hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Kremlin Qarabağ siyasəti: “Mərkəzi Komitənin o vaxtkı xətti davam etdirilir” - Qulu Məhərrəmli

Kremlin Qarabağ siyasəti: “Mərkəzi Komitənin o vaxtkı xətti davam etdirilir” - Qulu Məhərrəmli

“İndi də Qarabağ məsələsini unutdurmağa çalışan qüvvələr var”  

“Xocalı soyqırımının qurbanlarını Çingiz Mustafayev çəkirdi, doğru, bəs Çingizin özünü kim çəkirdi?!”


Modern.az saytının “Qarabağ söhbəti” layihəsi davam edir. Layihə çərçivəsində budəfəki müsahibimiz tanınmış telejurnalist, professor Qulu Məhərrəmlidir.

- Qulu müəllim, Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, problemləri vaxtilə birbaşa efirdən ictimaiyyətə çatdıran jurnalistlərdənsiniz. Sizcə, bu gün də problemi efirdən o səviyyədə çatdıra bilirikmi?

- Münaqişə davam etsə də, bu gün daha o gün deyil. Belə təsəvvür yaranır ki, Qarabağ mövzusu elə bir-iki adamın boyuna biçilib. Əslində əvvəllər də təxminən belə olub. Təsəvvür edin, hələ 1996-cı ildə Çapay Sultanov kitabında yazırdı ki, mətbuat Qarabağ mövzusuna lazımi diqqət yetirmir. Kitabda belə bir qeyd var: “Qarabağ problemi sanki unudulmuş kimi görünür. Nə yaxşı ki, Azərbaycan Televiziyasında bu mövzunu diqqət mərkəzində saxlayan Qulu Məhərrəmli və Samir Əsgərxanov kimi jurnalistlər var”. Vəziyyət dəyişməyib, bir-iki saytı və qəzeti çıxmaq şərtilə bu gün də həmin biganəlikdir.


- Qarabağ münaqişəsinin əvvəlki vaxtlarda unudulması qeyri-mümkün olmalı idi. Çünki həmin vaxtlar yaramız lap təzə idi.

- Başqalarını deyə bilmərəm, mən əvvəldən bu məsələlərin içində olmuşam. 2013-də “Zamanın rəngləri” adlı məqalələr toplusu kitabımı çap etdirmişəm. Baxıram ki, oradakı yazıların 70 faizi Qarabağ mövzusundadır.


- Dediyiniz həmin o 90-cı illərin ortalarında televiziyada Qarabağ probleminin işıqlandırılması hansı formada aparılırdı?

Əslində Qarabağ probleminin işıqlandırılması prosesin özü kimi mürəkkəb və çoxmərhələlidir. İlkin dövrdə hadisələrə bir qədər emosional reaksiya göstərilirdi. İnsanlar haqlı olaraq vahid ölkə daxilində bir respublikadan ərazi qoparılmasını anlaya bilmirdilər. 1988-ci ilin fevralında Azərbaycana qarşı ərazi iddiası açıq şəkildə ortaya çıxanda bizdə çox güclü emosional reaksiya oldu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi ilə bağlı vilayət soveti qərar qəbul edəndən sonra vəziyyət daha da kəskinləşdi. Aydındır, o zaman xalq hərəkatının oyanış vaxtı idi. Əsasən insanların emosiyaları üzərində formalaşmış davranış üstün idi. Mətbuat da bunu emosional formada işıqlandırırdı. Xarici mənbələr o zaman çox deyildi. Əsas informasiya mənbəyimiz Rusiya telekanalları, “Azadlıq”  radiosu, BBC və “Amerikanın səsi” radiosu idi. Moskva televiziyası lap əvvəldən ermənipərəst və qızışdırıcı mövqe tuturdu. Münaqişənin ilk illərində Azərbaycan mətbuatı partiya nəzarətində olduğu üçün Mərkəzi Komitənin ağzına baxırdı. Orda da milli damarı olmayan və mərkəzdən qorxan səlahiyyət sahibləri heç bir yol göstərə bilmirdilər...

Həmin günlərdə “Xəbərlər” daha çox diqqət mərkəzində idi. Baş redaktor Ənvər Qafarlıya müstəqil işləməyə imkan verməsələr də, o, müxtəlif formalarda bu problemin ekranda olmasına çalışırdı. Mən həmin dövrdə AzTV-də gündəlik siyasi icmalların verildiyi “Beynəlxalq həyat” redaksiyasına rəhbərlik edirdim. “Planetimiz bu gün” adlı verilişlərimiz efirə canlı gedirdi. Bəzən mövzuya birbaşa aidiyyatı olmasa da, biz xarici mətbuata istinadən Qarabağ problemi ilə bağlı müəyyən məlumatlar verməyə, hadisələrə münasibət bildirməyə çalışırdıq.

- Bəs bu məlumatlar senzuradan necə keçirdi? Hər halda, televiziya rəhbərliyi də dediyiniz Mərkəzi Komitədən asılı idi...


- Verdiyimiz məlumatlar sırf informativ idi və konkret mənbələrə əsaslanırdı. Digər tərəfdən, belə hiss olunurdu ki, həm TV rəhbərliyi, həm də senzorların bəziləri o məlumatların verilməsinə loyal yanaşırdılar. Digər tərəfdən, bizim siyasi icmalçılarımız olan professorlar-Seyfəddin Qəndilov, Murtuz Ələsgərov, Həmid Əliyev  respublikada çox yaxşı tanınırdılar. Xatırlayıram ki, dosent Sabir Xəlilov bu məsələlərdə bəzən hədsiz çılğın mövqe tuturdu, Qüdrət Əbdülsəlimzadə isə daha təmkinli idi. Həmin adamlar, xüsusən o dövrdə icmalçılar qrupuna yeni cəlb etdiyimiz gənc politoloqlar - Aydın Musayev, Zabil İsayev, Cəmil Həsənli, Qabil Hüseynli, Musa Qasımlı, Mübariz Qurbanlı Qarabağ probleminə dair çox maraqlı çıxışları ilə diqqəti cəlb edə bilirdilər. Amma bizim “partizanlığımız” çox sürmədi, 20 yanvar hadisələrindən sonra sərt senzura altında işləməyə məcbur olduq. Həm də yeni sədr Qeysər Xəlilovun əmri ilə verilişimiz canlı deyil, videoya yazılır, baxılıb sonra efirə verilirdi.


- Bəs o vaxt qəzetlər Qarabağ problemini necə işıqlandırırdı? İnsanlar gerçəkləri televiziyadan olduğu kimi, yazılı mətbuatdan da əldə etmək istəyirdilər.


- Hadisələr yeni başlayanda özəl qəzetlər (onlar sonradan gizli çap olunmağa başladı) yox idi, hökumət qəzetləri isə susur, yaxşı halda xalqları barışığa çağırırdı. Yalnız Nəcəf Nəcəfovun “Molodyoj Azerbaydjana” qəzeti və bir də Məmməd İsmayılın “Gənclik” jurnalı bu mövzuda sərbəst yazılar verirdi. Sonra bu sıraya Qarabağa Xalq Yardımı Komitəsinin orqanı kimi fəliyyətə başlamış “Azərbaycan” qəzeti yeni bir dalğa kimi qoşuldu. Sabir Rüstəmxanlının rəhbərlik bu qəzet Qarabağ problemi ilə bağlı həyəcan təbili çalaraq, bütün millətin düşüncəsini dəyişə bildi.


- Tam olaraq münaqişə ilə bağlı ictimaiyyətə informasiyanın verilməsində hansı nöqsanlar var idi?

- İlkin dövrdə bir sistemsizlik vardı, məlumatlar xəbər kimi yox, təşviqat materialı kimi, həm də çox yarımçıq çatdırılırdı. Hesab edirəm ki, bu məsələlərin işıqlandırılmasında ən ciddi məsələ AzTV-nin Azadlıq meydanındakı mitinqdən birbaşa yayım verməsi oldu. Sədr Elşad Quliyev bu addımın atılmasına nail olmaqla ölkədəki informasiya böhranını aradan qaldırmış oldu. Artıq bütün ölkə əhalisi bildi ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürür, Moskva buna göz yumur və xalq buna qarşıdır. 


- Qarabağ məsələsinin efirdən işıqlandırılması üçün o zamankı hakimiyyət hansı addımlar atırdı? Başqa sözlə, hansı məhdudiyyətlər qoyulurdu?


Mən bununla bağlı əvvəldə 1-2 məsələyə toxundum. Əslində yanlış olan ümumi siyasət bundan ibarət idi ki, Qarabağ hadisələri ilə bağlı informasiya verilməsin, ümumiyyətlə, bu barədə danışılmasın. Hətta o zamanlar Mərkəzi Komitədə ideoloji məsələlərə baxan adamlardan belə əcaib tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, guya Stepanakertdəki ermənilər bundan çox qıcıqlanırlar (?!). 
20 Yanvar faciəsi ərəfəsində də Mərkəzi Komitədən belə “maraqlı” tapşırıqlar daha çox verilirdi. Halbuki, həmin vaxtlarda ölkə qaynar qazan kimi coşub-daşırdı, insanlar Moskvanın ədalətsizliyi ilə yanaşı, respublika rəhbərliyinin də fəaliyyətsizliyinə etiraz edirdilər. Adamlar başa düşürdü ki, Moskva hadisələrin böyüməsi və millətlərarası toqquşmalara çevrilməsində maraqlıdır. 
Xüsusi xidmət orqanları Qarabağ münaqişəsini elə şəkildə alovlandırırdılar ki, Moskva həm proseslərə tam nəzarət edə bilsin, həm də  Qarabağ münaqişəsi vasitəsilə Ermənistanı və Azərbaycanı asılılıqda saxlaya bilsin. O dövrün siyasəti belə idi və indi də  SSRİ-nin varisi olaraq Rusiya həmin siyasəti davam etdirir.


- İngilis jurnalist Tomas De Vaal öz kitabında Qarabağ münaqişəsi ilə bağlı daha geniş və həqiqətləri çılpaqlığı ilə yazıb. Təbii ki, o kitabı siz də oxumusuz. Maraqlıdır, Qarabağdan yazan əcnəbi jurnalistlər hansı düşüncədə idilər? Münaqişəyə necə yanaşırdılar?


Əlbəttə, digər jurnalistlər kimi Tomas De Vaalla da münasibətlərimiz vardı. Keçən il Türkiyədə olarkən  mən Tomasın həmin kitabını satışda türk dilində gördüm. Heyf ki, bu illərdə onun kimi obyektiv jurnalistlərə az-az rast gəldik. Ancaq biləsiniz ki, münaqişənin ilk illərində regiona gələn əcnəbi jurnalistlərin sayı çox deyildi. Ümumiyyətlə, Avropada bu münaqişəyə çox da maraq göstərmirdilər, biz özümüz də bu məsələdə çox bacarıqlı deyildik.

1993-cü ildə mən TİKA-nın dəstəyi ilə Fransaya 10 günlük səfər etdim. Bu səfər çərçivəsində “Frans-press” Agentliyində də olduq. Jurnalistlərdən Qarabağ münaqişəsini necə işıqlandırdıqlarını soruşdum, az məlumatlı olduqlarını gördüm, məlumat bazalarında cəmi 2-3 xəbər var idi. O dövrdə biz də, ermənilər də daha çox Moskva xətti ilə təbliğat aparmağa çalışırdıq. Daha sonra ermənilərin birbaşa mənbələri və əlavə təbliğat maşınları meydana çıxdı. Onlar müxtəlif xətlər, xüsusilə, Şərq istiqamətində Beyrut, Qərb istiqamətində Paris, Amerika xətti ilə informasiya siyasətini daha da dərinləşdirdilər. Mənə elə gəlir ki, müəyyən mənada uduşları da oldu.


- 1992-ci ildə Azərbaycanın BMT-yə qəbul olunması postsovet məkanında birmənalı qarşılanmadı. Həmin vaxtları necə xatırlayırsınız?

- O zaman dünya ictimaiyyəti SSRİ-nin daha sürətlə dağılmasının tərəfdarı idi. Azərbaycanın BMT-yə müraciət etməsi ilə qəbul olunması arasında müddət qısa oldu. Düzdür, Moskva buna ciddi şəkildə mane olmağa çalışırdı. Dövlətlər arasında bəzi şərtlər də qoyuldu. Xüsusilə Türkiyə prezidenti Turqut Özalla danışıqlar gedirdi ki, Azərbaycanın müstəqilliyini tanımasınlar, ancaq bunun əksi baş verdi. Pakistan Türkiyə və Rumıniya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər  oldu. Bundan sonra proseslər davam etdi. Təbii ki, Azərbaycanın BMT-yə üzv qəbul olunması çətin və mürəkkəb dövrə təsadüf edirdi. Həmin tarixi şəraitdə Sovet İmperiyasını çökdürmək Qərb üçün çox önəmli idi.


- Səhv etmirəmsə, soyqırımı törədilməzdən bir müddət əvvəl siz Xocalıda olmuşdunuz...

-  Xocalıya ezamiyyətə getmişdik, real vəziyyət barədə materiallar hazırlamalı idik. Xocalıya gediş yalnız vertolyotla mümkün idi, amma bir ay əvvəl noyabrın 20-də Qarakənd səmasında vertolyotun vurulmasından sonra bu nəqliyyat növündə gediş də çox təhlükəli idi. Biz Xocalıya uçanda mən adamların üzündəki təlaş və vahiməni aydınca sezirdim. 1991-ci ilin dekabr ayının axırlarında Xocalıya getdik və orada həyatın tam söndüyünün şahidi olduq. Düzdü, uşaqlar məktəbə gedirdi. Ancaq insanların əsas düşüncəsi həyatlarını təhlükədən qorumaqla bağlı idi. Bunu görüşdüyümüz icra başçısı Elman Məmmədov da dilə gətirdi. Adamların çoxu Mütəllibov hakimiyyətindən narazılıqlarını gizlətmir, hökumətin onları yaxşı qorumadığı barədə şikayət edirdilər.


- Xocalıda çoxmu qaldız?
                                                                       

- Təxminən 10 gün. Çünki Yeni il günləri idi və geri uçmağa veryolyot olmadığından biz orada qalmağa məcbur olduq. Bir də yanvarın ya 6-sı, ya da 8-i geri qayıtdıq. Yeni ili orada qarşıladıq.


- Həmin günlər Xocalıda Yeni il əhvalı duyulurdumu?

- Xüsusi bayram ovqatı hiss olunmurdu, adamlar başlarının hayında idilər, amma təbii ki, ilin dəyişməsi hardasa hiss olunurdu. Evlərdə insanlar az da olsa şənlənirdilər, bu isə kədər və ümidsizlik içində bir işartı idi. Bizi də bayram axşamı bir neçə evə qonaq çağırmışdılar. Artıq adamların çoxu AzTV-nin 3 nəfərlik çəkiliş qrupunun Xocalıdan çıxa bilməməsi barədə məlumatlı idilər. Biz daha çox Milli Ordunun 21 nəfərdən ibarət bölməsi ilə təmasda olurduq. Milli Qəhrəman Aqil Quliyevin rəhbərlik etdiyi əsgərlər “Aqroprom” deyilən binada yerləşmişdilər, ciddi intizamları vardı, çox qoçaq uşaqlar idilər. Yerli əhali bu əsgərlərin gəlişindən çox ruhlanmışdı.

- Milli Məclisin deputatı Elman Məmmədov 1992-ci ildə Xocalıda İcra Hakimiyyətinin başçısı idi. Bu gün bəzi adamlar Xocalı soyqırımına görə onu da günahlandırırlar. O səbəbdən ki, bir icra başçısı kimi əhalini  qoruya bilmədi. Bəzi iddialara görə, hətta faciədən qabaq o, öz ailəsini Xocalıdan çıxarmışdı. Elman Məmmədovla görüşərkən o, Xocalıya hücumun olacağı barədə nə dərəcədə məlumatlı idi?

Xocalıda dəhşətli soyqırımı törədənlər Ermənistanın keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi erməni hərbi qüvvələri və onlara bu işdə yardımçı olmuş 366-cı alayın milliyyətcə erməni olan zabitləridir. Sarkisyan bunu özü əvvəldə adını çəkdiyimiz Tomas De Vaala etiraf edib. Zori Balayanın da erməni hərbçilərinin Xocalıda törətdikləri vəhşiliklər barədə iyrənc yazılıarı var. Burada məsələ tam aydındır.

O ki qaldı Elman Məmmədovla bağlı dediklərinizə, məncə, bunlar çox ciddi və sərt ittihamlardır. Mən yalnız dəqiq bildiyim məsələlər barədə danışa bilərəm. Məsələn, tutaq ki, kimsə hansısa siyasi oyuna qoşulub dinc əhalinin güdaza verilməsinə şərait yaradırsa, təbii ki, o adam ağır məsuliyyət daşıyır. Ciddi bir məsələdə başısoyuqluq edirsə, ona görə də cəza almalıdır. Əlbəttə, Elman Məmmədov yerdə hakimiyyəti təmsil edirdi, real şəraiti hər kəsdən gözəl bilirdi və daha çox həyəcan təbili çalan da o olmalı idi. Bunları etməyibsə çox pis, edibsə yəqin ki, əlində sübutları var. Amma E.Məmmədovdan Xocalını qorumağı tələb etmək absurd olardı, çünki bu məsələ onun gücündə deyildi. Xocalıda hadisələrdən əvvəlki real situasiyanı görmüş bir şəxs  kimi deyə bilərəm ki, orada gücsüzlük amili var idi. Adamlar da, yerli hakimiyyət orqanları da çarəsiz qalmışdılar. Mən bunları hadisələrdən bir az sonra “Bakı” qəzetində çap etdirdiyim “Bir zülmət ada idi Xocalı” məqaləmdə yazmışam. 

- Soyqırımı hadisəsindən dünya mediası xeyli gec xəbər tutmuşdu. Bu barədə nə deyə bilərsiniz?

- O zaman geniş mənada Qərb mətbuatı üçün bu hadisə prioritet mövzu deyildi. Dünya bu olaylara hələlik Rusiyanın nəzarət etdiyi bölgələrdə gedən hadisələr kimi baxırdı, onda nə Azərbaycan, nə də Ermənistan onda beynəlxalq hüququn subyekti idi, hələ BMT-yə də üzv olmamışdılar.


- Sizcə, bu dedikləriniz medianın diqqətsizliyi üçün səbəb ola bilərdi?

Xeyr, bunlar medianın Xocalı soyqırımına diqqətsiz qalması üçün əsas ola bilməzdi. Amma tutaq ki, hadisə barədə dərhal dünya informasiya agentliklərinə müxtəlif kanallarla məlumatın çatdırılmaması, yerli hökumətin gec dillənməsi, münasibətini bildirməməsi, rəsmi bəyanatın verilməməsi, yerli mətbuatın bu barədə informasiya yaymaması, yaxud dolaşıq xəbərlərin tirajlanması həmin diqqətsizliyə səbəb ola bilər.  Digər tərəfdən, bölgədəki hərbi əməliyyatların miqyası da o dövr üçün böyük görünmürdü. Yəni erməni tərəf bu prosesləri çox hiyləgərliklə aparırdı. Öncə bir kəndi yandırırdılar, 10 gün fasilə verirdilər. 10 gündən sonra kiçik hücum əməliyyatı ilə başqa kəndi yandırırdılar. Bir növ partizanlıq edir, insanları qorxu altında saxlayırdılar.


- Xocalı faciəsi barədə dünyaya videomaterialların çatdırılmasında müəyyən ziddiyyətlər mövcuddur. Görüntüləri rəhmətlik telejurnalist Çingiz Mustafayevin çəkdiyi deyilsə də, bəzi mənbələr bunları Qərb jurnalistlərinin çəkib dünyaya göstərdiklərini deyirlər. Sizcə reallıq necə idi?

- Bu məsələyə 1994-cü ildə AzTV-nin “7 gün” proqramında aydınlıq gətirmişəm. Çingiz Mustafayev çəkirdi, doğru. Bəs Çingizin özünü kim çəkirdi?! Çingizi çəkən ORT-nin operatoru Nadir Zeynalov idi. O, AzTV-də uzun müddət operator işləmişdi, sonra Mais Məmmədovla birgə ORT üçün işləyirdilər. Əlbəttə, təkcə Çingizin yox, Nadir Zeynalov və digər qərb jurnalistləri vardı ki, hərəsi bir istiqamətdə faciəni işıqlandırdı. Biz Çingizi ona görə daha çox tanıyırıq ki, onun çəkilişləri ölkə içərisində nümayiş olunurdu və  daha çox emosional idi. Öldürülmüş uşaqlara, qadınlara, yaşlılara laqeyd baxmaq olmurdu. Ədalət naminə deyək ki, bu məlunmatların verilməsində Çingizin də zəhməti vardı. Hətta ölkə daxilində bu məlumatları gizlətməyə çalışırdılar. Faciə barədə ilk dəqiq məlumatı “Səhər” qəzeti verdi. Şamil Sabiroğlu, İrfan Sapmaz kimi müxbirlər ölkədən kənara da məlumatlar ötürə bildilər. Ağası Hunun da çəkilişləri var ki, o da AzTV-dən cəbhə bölgəsinə könüllü getmişdi.


- Amma təəssüf ki, Xocalı faciəsindən bəzi qüvvələr o dövrdə öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırdılar...

- Bəli, təəssüf ki, o vaxt da, elə indi də milli faciələrdən siyasi məqsədlər üçün istifadə cəhdləri var.  Siyasi mədəniyyətin aşağı olmasını göstərən bu davranış həm həqiqətin görünməsinə mane olur, həm də düşmən dəyirmanına su tökmək deməkdir. Qarabağ problemi o məsələlərdəndir ki, orada milli maraqları unutmaq olmaz. Bu, millətin şərəfi, ləyaqəti, siyasi taleyidir. Onu siyasi alver və ya dividend gətirən təbliğat materialına çevirmək, düşmənin əlinə dəstəvuz vermək olmaz. Biz keçmişdən və faciələrdən dərs almağı, milli maraqlar məsələsində hər şeyi kənara qoyub vahid məxrəcə gəlməyi gec də olsa öyrənməliyik.


- Qarabağ münaqişəsi bu gün də davam edir. Nə vaxt bitəcəyini də bilmirik. Sizcə informasiya savaşında necə “döyüşürük”?


- Qarabağ məsələsi ilə bağlı son illər, əlbəttə, bəzi addımlar atılır. Amma düşünülmüş informasiya siyasəti yoxdur. Məsələn, Qarabağla bağlı internetdə axtarış verin, 40-50 erməni təşkilatının adı çıxacaq, ancaq Azərbaycanda bir qurum da gözünüzə dəyməyəcək. Bu ciddi geriliyin də əsas səbəbi informasiya texnologiyaları ilə işləmək baxımından zəifliyimizdir. Bir neçə il əvvəl ciddi addım atıb “Virtual Qarabağ” saytı yaratmışdılar, ilk dövrlərdə də çox yaxşı işləyirdi. Materialları çox önəmli idi, ingiliscə, rusca xəbərlər verirdi. İndi əvvəlki kimi aktiv deyil. 

Bilirsiniz, informasiya savaşı yüksək peşəkarlıq, yaxşı texnoloji bilik, bacarıqlı kadrlar və xüsusi sistemlilik tələb edir. Bunlar yoxdursa, sən heç nəyə nail ola bilməyəcəksən. Zəif təbliğatla ölkə içində baş girləyib gözə kül üfürmək, kimisə aldatmaq olar, amma dünyaya heç nə verə bilməzsən. 


- Heç ölkə içində də bəzən Qarabağ təbliğatı arzulanan səviyyədə olmur...

- Üzeyir bəy Hacıbəyli deyir ki, vuruşmaq üçün dövlət də, ölkə də 3 cəhətdən qüdrətli olmalıdır: iqtisadi qüdrət, hərbi qüdrət və mənəvi-ruhi qüdrət. Mənəvi-ruhi qüdrət çox önəmlidir. O yoxdursa, yerdə qalanların heç biri olmaayacaq. Niyə görə qədimdə döyüşdən əvvəl sərkərdələr nitq söyləyirdi? Çünki ruhu möhkəmləndirmək çox önəmlidir. Ruh möhkəm olarsa, nəticə də yaxşı olacaq.    
Bəzi şagirdlər, tələbələr Azərbaycanın xəritəsini tanımırlar. Bu necə orta məktəbdir, bu necə ali təhsildir?! Biz bunları əldən veririk, sonra da deyirik ki, uduzuruq. Əlbəttə uduzacağıq. Düşmən kifayət qədər hiyləgərdir, qəddardır və məqsədyönlü şəkildə fəaliyyət göstərir. Biz isə onu-bunu yamsılayırıq, öyrənmirik, inkişaf etmirik, lazım olan işlə məşğul deyilik. Bax, soruşuram: heç bizim Qarabağ elmi mərkəzimiz var? Yoxdur. Deməyim odur ki, informasiya müharibəsi dediyiniz məsələ kifayət qədər mürəkkəb sistemdir və çox ciddi yanaşma tələb edir.


- Sizcə, 1990-cı illərdə informasiya savaşını yaxşı aparırdıq, yoxsa bu gün?

- 1990-cı illərdə informasiya savaşı aparmaq üçün enerjimiz daha çox olsa da, texnologiyamız və informasiya kanallarımız az idi. Bu gün isə vasitə və kanallar çoxalıb. İnternet kimi imkanımız var, ancaq sanki ruhumuz, enerjimiz əvvəlki deyil.  Bunlar bir yerdə effektli olur. Bir də Qarabağla bağlı həqiqəti deyən adamların üzərinə bu dərəcədə yerimək olmaz, onların etiraz səsi millətin ruhunun diriliyi üçün çox vacibdir. Qarabağ kimi ümummilli məsələdə hamı həmrəy olmalıdır.


- Bayaq o zamankı hakimiyyətdə təmsil olunan insanların Qarabağ məsələsində bir-birinə qarşı savaş açmasından danışdıq. Ancaq həmin o adamlar bu gün də bir-birlərini günahlandırma tipində bəyanatlar verirlər. Daha yaxşı olmazmı ki, münaqişənin həll variantına kömək etsinlər?


- Bu ittihamlar, xüsusən keçmiş vəzifə adamlarının deyişib-didişməsi güc, vaxt və enerji  aparan məsələlərdir. Bunlarla baş qatmaq vaxt itkisidir. Televiziyalardakı mənasız şouların bir başqa variantıdır.


- Belə deyək də, siyasi şou...

- Olsun uğursuz siyasi şou. Əslində hər şeyi məqsəd müəyyənləşdirir. Biz nə istəyirik?! Cəmiyyət, adi insanlar, ziyalı təbəqəsi nə istəyir?! İstənilən problemin həlli üçün istək və iradə çox vacibdir. Xalqımızın potensial imkanları çoxdur. Kifayət qədər ağıllı, düşüncəli, milli təəssübkeşliyi olan insanlar var. Onların üzə çıxmasına çalışmaq lazımdır.



- Necə etməliyik ki,  Qarabağ uğrunda savaşın vacibliyini unutmayaq. Sanki bəziləri bu münaqişəni unutdurmağa çalışır.

- Siz hər gün informasiya proqramlarında Qarabağa aid bir xəbər eşitsəniz, bəlkə də kifayətdir. Xankəndidən deputat seçilən Flora Qasımova çox dəyərli insandır. O deputat seçiləndən sonra Qarabağ məsələsi ilə bağlı insanlarla görüşlər keçirirdi, bu görüşlərin nəticəsi kimi bir neçə təklif də səsləndirdi. Ağdamda fəaliyyət göstərməsi üçün “Qarabağ radiosu” yaradılmasını təklif etdi, İTV-də Qarabağla bağlı verilişin açılmasına nail oldu. Baxın, bir adamın istəyi ilə bunlar ola bilir. Bəs başqaları niyə bunu istəmir?! Çünki Flora xanım müharibəni duyan adamdır. Həyat yoldaşını mühaibədə itirib. Ağrıları duyur, özünü bu millətin zərrəsi hesab edə bilir.

Mən də bu fikirlə razıyam ki, Qarabağ məsələsini unutdurmağa çalışan müəyyən qüvvələr mövcuddur. Gənclərin yöndəmsiz böyüməsinin tərəfdarı olanlar, təhsili, səhiyyəni, televiziyaları korlayan qüvvələr var. Bu adamlar millətin yolunun üstündən təmizlənməlidir.


- Böyük bir auditoriyada tələbələrlə çalışırsız. Tələbələrin Qarabağla bağlı mövqeyi bir pedaqoq olaraq sizi qane edirmi?

- Təbii ki, dərs müddətində Qarabağ mövzusu olanda tələbələrə suallar veririk. Bu zaman tələbələrin problemə yanaşması üzə çıxır. Tələbə, sinif, auditoriya cəmiyyətin kiçik modelidir. Hələ də o dərdi emosional danışan, dilə gətirən tələbələr olduğu kimi, çox laqeyd, “bunlar nədən danışır” düşüncəsində olan tələbələr də var.

Cebhe.info


Oxunma sayı: 2014