hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kremlin ikibaşlı Qarabağ siyasəti: XİN-nin bəyanatı nəyə xidmət edir?

Kremlin ikibaşlı Qarabağ siyasəti: XİN-nin bəyanatı nəyə xidmət edir?

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəsin pozulması hərbi əməliyyatların baş verməsi ilə əlaqədar bəyanat yayıb.

“Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən ciddi narahatlığını bildirir. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın daha da genişlənməsinin yolverilməz olduğunu düşünürük",- Rusiya XİN-in məlumatında belə qeyd edilir.

Diplomatlar münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə hörmət etməyə çağırıblar. Rusiya tərəfi adından Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsinə kömək etməyə hazır olduğunu bildirib.

Politoloq Natiq Miri Cebhe.info-ya bildirb ki, Rusiyanın yardım təklifi yalnız Kremlin geosiyasi maraqlarına xidmət edir və münaqişənin həllinə töhfə verməyəcək. Ona görə də Azərbaycan Rusiyanın səylərini gözləmədən işğal altındakı torpaqlarını azad etmək üçün antiterror əməliyyatına başlamalıdır.

“Rusiyanın dərhal belə reaksiya verməsi yaranmış vəziyyətdən istifadə edərək növbəti dəfə özünün geosiyasi maraqlarını təmin etmək məqsədi daşıyır. Rusiya bununla dünyada özünün sülhməramlı dövlət olduğuna dair rəy yaratmaq istəyir. Bu, daha çox Rusiyanın maraqlarına xidmət edir. Eyni zamanda Rusiya yaranmış vəziyyətdən istifadə edib Paşinyan hökumətinə dərs vermək istəyir. Putin hakimiyyəti göstərmək istəyir ki, Rusiya olmasa, Azərbaycan onlara asanlıqla dərs verər. Baş vermiş hərbi əməliyyatlara həm Rusiya, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində ciddi reaksiyalar verilmədi. Hərbi dəstəklə bağlı Ermənistanın gözləntisi özünü doğrultmadı. Bu isə göstərdi ki, Ermənistan hərbi təxribatların fonunda gözlədiyi dəstəklədiyi ala bilməyəcək. Mövcud vəziyyətdə KTMT-yə daxil olan ölkələrin heç biri, hətta Rusiya Azərbaycanla münasibətləri korlamaq, onu özü üçün düşmən dövlətə çevirmək istəmir. Çünki bu, Rusiyanın siyasi maraqlarına xidmət etmir. Ona görə də Rusiya Xarici İşlər Nazirliyinin bu açıqlaması rəsmi Moskvanın geosiyasi maraqlarına xidmət edir. Bu, Kremlin növbəti riyakarlığıdır. Eyni zamanda, məqsəd prosesin Rusiyanın nəzarətində olduğunu dünyaya nümayiş etdirmək cəhdidir. Rusiyanın münaqişənin həllinə kömək etmək istəyinə inanmaq düzgün olmaz. O halda sual oluna bilər ki, 28 ildir ATƏT-in Minsk Qrupuna həmsədrlik edən Rusiya indiyə qədər nə işlə məşğul idi? Ortada işğal faktı və beynəlxalq hüquq varkən, bütün ölkələrin Ermənistanı işğalçı kimi tanıdığı bir halda Rusiyanın münaqişəni həll etmək istəyi bir qədər gülünc görünür. Çünki Rusiya hələ də postsovet məkanındakı münaqişələrdən özünün geosiyasi maraqları üçün istifadə edir. Bu, Ukraynada da, Gürcüstanda da, Dnestryanı bölgədə də, Azərbaycanın işğal olunmuş ərazilərində belədir”.

Ekspert bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılaşma əldə edilməsi və Kremlin vasitəçiliyi ilə danışıqların davam etdirlməsinə çalışa bilər. Bununla da özünün sülhməramlı missiyasını dünyaya göstərməyə çalışacaq. Lakin Azərbaycan tərəfinin atəşkəsə imza atması milli maraqlara zidd olar:

“Hansı atəşkəsdən söhbət gedə bilər? 1994-cü il mayın 12-də imzalanmış atəşkəsin müddəti bitib. Azərbaycan işğal altındakı torpaqlarını azad etməlidir və bunun üçün Rusiyanın icazəsini gözləmək lazım deyil. Azərbaycan Ermənistanla sərhəddəki hərbi qarşıdurmanı Qarabağ cəbhəsinə transfer etməlidir. Çünki Qarabağ cəbhəsində Azərbaycanın işğal edilmiş 20 faiz torpaqları var. Beynəlxalq hüquq normaları və bütün sənədlər Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsini dəstəkləyir. Döyüşləri Qarabağ cəbhəsinə transfer etmək və anti-terror əməliyyatlarına başlamaq lazımdır. Bunun üçün xüsusi bir səbəbə ehtiyac yoxdur. Azərbaycamın işğal olunmuş torpaqlarından böyük səbəb ola bilməz. Putinin və Şoyqunun zəngləri ilə Ermənistanla yenidən atəşkəsə getmək şəhid qanlarına hörmətsizlik olar. Şəhid qanının töküldüyü torpaqlar müqəddəsdir. Ermənistan təxribat törədib, Azəraycan torpaqlarını işğal etməyə cəhd göstərib, ordumuz da adekvat cavab verib. Amma əsl cavab işğal edilmiş ərazilərdə verilməlidir.

Bunu həyata keçirmək üçün kiminsə icazəsinə ehtiyac yoxdur. Azərbaycan proses yaratmalıdır. Ortada Türkiyə təcrübəsi var və Azərbaycan bundan uğurla istifadə edə bilər. Məgər Türkiyə Liviyaya hərbi qüvvə yeridəndə Rusiyadan, Misirdən, Birləşmiş Ərəb Əmirliklərindən icazə aldı? Dünyanın böyük dövlətlərinin dəstəklədiyi qiyamçı Həftəri darmadağın edəndə Türkiyə heç kimin razılığını almadı. Artıq Türkiyənin hesabına Liviya hökuməti uğur qazanır. Azərbaycan da bunu görməli və nəzərə almalıdır. Azərbaycan qüdrətli ölkədir, qüdrətli ordusu var və buyurub torpaqlarını azad etməlidir. Bu gün bütün Azərbaycan xalqı vətəni qorumaq, torpaqlarını işğaldan azad etmək üçün ayaq üstədir. Azərbaycan aldığı bahalı silahları işə salmalıdır. Çünki bu, milli şərəf məsələsidir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 15698

Bizim Telegram səhifəmizi izləyin