hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kremlin Cənubi Qafqaza qoşun yeritmək üçün yeni ssenarisi: Özünə qarşı çevriləcək?

Kremlin Cənubi Qafqaza qoşun yeritmək üçün yeni ssenarisi: Özünə qarşı çevriləcək?

Ermənistana havadarlıq edən Rusiya və digər ölkələr Dağlıq Qarabağda Suriyadan gətirilmiş muzdluların döyüşməsi barədə dezinformasiya yaymaqda davam edir.

Lakin bu iddiada çıxış edən tərəflərin heç biri indiyə qədər konkret fakt təqdim edə bilməyib. Buna baxmayaraq, Dağlıq Qarabağ probleminə aidiyyəti olmayan məlumatlardan Azərbaycan və Türkiyəyə qarşı şantaj məqsədilə istifadə edilə bilər.

Oktyabrın 13-də Çeçenistanda Suriyadan gəldiyi bildirilən dörd terrorçunun zərərsizləşdirilməsi erməni havadarlarına bu hadisəni arqumentə çevirmək üçün spekulyasiya imkanları yaradır. Rusiya həmin terrorçuların guya Türkiyə və Qarabağ marşrutu üzrə gəldiyini bəhanə edərək sərhədlərinin təhlükəsiliyini təmin etmək adı altında Cənubi Qafqaza əlavə hərbi qüvvələr yeritmək iddiasına düşə bilər.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Cənubi Qafqazda baş verən geosiyasi proseslər regionda marağı olan dövlətlər arasında maraqlar toqquşmasına səbəb olur. Bölgədə möhkəmlənməyə çalışan Rusiya məqsədinə çatmaq üçün “arqumentlər” tapmağa çalışır:

“Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləməkdədir. Bu, yalnız Dağlıq Qarabağda deyil, Gürcüstanda da müşahidə olunur. Qarabağda Türkiyə ilə maraq toqquşması və dayaqlarının müəyyən qədər zəifləməsi Kremli narahat edir. Bu baxımdan, Çeçenistanda dörd nəfərdən ibarət silahlı dəstənin meydana çıxması və zərərsizləşdirilməsi Moskvanın diqqətini Cənubi Qafqaza yönəldib. Rusiya kəşfiyyatının rəhbəri Sergey Narışkin də bir neçə gün əvvəl qeyd etdi ki, Cənubi Qafqazda Suriyadan gələn qüvvələr var. Bununla da Moskvanın diqqətini Qarabağ məsələsinə çəkdilər. Türkiyənin Cənubi Qafqazda fəallaşması Moskvanı narahat edir. Ona görə də Rusiya belə bir cılız arqumenti ortaya atmağa çalışır. Çürcüstan hələ 1990-cı illərin ortalarında Rusiyaya qarşı müqavimət hərəkatının mərkəzi olub. Orada hələ də cihadçı, terrorçu qüvvələr ola bilər.

Vaxtilə Çeçenistandan döyüşmək üçün Suriyaya gedən terrorçular da var. Lakin Azərbaycan terrorun Şimali Qafqazdan Rusiyaya yayılmasının qarşısını alıb və bu məqsədlə daim şimal sərhədlərində hərbi əməliyyatlar keçirib. Şimali Qafqazda belə yaraqlılar həmişə olub. Ancaq bu məsələnin indi qabardılması Rusiyanın imperiya maraqlarından irəli gəlir. Eyni zamanda, Rusiyanın Dağlıq Qarabağda müharibə gedən zaman bu məsələni qaldırması şübhəlidir. Hesab edirəm ki, bu daha çox DTK üsuludur. Yəni Rusiya ola bilsin ki, cənub sərhədlərində terrorçuların qarşısının alınması və zərərsizləşdirilməsi adı altında Cənubi Qafqaza qoşun yeritmək üçün bir ssenari hazırlayıb”.

Ekspert hesab edir ki, Ermənistanın dünyaya haray salaraq Türkiyənin guya Suriyadan münaqişə bölgəsinə yaraqlılar gətirməsi barədə dezinformasiya yayması və Putinin də bu təxribata uyması, ardınca Çeçenistandakı hadisə Moskavanın Cəınubi Qafqaza ordu yeritmək planlarından irəli gəlir:

“Halbuki, Rusiya hakimiyyəti də yaxşı bilir ki, Qarabağda heç bir cihadçı qüvvə və ya terrorçu yoxdur. Terrorçular Ermənistandadır və İraqın Süleymaniyyə şəhərindən PKK terrorçuları Yunanıstan təyyarələri ilə Azərbaycanın işğal olunmuş ərazilərinə daşınıb. Ona görə də Rusiya terrorçuluğa qarşı mübarizə aparmaq istəyirsə, ilk növbədə Ermənistanı cəzalandırmalıdır. Rusiyanın özünün PKK terror təşkilatı ilə Suriyada və İraqda sıx əlaqələri var. PKK-nın Moskavada nümayəndəliyi fəaliyyət göstərir. Belə olan halda Rusiyanın terrordan danışması, bunu Qarabağla əlaqələndirməsi cəfəng iddiadır və regiona müdaxilə etmək üçün bəhanə axtarmaqdır.

Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq başlatdığı “əks-həmlə”ni davam etdirməlidir. Üçüncü qüvvələrin bu prosesə müdaxiləsinin şahidi oluruq. Türkiyə qətiyyətlə belə təzyiqlərin qarşısını alır. Rusiyanın qondarma arqumentlərdən istifadə edərək Qarabağ məsələsinə müdaxilə etməsi Kremlin geosiyasi maraqlarının iflasına gətirib çıxara bilər. Ən yaxşı halda Rusiya bu kimi məsələləri arxa plana keçirməli və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə neytral qalmalıdır. Moskvada yaxşı bilirlər ki, Çeçenistandakı terrorçular Pankisi dərəsində təlim keçir, oradan Suriyaya gedir və həmin marşrutla geri qayıdır. Bu, Rusiyanın daxili problemidir. Şimali Qafqazda Rusiyanın kifayət qədər silahlı qüvvələri və terrorçuluğa qarşı istənilən səviyyədə mübarizə apara bilir. İndiki şəraitdə Çeçenistanda terror məsələsinin qabardılması Azərbaycanın Qarabağdakı haqq işinə mane olmaq məqsədi daşıyır və blefdir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7866

Bizim Telegram səhifəmizi izləyin