hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Kremlin milyarder kartı və ya özfəaliyyət: Susqun rəqib Paşinyanı küncə sıxışdıracaq?

Kremlin milyarder kartı və ya özfəaliyyət: Susqun rəqib Paşinyanı küncə sıxışdıracaq?

Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdə indiki Baş nazir Nikol Paşinyana yeni rəqib gəlir.

Bu, Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abrahamyandır.

Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, Abrahamyan seçkidə iştirak edəcəyini anons edib və vətəndaşlara səslənib:

“Hər bir Ermənistan vətəndaşı növbədənkənar seçkilər günü ölkədə olmalı və səs verməlidir”.

Abrahamyan Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətin olduqca ağır olduğunu bildirib və özünü də günahkar sayıb:

“Ölkədə vəziyyət çox ağırdır. Mən də özümü günahkar sayıram, çünki mübarizə aparmadım. Soruşmadım ki, o (Paşinyan nəzərdə tutulur-red.) kimdir, haradan gəlib?”

Hələlik Abrahamyanın seçkiyə müstəqil namizəd, yoxsa digər siyasi qüvvələrin namizədi kimi qatılacağı bəlli deyil. Ara Abrahamyan bu barədə danışmağı tez hesab edib. Bildirib ki, yaxın günlərdə İrəvana gedəcək və orada bütün bu məsələlərlə bağlı görüşlər olacaq. Bu görüşlərdən sonra onun seçkidə hansı formada iştirakı açıqlanacaq.

Ekspertlər bildirirlər ki, xaricdəki erməni diasporunun etimadını itirmiş Nikol Paşinyana daxildəki müxalif qüvvələrdən daha çox Ara Abrahamyanın namizədliyi təhlükəlidir. Ən mühüm amil isə onun Rusiyada yüksək dairədə dəstək qazanması ehtimalıdır. Bəzi mənbəblər isə onu artıq indidən “Kremlin namizədi” deyə təqdim edir.

Qeyd edək ki, 64 yaşlı Abrahamyan həm Rusiyanın, həm də Ermənistanın vətəndaşlığını daşıyır. Ancaq onun seçkilərə birbaşa Kremlin namizədi kimi qatılacağını söyləmək çətindir. Çünki Ara Abrahamyan Rusiyadakı erməni diasporasının tanınmış üzvlərindən olsa da, yüksək nüfuza malik deyil. Digər tərəfdən, Abramyanın ciddi siyasi karyerası da yoxdur. O, ermənilər arasında daha çox milyarder kimi tanınıb.

Abramyan rəhbərlik etdiyi Rusiya Müdafiə Texnologiyaları vasitəsilə 2000-ci ilin əvvəllərində Liviya iqtisadiyyatına 1 milyard dollar məbləğində investisiya da yatırmışdı. Lakin 2011-ci ildə “Ərəb baharı” zamanı Liviya lideri Müəmmmər Qəddafinin devrilməsindən Ara Abrahamyana ciddi zərbə vurur. Onun “Qəddafi ölkəsini, mən isə pullarımı itirdim”, - deməsi məhşur ifadəyə çevrilib.

Ara Abrahamyan ictimai fəaliyyətə 2000-ci ildə başlayıb. Onun karyerasında əsas yüksəlişi də bu dövrə təsadüf edir. Abrahamyan 2000-ci ildə Rusiya Erməniləri İttifaqı Ümumrusiya ictimai təşkilatının prezidenti seçilib. 2003-cü ildə Abrahamyan Dünya Erməni Konqresi Beynəlxalq Erməni İctimai Birliyinin prezidenti seçilir. Bundan başqa, erməni milyarder UNESCO-nun xoşməramlı səfiri, Rusiya Federasiyası İctimai Palatasının millətlərarası münasibətlər və vicdan azadlığı Komissiyasının üzvü də olub.

Lakin sonradan ermənilər arasında Abrahamyana qarşı narazılıq artıb. 2013-cü ildə Rusiyadakı erməni icması Abramyanın istefaya çağırdı. Onu Rusiya KİV-lərinin anti-Erməni məlumatlarına və Rusiyadakı ermənilərin mülki və milli hüquqlarının pozulmasına Rusiya Erməniləri İttifaqı tərəfindən adekvat cavab verilməməsində ittiham edirdilər.

2015-ci il yanvarın 17-də diaspora üzvləri imza toplayaraq Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abrahamyan və müavini Levon Mukanyanın istefası tələb etdilər. Petisiyanın mətnində qeyd edirdi ki, Abrahamyan Rusiyadakı erməni diasporunun lideri rolunu öz üzərinə götürdüyü vaxtdan bəri bu sahədə demək olar ki, inkişaf etməyib. Rusiya-erməni cəmiyyətinin Abrahamyanın istefasını tələb etməsinin səbəblərindən biri də Valeri Permyakov tərəfindən 2015-ci il yanvarın 12-də Gümrüdə altı nəfəri öldürməsi ilə bağlı hər hansı mövqenin olmaması idi.

2018-ci ilin fevralında Ara Abrahamyanın Putinlə dost olması adı altında rusiyalı sahibkarlardan pul istəməsi ilə bağlı mətbuatda silsilə məqalələr yayımlanmışdı. Ara Abrahamyanın seçkilərdə namizədliyini irəli sürüb parlamentə düşmək imkanı qazanarsa, daha çox müstəqil deputat kimi fəaliyyət göstərə bilər. Çünki Ermənistanda Baş nazir seçilmək üçün Abrahamyan müxalifətin vahid namizədi olmalı və ya Ermənistan qanunvericiliyinə görə, parlamentdəki deputatların üçdə ikisinin səsini toplamalıdır. Bunlar isə indiki situasiyada real görünmür.

İlk növbədə, ona görə ki, Paşinyanın istefasını tələb edən siyasi partiyalar əvvəlcə Baş nazir postuna müvəqqəti vahid namizəd kimi Vazgen Manukyanı dəstəkləsə də, indi vəziyyət dəyişib. Partiyalar seçkilərə ayrılıqda getməyə üstünlük verir. Bu da hər bir partiya sədrinin Baş nazirliyə iddialı olması ilə bağlıdır. Hələlik blok şəklində seçkilərə qatılmaq istəyən siyasətçi eks-prezident Robert Köçəryandır. O, “Daşnaksütyun” Erməni İnqilabi Federasiyası ilə ittifaq yarada bilib. Lakin sabiq prezident Serj Sarkisyanın seçkilərdə R.Köçəryanı dəstəkləməkdən imtina etməsi “Qarabağ klanı”nın siyasi çat verməsinə səbəb olub.

Qeyd edilən səbəbdən müxalifət partiyalarının Abrahamyanı dəstəkləyəcəyi şübhə altına düşür. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Köçəryanın barəsindəki cinayət işini ləğv etməsi ona namizəd kimi seçkidə iştirak etmək imkanı yaradır. Belə olan təqdirdə, Rusiyanın Köçəryana deyil, Abrahamyana dəstək verəcəyi inandırıcı görünmür.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3664