hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Kremldən yeni təhdid: Siyahıda hansı ölkələr var?

Kremldən yeni təhdid: Siyahıda hansı ölkələr var?

“Bunu yaxşı anlamalısınız ki, Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq”. Bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy yerli televiziya kanalına müsahibəsində bildirib. O iddia ediB ki, Rusiya Gürcüstan ərazilərini işğal etməyib: “Abxaziya və Cənubi Osetiya heç vaxt sizin əraziniz olmayacaq, Rusiya onların müstəqilliklərini dəstəkləyəcək. Tbilisidə Rusiya əleyhinə şüarlarla aksiya keçirənlərə deyin ki, Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq. Bu, heç zaman baş verməyəcək”.

Rusiyanın Gürcüstana aqresiv davranması digər dövlətləri də ehtiyatlandırır. Nəzərə alsaq ki, Ukraynada Donbas və Krım işğal olunub, Rusiyanın məlum  mövqeyi işğaldan əziyyət çəkən bu dövlət üçün siqnal ola bilər. 

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, məlum bəyanat Rusiyanın güc nümayişidir:

“Güc nümayişi olduğu təqdirdə hüquq ikinci sıraya keçir. Güc tətbiq edərək Gürcüstanın ərazi bütövlüyünü pozan və torpaqlarını işğal edən Rusiya yenidən beynəlxalq hüququ saymayaraq, təkcə rəsmi Tiflisə deyil, bütün dünyaya meydan oxuyur. Düşünürəm ki, bu məsələyə, təkcə Gürcüstan deyil, digər dünya gücləri, eyni zamanda Gürcüstanın ərazi bütövlüyünü tanıyan BMT-yə daxil ölkələr də bu yöndə münasibət bildirməlidirlər. Çünki XXI əsirdə zor tətbiq edərək torpaqların işğal və ilhaq olunması nə beynəlxalq münasibətlər sisteminə, nə hüquqa, nə də insanlığa uyğun davranışdır. Dünyanın inkişaf etdiyi bir zamanda hələ də zor tətbiqi ilə torpaqların işğal və ilhaq olunmasına dünya göz yumursa, doğrusu, bu, dünyanın hansı faciəvi durumda olduğunu ortaya qoyur. Bu, təkcə Gürcüstanla bağlı olan məsələ deyil. Məlum olduğu kimi, Rusiya zor tətbiq edərək Ukraynanın əyaləti olan Krım və Sevastopolu da işğal etdi və ardınca saxta referendum keçirməklə ilhaq prosesini başa çatdırdı. Əslində, dünyanın bu məsələyə zamanında lazımi səviyyədə reaksiya göstərməməsi Rusiyanı digər işğallara yönəltdi. Başqa sözlə, dünya güclərinin bu məsələlərə münasibət göstərməməsi Rusiyanı gələcəkdə yeni işğalları stimullaşdıran ölkəyə çevirdi. Bu cür işğal hadisələri bütün dünya ölkələrinə bir örnək olmalıdır”.

Politoloq hesab edir ki, məlum məsələdə Azərbaycan da öz mövqeyini ortaya qoymalıdır: 

“Bu gün Gürcüstan ərazisi Rusiya tərəfindən işğal olunursa və onun nəzarətinə keçirsə, bu, Rusiyaya qonşu olan ölkələrə də ciddi təhlükə yaradır. Azərbaycanın işğal altında olan 20 faiz ərazisi məhz Rusiyanın ciddi yardımı ilə işğal olunub. 27 ildir ki, Rusiya hələ də bu münaqişənin nə sülh, nə də hərbi yolla çözümünə imkan verir. Buna görə də bu məsələdə digər dövlətlər kimi Azərbaycan da öz mövqeyini ortaya qoymalıdır. Çünki ortada zorakılıq və beynəlxalq hüququ ayaqlar altına alan bir fakt varkən, Rusiya rəsmisinin bu yöndə açıqlama verməsi bütün dünyaya barmaq silkələmək anlamına gəlir. Hesab edirəm ki, başda BMT olmaqla Avropa İttifaqı və digər dünya gücləri, eyni zamanda region ölkələri - Azərbaycan və İran da daxil bu məsələyə birmənalı olaraq münasibət bildirməlidir. Əgər bu gün Gürcüstanın və Ukraynanın torpaqları işğal və çox rahatlıqla ilhaq oluna bilirsə, demək, belə bir təhlükə başqalarını da gözləyə bilər”. 

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 5886