hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Kremldən Ukraynaya gözlənilən “NATO CAVABI”

Kremldən Ukraynaya gözlənilən “NATO CAVABI”

NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın Şimali Atlantika Alyansına üzv olacağına dair söz verib. 

“Ukraynann NATO-ya üzvlüyü ilə bağlı bütün müttəfiqlər razılığa gəlib”, - deyə o bildirib. Baş katibin sözlərinə görə, Monteneqro, Şimali Makedoniya, Polşa və Baltika ölkələri NATO-ya üzv olmalarını təsəvvürlərinə belə gətirmirdilər. Ona görə də bu, Ukrayna üçün də mümkünsüz deyil. Stoltenberq bildirib ki, alyans Kiyevə islahatların gücləndirilməsində və ölkənin modernləşdirilməsində köməklik göstərəcək.

Qeyd edək ki, NATO-nun 2016-cı ildə Varşavada keçirilmiş sammitində alyansın şərqə doğru genişləndirilməsinə dair qərar qəbul olunub. Həmin qərar post-sovet ölkələrindən Gürcüstanın və Ukraynanın da NATO-ya qəbul edilməsini nəzərdə tutur. Rəsmi Tiflis adıçəkilən hərbi ittifaqa daxil olmaq üçün götürdüyü öhdəlikləri yerinə yetirdiyi üçün 2021-ci ilə qədər Gürcüstanın NATO-ya qəbul ediləcəyi gözlənilir. Gürcüstandan sonra isə Ukraynanın NATO sıralarına qoşulacağı gözlənilir. Hər iki ölkə ərazilərində siyasi münaqişələrin olması səbəbindən NATO-nun nizamnaməsinə görə alyansa üzv ola bilməz. Lakin NATO rəhbərliyi münaqişələrin həllini gözləmədən Gürcüstanın və Ukraynanı hərbi ittifaqa qəbul etmək niyyətindədir. Bu zaman hər iki ölkəınin münaqişələr olmayan əraziləri NATO-ya cəlb edilə bilər. Yəni Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Ukraynada isə Krım və Donbas istisna olmaqla adıçəkilən ölkələr NATO-ya üzv qəbul olunacaq. Digər ərazilərin NATO-ya daxil olması üçün səsvermə və ya qərar isə münaqişlərinin həllindən sonrakı mərhələyə saxlanılacaq. 

Ancaq Gürcüstanın və Ukraynanın NATO-ya üzv olmasına mane olan daxili problemlərlə yanaşı, xarici amillər də var. Söhbət Rusiyanın bu prosesə reaksiyasından gedir. Ekspertlərin fikrincə, adıçəkilən post-sovet ölkələrinin NATO-ya qəbulu Rusiyanın ciddi hərbi və siyasi müqaviməti ilə qarşılacaq. Hətta Rusiya Gürcüstana və Ukraynaya qarşı çox təhlükəli hərbi təxribatlar törədə bilər.

Politoloq Natiq Mirinin sözlərinə görə, Rusiya Ukraynanı və Gürcüstanı özünün geosiyasi əhatə dairəsi hesab edir. Ona görə, rəsmi Moskva bu ölkələrin NATO-ya daxil olmasına qarşı çıxır:

“NATO-nun şərqə doğru genişlənməsi həm də Rusiyanın çevrələnməsi anlamına gəlir. Bu da Rusiyanın dövlət təhlükəsizliyinə təhdid yaradır. Ona görə də Ukrayna və Gürcüstanın Avroatlantik məkanın hərbi blokuna cəlb edilməsi Rusiya tərəfindən arzu olunmadığı kimi həm də böyük bir təhlükə olaraq qəbul ediləcək. Mən Ukraynanın və ya Gürcüstanın NATO-ya bərabərhüquqlu üzv qəbul olunacağını düşünmürəm. Çünki NATO ölkələri Rusiyadan gözlənilən təhlükələri birmənalı şəkildə həll edə bilməyib. Yəni NATO Rusiyadan gələ biləcək raket təhlükələri və bunun qarşısını almaq üçün raketdən müdafiə sistemlərinin yaradılması kimi problemləri həll etməyib. Eyni zamanda Gürcüstanın NATO-ya üzvlük məsələsi gündəmə gələndə Rusiya rəsmiləri bu ölkəyə açıq hərbi müdaxilə edəcəklərinə dair bəyanatlar səsləndirdi. NATO da bunu unutmayıb. Belə olan təqdirdə, NATO Ukraynanı və Gürcüstanı Rusiyanın hərbi müdaxiləsindən qoruyacağına dair öhdəliklər götürübmü? Belə bir öhdəlik yoxdur. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsini unutmaq olmaz. Həmin vaxt Rusiya ordusu Tiflisə yaxınlaşanda NATO Gürcüstanı müdafiə etmədi. Bu baxımdan, Yens Stoltenberqin bu açıqlaması Rusiyanın həmsərhəd slavyan dövləti olan Ukraynanı NATO-nun əhatə dairəsində saxlamaq üçün verilib. Belə olduğu təqdirdə, NATO Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazır olmadığına görə, Ukraynanın və ya Gürcüstanın alyansa üzv olacağını gözləmək inandırıcı görünmür”.

Lakin ekspert hesab edir ki, Rusiya NATO-nun şərqə doğru genişlənməsi prosesinin qarşısını ala bilməyəcək: 

“Çünki Rusiyanın bu prosesin qarşısını almağa gücü çatmaz. Rusiya hərbi ritorikalarla NATO-nun şərqə doğru genişlənməsinə mane ola bilir. Ancaq bu NATO-nun gözləmə mövqeyində qalması anlamına gəlmir. NATO da çox aktiv fəaliyyətə keçib və Rusiyadan gələ biləcək təhlükələri neytrallaşdırmaq üçün ciddi fəaliyyət proqramı hazırlayıb. Ancaq 2019-2020-ci illərdə Ukraynanın və Gürcüstanın NATO-ya qəbulu gözlənilmir. Rusiya bunun qarşısını almaq gücündə deyil. Sadəcə olaraq, Rusiya çaşdırıcı addımlar atmaqla post-sovet ölkələrinin NATO-ya daxil olmasını əngəlləmək istəyir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 969