-2” layihəsi daha rentabelli olacaq, nəinki Ukrayna üzərindən qazın ixracına yönəldilən maliyyə vəsaiti. Məlumdur ki, Ukrayna ildə ortalama 3 milyard dollara yaxın vəsait götürür. Ötən il Ukrayna üzərindən Avropa bazarlarına, təqribən 86-90 milyard kubmetrə yaxın qaz tədarük edilib. Hesab edirəm ki, 2019-cu ilin sonuna kimi “Şimal axını-2” layihəsinin gerçəkləşməsi mümkün olmayacaq. Çünki adıçəkilən kəmərin çəkilişinə kifayət qədər narazılıqlar var. Bu problemlər əsasən də, Danimarka ərazisində mövcuddur. Həmçinin ABŞ həmin layihənin iştirakçısı olan şirkəti sanksiya ilə hədələyir. “Qazprom”un digər təklifi ondan ibarətdir ki, “mostaQaz”la yeni tranzit sazişində daha yumşaq şərtlər irəli sürülsün. Təbii ki, bunlar qəbul olunası deyil. Hətta 2020-ci ildə də “Qazprom eksport” Ukraynanın qaz-nəql sistemindən sərbəst istifadə edəcək. Çünki başqa yolu yoxdur”.

Zəfər Vəliyevin sözlərinə görə, Avropada həm sıxılmış təbii qazın, həm də boru kəmər qazının qiymətində təbii enmələr mövcuddur:

“Həm Asiya-Sakit okean, həm də Avropa bazarlarında kifayət qədər qaz həcmləri mövcuddur və çox sərt rəqabət gedir. Yəni həm sıxılmış təbii qaza, həm də boru kəmər qazına təklif həddən artıq çoxdur. Ona görə də Rusiyanın "Qazprom” şirkəti, nəinki Ukraynaya, digər müştəri bazarlarında da endirim etməyə məcburdur. Həm rəqabət aparmaq baxımından, həm də mövcud bazar payını qorumaq nöqteyi-nəzərdən”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 3466