hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kremlin başı qovğada: Yaratdığı münaqişələr öz ərazisinə keçir

Kremlin başı qovğada: Yaratdığı münaqişələr öz ərazisinə keçir

Moskvada ermənilərlə azərbaycanlılar arasında baş vermiş qarşıdurma göstərdi ki, Rusiyanın sərhədlərindən kənarda yaratdığı milli münaqişələr indi onun öz daxilinə keçə bilər.

Hadisələrin miqyasının böyüməsi dini müstəviyə transfer edə və ya digər millətlərin bu toqquşmalara cəlb olunması ehtimalını yarada bilər. Hətta nə vaxtsa Moskvanın küçələrində gürcülərlə abxazlar, gürcülərlə və yaxud ukraynalılarla ruslar arasında siyasi zəmində kütləvi davaların baş verəcəyi istisna edilmir.

Çoxmillətli dövlət olan Rusiyada milli münaqişələrin artması ölkənin mövcudluğunu təhlükə altına sala bilər. Bunu isbat etmək üçün nəzəri baxımdan, bəzi müqayisələr aparmaq kifayətdir. Rusiyada ümumi sayı 40 milyona yaxın 11 türkdilli xalq yaşayır. Ermənilərin türk düşmənçiliyini Rusiyada həyata keçirmək cəhdi bu alovun bütün ölkəyə yayılmasına gətirib çıxara bilər.

Prosesin dini müstəviyə transfer etməsi isə Şimali Qafqazdan Sibirə qədər Rusiyanın döyüş meydanına çevrilməsi deməkdir. Ancaq hadisələrin gedişi hazırkı mərhələdə Rusiyanın həm yaxın xaricində, həm də öz daxilində milli zəmində siyasi bloklaşma tendensiyasının əlamətlərinin meydana çıxdığını göstərir.

Belə ki, yəhudi milliyyətinə mənsub məşhur iş adamları Qod Nisanov, Zara İliyevin erməni məhsullarını “Fud Siti”, Araz Ağalarovun isə “Sənin evin” ticarət mərkəzlərində erməni məhsullarının satışına qadağa qoyması onların bu savaşda Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini göstərdi. Eləcə də Ukraynanın Tovuz döyüşləri zamanı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etməsi ermənilərdə bu ölkəyə qarşı, sanki nifrət formalaşdırıb. Ukraynanın Ermənistandakı səfirliyinin hücuma məruz qalmasından sonra rəsmi İrəvan Kiyevə qarşı növbəti təxribata əl atıb. Ukraynanın Luqansk vilayətindəki separatçıların qondama milli milis qüvvələrinin nümayəndəsi kimi təqdim edən Yakov Osadçiy iki ölkə arasındakı münasibətləri körükləyən açıqlama verib. O Ukrayna Milli Təhlükəsizlik Xidmətinin guya Ukrayna Silahlı Qüvvələrindəki təcrübəli hərbçiləri Ermənistana qarşı döyüşmək üçün Azərbaycana göndərdiyini iddia edib. Yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan Qazaxıstan, Qırğızıstan və Belarus Dağlıq Qarabağ probleminə münasibətdə faktiki olaraq Ermənistana ək-mövqedən çıxış edir. Son vaxtlar Ermənistanla münasibətləri istiləşdirən Gürcüstan özünü bitərəf kimi təqdim etməyə çalışsa da bu yolun davamlı olacağı inandırıcı görünmür. Çünki Abxaziya və Cənubi Osetiya münaqişələri Gürcüstanın Rusiya ilə eyni kursdan çıxış etməsinə imkan vermir.

Tovuz döyüşlərindən sonra müxtəlif ölkələrdə, o cümlədən Moskva şəhərində ermənilərin azərbaycanlılara qarşı hücumunu təşkil etməklə Rusiya xüsusi xidmət orqanları münaqişəni dərinləşdirməyə və iki xalqın birlikdə yaşayışının qeyri-mümkün olduğunu dünyaya isbat etməyə çalışır. Bu həm də Azərbaycana qarşı ciddi təhdid mesajıdır. Ancaq sözügedən qarşıdurma Rusiyanın özü üçün də ciddi problem yarada bilər. Çünki etirazların miqyası digər ölkələri və millətləri də əhatə etməyə başlayıb. Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress” agentliyinə müsahibəsində Azərbaycanı Rusiyada sabitliyi pozmaqda və Rusiyanı millətlərarası toqquşmalar meydanına çevirməkdə iittiham etməsi də bu təhlükənin kifayət qədər real olduğunu əks etdirir.

Kreml isə bu siyasətin Rusiya üçün nə qədər ı təhlükə yaratdığının fərqində deyil.

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə baxışında ciddi problemlər var. Bu səhvin Rusiyanın daxilində yeni problemlərə yol açacağı şübhəsizdir. “Qeyd edim ki, Moskvada ermənilərlə azərbaycanlılar arasında problemləri körükləmək və əlbəyaxa davanı milli müstəviyə qaldırmaqla öz siyasətində iki ölkəyə təsir etmək mexanizmini əldə etməyə çalışmaq çox ciddi tendensiyadır. Rusiya özü çoxmillətli dövlətdir və bu ölkədə etnik və milli qarşıdurmalar baş qaldıra bilər. Rusiya rəhbərliyi zamanla bu kimi siyasətdən istifadə edib. Amma yeni bir siyasi nizamın formalaşdırdığı dünyada bu taktikadan istifadə etmək öz əleyhinə çevrilə bilər. Kreml belə məsələlərdə ehtiyatlı olmalıdır. Əgər bu siyasətində korrektələr edilməsə, Rusiyada separatizm, millətlərarası münaqişələr müəyyən qrupları qızışdıra bilər. Rusiyada skinhedlər deyilən millətçi qruplar fəallaşıb. Digər ölkələrin vətəndaşlarına, həmçinin Rusiyada yaşayana millətlərə qarşı zorakıllığa əl atılsa, hesab edirəm ki, bu Rusiyada digər xalqların müstəqillik arzusunun meydana çıxmasına gətirib çıxara bilər.

Moskvada və digər böyük şəhərlərdə millətləri küçələrdə bir-biri ilə vuruşdurmaq Rusiyanın köhnə strategiyasıdır. Yeni qloballaşma dövründə bu Rusiyanı zəiflədər və parçlanmasına gətirib çıxara bilər. Sonra Moskva günahı Qərbdə axtarmağa başlayacaq. Halbuki, millətlərarası nifaq "toxumu" Rusiya Xarici İşlər Nazirliyində və Kremldə "əkilir". Şimali Qafqaz, Sibir ətrafı bir çox respubliklara qarşı dil ayrı-seçkiliyi və daxili müstəqilliklərin alınması Kreml tərəfindən aparılan təhlükəli siyasətdir. İndi də millətləri Moskva küçələrində bir-birinə qarşı çıxarmaqla Rusiyanın bütövlüyünə qarşı gedirlər. Rusiya dünyanın ən təhlükəli ölkəsi statusuna gətirilə bilər”.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 23244