hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Kremlin Araik Arutunyan “sevgisi”ni bitirmək üçün: “Laçın dəhlizinin statusu ləğv edilməli..."

Kremlin Araik Arutunyan “sevgisi”ni bitirmək üçün: “Laçın dəhlizinin statusu ləğv edilməli..."

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Dağlıq Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü bərpa etsə də, Rusiyanın rəsmi dairələri bu prosesi pozan addımlar atır.

Vaxtaşırı Rusiyanın dövlət qurumları Dağlıq Qarabağdakı qondarma rejimin təmsilçiləri ilə “prezident”, “təhülkəsizlik şurasının katibi”, “xarici işlər naziri”, “fövqəladə hallar naziri” adı altında görüşlər keçirir.

Cinayətkar rejimin başçısı Araik Arutunyanın bu yaxınlarda Moskvaya səfər edərək Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşməsi, yaxud Rusiya sülhməramlı qüvvələrinin komandanı general Rüstəm Muradovun Xankəndidəki terrorçularla müzakirələr aparması bunu bir daha sübut edir.

Eyni zamanda, Rusiya hakimiyyətinə yaxın kütləvi informasiya vasitələri Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbərlərini “prezident”, “Milli Məclisin sədri” “nazir” kimi təqdim edir. Bəzən isə Azərbaycanın etirazından özlərini sığortalamaq üçün “Tanınmamış Dağlıq Qarabağ Respublikası” terminindən istifadə edirlər.

Halbuki, İkinci Qarabağ Müharibəsindən sonra Dağlıq Qarabağda hər hansı erməni dövlətinin mövcudluğundan söhbət gedə bilməz. Çünki Azərbaycan ordusu hərbi əməliyyatlar nəticəsində status-kvonu və təmas xəttini ləğv edib. Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda da Dağlıq Qarabağın statusu haqda heç bir ifadə yer almayıb.

Bu isə Dağlıq Qarabağdakı qondarma rejimin ləğvi deməkdir. Ermənistanın kapitulyasiya sənədinə imza atması Dağlıq Qarabağdakı ermənilərə xüsusi siyasi status verilməyəcəyinə dair Azərbaycanın tələblərini qəbul etməsi demək idi.

Lakin “Paşinyandan daha çox “qriqoryan olmağa çalışan” Kreml rəsmiləri görünür, “bəlkə də qaytardılar” ümidi ilə hərəkət edir. Ancaq 44 günlük müharibədən sonra yeni geosiyasi reallığı dəyişməyin mümkün olmadığını həm İrəvanda, həm də regionda marağı olan böyük dövlətlərin paytaxtlarında yaxşı anlayırlar.

Ona görə də Rusiya, ABŞ, Türkiyə, İran və digər ölkələr, o cümlədən Ermənistan bölgə ilə bağlı siyasətini post-münaqişə dövrünün reallıqlarına uyğun qurmağa çalışır. Bu prosesdə müşahidə olunan rəqabət tərəflərin müxtəlif mövqedən çıxış etməsi ilə müşayət oluna bilər. Lakin reallığı dəyişmək mümkün deyil.

Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirdi ki, Rusiyanın bu davranışı beynəlxalq hüquqa ziddir. Rusiya rəsmilərinin Araik Arutunyanla görüş keçirməsi Azərbaycanın dövlət suverenliyinə hörmətsizlikdir:

“Rusiya özünü Azərbaycanın strateji tərəfdaşı kimi təqdim edir. Əgər Rusiya strateji tərəfdaşdırsa, niyə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etmir? Araik Arutunyanın bu səviyyədə qəbul olunması Azərbaycana hörmətsizlikdir. Əgər Rusiyada olan hər hansı separatçı qurumun başçısını Azərbaycana dəvət edib dövlət səviyyəsində qəbul edərlərsə, bu, Rusiyanın xoşuna gəlməyəcək. Eləcə də Rusiya hakimiyyət nümayəndələrinin separatçı, cinayətkar Araik Arutunyanla görüşməsi Azərbaycanın narazı salır. Bütün bu faktlar göstərir ki, Rusiyanın niyyəti Qarabağda atəşi kəsməklə problemi tamamilə həll etmək deyil. Burada əsas məqsəd geosiyasi oyun nəticəsində Türkiyəni tədricən Azərbaycandan sıxışdırıb çıxartmaq, Azərbaycana təzyiq etməklə yenidən Rusiyanın orbitinə çəkməkdən ibarətdir.

Ancaq işğaldan azad edilmiş əraziləri Rusiya Azərbaycana sinidə təqdim etməyib. Bu torpaqlar 3 min Azərbaycan igidinin qanı hesabına düşməndən təmizlənib. Bu prosesdə Azərbaycanı dəstəkləyən əsas dövlət qardaş Türkiyə olub. Ona görə də Rusiyanın Azərbaycanı siyasi buxova salmaq istəyinə qətiyyən yol vermək olmaz”.

Politoloqun fikrincə, Rusiyanın ictimai-siyasi dairələrində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqil siyasi subyekt kimi təqdim edilməsi həm də bu ölkədəki erməni diasporunun fəaliyyətinin nəticəsidir:

“Qərbdə olduğu kimi, Rusiyada da erməni diasporu güclüdür. Erməni maqnatları media sahəsinə külli miqdarda vəsait xərcləyir. Ona görə də Rusiya medaisı daim Ermənistanı birtərəfli qaydada müdafiə edib. Həmin proses bu gün də davam edir. Rusiyanın özündə fəaliyyət göstərən və erməni maqnatlarının maliyyə asılılığında olmayan başqa elektron media vasitələrinə də erməni jurnalistləri yeritməklə onların təbliğat işinə təsir göstərirlər. Hesab edirəm ki, bu siyasətin başında dayanan əsas fiqurlardan biri də Rusiyanın Xarici işlər naziri Sergey Lavrovdur. Bu baxımdan, belə hadisələrin baş verməsi gözləniləndir. Rusiya cəmiyyətində xristian olmasına baxmayaraq, erməniləri sevmirlər. Lakin Rusiya ictimaiyyətinin iradəsindən asılı olmayan KİV-lər var ki, onlar dövlətin siyasətini həyata keçirir. Onların arasında dövlət strukturlarına və Rusiyanın maliyyə sektrouna sızmış ermənilər var. Həmin ermənilər Rusiya mediasının gücündən öz düşmənlərinə qarşı təzyiq edirlər. Ermənilər həm də media vasitəsilə lobbilər qurur və hakimiyyətin siyasətinə təsir göstərir. Baydenin 1915-ci il hadisələrini “soyqırım” adlandırması erməni diasporunun yürütdüyü siyasətin nəticəsidir”.

Rusiya mediasının Dağlıq Qarabağdakı uydurma rejimin nümayəndələrini müstəqil dövlətin rəhbəri kimi təqdim etməsinə gəlincə, həmsöhbətimiz düşünür ki, bunun qarşısını almaq mümkündür:

“Azərbaycan 44 günlük Vətən müharibəsində olduğu kimi proses yaratmalıdır. Məlumdur ki, 10 noyabr bəyanatının imzalanmasından az sonra Ermənistan Şirak bölgəsindən bir qrup xüsusi təyinatlı silahlını Dağlıq Qarabağa göndərdi. Ancaq Azərbaycan ordusu onları darmadağın etdi. Terrorçuların bir qismi zərərəsizləşdirildi, qalanları saxlanıldı. Onların barəsində cinayət işi açılıb və hələ də həbsdədirlər. Bu olay Azərbaycan üçün ən böyük göstərici idi. Yəni prosesi Azərbaycan özü yaratdı. Ona qədər 28 il Azərbaycan ATƏT-in Minsk Qrupunun arxasınca gedib. Nəhayət, ötən il Azərbaycan özü bir proses yaratmağa başladı. Bütün dünya, o cümlədən Minsk Qrupunun həmsədr dövlətləri də Azərbaycanın yaratdığı prosesinin arxasınca sürünməyə məcbur oldular. Bu, onu göstərir ki, hadisələri öncədən biz təşkil etməliyik. Azərbaycan xarici siyasətdə 2020-ci il sentyabrın 27-də başlatdığı hücum taktikasını davam etdirməlidir. Başqa ölkələr bu prosesi dayandıra bilmədi. Çünki onları müşahidəçi olmağa vadar edən bir güc və siyasi iradə var idi. Bu da Azərbaycan idi. Ona görə də müharibə bitəndən sonra Azərbaycan əvvəlki statusa qayıtmamalıdır. Yəni Azərbaycan hərbi-siyasi təzyiq imkanlarını daim erməni silahlıları və Rusiya sülhməramlılarının başı üzərində "Demokl qılıncı" kimi saxlamalıdır. Rusiya sülhməramlıları öz həddini aşaraq istədiklərini edir, Azərbaycan üçün gələcəkdə xoşagəlməz situasiya yaratmağa hazırlaşırlar. Gürcüstanda tutulan hərbi yüklər və İran ərazisi vasitəsilə Ermənistana, oradan isə Qarabağa göndərilən silah-sursat bunu bir daha təsdiq edir. Ona görə də Azərbaycan 44 günlük müharibə dövründə olduğu kimi yenidən proses yaratmalıdır. Azərbaycan ilk növbədə, dərhal və qeyd-şərtsiz erməni yaraqlılarının Dağlıq Qarabağadan çıxarılmasını birinci şərt kimi tələb etməldir. İkincisi, Azərbaycan Laçın dəhlizi statusu ləğv edilməli, Laçın rayonu ərazisi ilə Ermənistanı birləşdirən sərhədlər bağlanmalıdır. Həmin ətrazidə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin postları yerləşdirilməlidir. Bu cür proseslər yaradılarsa, Dağlıq Qarabağdan bu ifadələrlə danışmağa da lüzum qalmayacaq”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3235