hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Kremli qəzəbləndirəcək yeni plan: Daha bir ölkə üzünü Qərbə çevirir

Kremli qəzəbləndirəcək yeni plan: Daha bir ölkə üzünü Qərbə çevirir

Əhəd Məmmədli: “Belarus başa düşür ki, Rusiya ilə maraqları üst-üstə düşməyəndə, təcavüzə məruz qala bilər”

Məhəmməd Əsədullazadə: “Moskva bunu Belarusa bağışlamayacaq”

Belarus Rusiyadan neft asılılığını azaltmaq üçün tarixdə ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarından (ABŞ) neft almaq istədiyini açıqlayıb. “Todd Prince”in yazdığına görə, bu Moskva Belarusu “İttifaq dövləti” daxilində daha dərin inteqrasiyaya çəkməyə çalışdığı bir vaxtda baş verir. Xəbər verilir ki, Belarus Dövlət Neft şirkətinin “Belneftexim” konserni Minskin üzərindən sanksiyaların götürülməsi məqsədilə David Gencarellini ABŞ hökuməti qarşısında lobbiçilik üçün kirayələyib.

ABŞ Xarici Agentlərin Qeydiyyatı sənədlərindən məlum olur ki, Gencarelli Belarusa onun neftayırma zavodlarının Amerika neftini ala bilməsi üçün ABŞ Maliyyə Nazirliyindən lisenziya əldə etməkdə kömək etməlidir. Son otuz ildə lobbiçiliklə məşğul olan Gencarelli hələlik bu xəbər barədə şərh verməyib. Belarusun Vaşinqtondakı səfirliyi də bu xəbərə reaksiya göstərməyib. Qeyd edək ki, Rusiya ucuz enerji satmaqla Belarusu indiyədək öz nüfuz dairəsində saxlaya bilib. Neft emalı Belarus iqtisadiyyatının və ixracatının əsas sahələrindən biridir. Belarusun emal etdiyi neft onun daxili ehtiyaclarından çoxdur. Lakin indi Rusiya Belarusa verdiyi subsidiyaları azaldacağını deyir. Şərhçilərin fikrincə bu, Minski ittifaqa daha möhkəm bağlamaq üçün edilir. Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, o ölkə ticarətində Rusiyanın payını 50 faizdən 30 faizə endirməyi planlaşdırır. Bu məqsədə çatmağın yollarından biri də ABŞ neftini idxal etməkdir.

Maraqlıdır, Belarusun belə bir qərar verməsi Rusiya ilə münasibətlərə necə təsir edəcəkə Rusiyanın cavab addımı nə ola bilərə

Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə şərhində Belarusun bu qərarını “Qərbə açılım” kimi dəyərləndirib. Ə.Məmmədli hesab edir ki, Rusiya Belarusun bu qərarına ciddi reaksiya verməyəcək:

“Belarusun maraqlarının Rusiya ilə üst-üstə düşməməsi birinci dəfə deyil. Ukrayna məsələsində də anoloji vəziyyət yaranmışdı. Baxmayaraq ki, Belarus Rusiya ilə bir ittifqdadır, amma Ukraynanın tərəfini tutdu. Lukaşenko bunu açıq şəkildə dedi və Belarus Krımın ilhaqını, Donbassın işğalını tanımadı. Belarusun ABŞ-dan neft almaq istəməsi isə bir növ özünü sığortalamaqdır. Çünki Ukrayna məsələsindən sonra Belarus həmin təhdidi öz üzərində də hiss edir. Ukraynanın aqibətini gələcəkdə Belarus da yaşaya bilər. Belarus başa düşür ki, Rusiya ilə maraqları üst-üstə düşməyəndə, təcavüzə məruz qala bilər. Ona görə də indidən Avropaya, Amerikaya çıxış yolları axtarır. Əslində, Belarusun ABŞ-dan neft almaq istəməməsi təəccüblü deyil, əksinə, gözlənilən idi. Bu, Belarus adına bir növ Qərbə açılımdır. Hansı sahənin, iqtisadi, siyasi, hərbi və digər bir əməkdaşlıq formasının olması fərq etmir. Düşünmürəm ki, bu məsələ Rusiya-Belarus münasibətlərini ciddi şəkildə korlayacaq. Çünki Rusiya özü də Avropaya qaz satır. Sanksiyalara rəğmən Rusiya ABŞ-la da diplomatik münasibətləri qoruyub saxlayır. İndiki məqamda Rusiyanın da vəziyyəti əvvəlkindən fərqlidir. Daxili vəziyyət Putin üçün təhlükə olmasa da, narahatedicidir. Belə bir məqamda Rusiyanın Belarusa ciddi şəkildə təzyiq edəcəyini gözləmirəm”.

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Belarusla Rusiya arasında zamanla siyasi konfliktlər yaşanır və bu da Prezident Lukaşenkonun Moskvaya demarşıdır:

“Bundan əlavə, Moskva Belarusu öz tərkibinə qatmaq adı ilə “İttifaq dövləti” yaratmaqda maraqlıdır. Qeyd edim ki, Rusiya Belarusa təzyiq üçün dəfələrlə enerji və iqtisadi təzyiqlər edib. Prezident Lukaşenko Rusiya qarşısında manevr etmək və dövlətin müstəqilliyini qorumaq üçün artıq Qərblə dialoqda maraqlıdır. Əvvəl öz hakimiyyətini itirmək qorxusundan Rusiyaya sığınaraq Qərblə əlaqələri korlayan Lukaşenko, artıq Moskvanın ölkəsi üçün təhlükə mənbəyi olduğunun fərqindədir. Ona görə də çalışır ki, Moskva qarşısında mövqelərini möhkəmləndirsin və Rusiyanın iqtisadi təzyiqləri qarşısında duruş gətirsin. ABŞ-dan neft almaq planı məhz Vaşinqtonla gizli danışıqların nəticəsidir. Belarus Prezidenti bunun müqabilində ABŞ-dan iqtisadi-siyasi dəstək alacaq. Son vaxtlarda biz Lukaşenkonun “Qərblə yumşalma” siyasətinə keçdiyini görürük. Moskva bunu Belarusa bağışlamayacaq. Çünki öz strateji ortağı olan bir dövlət, rəqibi ABŞ-la iqtisadi əməkdaşlığa gedir. Qeyd edim ki, Rusiya neftində qatqıların olması Minskə əlavə fürsətlər verib. Çünki Rusiya neftinin kimyəvi tərkibində problemlər Belarus neftayırma zavodlarının işinə mənfi təsir edib. Buna baxmayaraq, Rusiyanın Belarusun bu qərarını özünün iqtisadi siyasətinə zərbə kimi qiymətləndirəcək. Biz bundan sonra iki ölkə arasında davamlı problemlərin yaşanacağının şahidi olacağıq. Lukaşenko Rusiyanı tənqid edəcək, qarşılıqlı ittihamlar olacaq. Ancaq Belarus Qərblə əməkdaşlığını inkişaf etdirəcək”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3510