hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Lavrov Bakıya necə gələcək? - “Erməni kimi, yoxsa Rusiyanın naziri kimi?”

Lavrov Bakıya necə gələcək? - “Erməni kimi, yoxsa Rusiyanın naziri kimi?”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycana səfərə gələcək.

Bakıda aparılacaq müzakirələrin əsas gündəliyini Dağlıq Qarabağdakı vəziyyət təşkil edəcək. Qeyd edək ki, mayın 5-6-da İrəvanda görüşlər keçirən Lavrov Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də qəbul etdikləri bəyanatlartın icrası ilə bağlı məsələləri müzakirə edib.

Lavrovun İrəvan səfəri zamanı danışıqların nəticəsinə dair verilən açıqlamalarda ilk baxışdan, müsbət elementlər üstünlük təşkil edir. Baş nazir Nikol Paşinyan Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazır olduğunu deyib.

Lavrov da Ermənistanı əldə edilmiş razılaşmaları yerinə yetirməyə, bəyanatı siyasiləşdirməməyə çağırıb. Lakin Rusiya XİN rəhbərinin Moskvaya qayıtdıqdan sonra Ermənistan hakimiyyəti ilə apardığı danışıqları müzakirə edərək Azərbaycana konkret təkliflərlə gələcəyi ehtimal olunur.

Dağlıq Qarabağdakı proseslərin gələcək vəziyyəti, yəni qeyd edilən üçtərəfli bəyanatların həyata keçirilməsi bu təkliflərin Azərbaycanının maraqlarına nə qədər cavab verməsindən asılıdır.

Politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Sergey Lavrovun Bakıya hansı təkliflərlə gələcəyini söyləmək çətindir. Ancaq məlumdur ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Azərbaycanda üçtərəfli bəyanatların icrası məsələsi ətrafında danışıqlar aparacaq:

“Bəyanatda nəzərdə tutulan maddələr lazımi səviyyədə icra olunmur. Məsələn, Dağlıq Qarabağ ərazisindən Ermənistan ordusu tam çıxarılmayıb. Bu müddət ərzində bir nəfər də olsun azərbaycanlı məcburi köçkün geri qayıtmayıb. Halbuki, yalnız Xankəndidən 12 min məcburi köçkün var. Onların 1000-2000 nəfəri geri qayıtsaydı, bəyanatın həyata keçrilməsindən danışmaq olardı. Bundan başqa, üçtərəfli komissiya işləyir. Amma onun fəaliyyətinin nəticəsi haqda ciddi məlumat yoxdur. O istiqamətdə həm dəmir yolu, həm də avtomobil yollarının çəkilməsi üçün Azərbaycan Prezidentinin sərəncamları var. Lavrovun İrəvanda konfedensial danışıqları da olub. Onun nədən ibarət olduğu məlum deyil. Ancaq onu deyə bilərəm ki, Lavrov Bakıya həm Rusiyanın arzularını da gətirəcək. Lavrovun səmimi görünməsi, Azərtbaycanın problemlərini dilə gətirməsi, İrəvan səfərinin Azərbaycan-Ertmənistan münasibətlərinin yaxşılaşdırılması kimi qələmə verilməsinin arxasında Rusiyanın hansısa gizli maraqları dayanır. İnanmıram ki, Azərbaycan Prezidenti dövlət maraqlarından vaz keçsin. Amma Rusiya aqressivləşib və Azərbaycana təzyiq göstərməyə çalışır. Ukraynaya problemləri istədiyi kimi həll edə bilmədi”.

Ekspert bildirib ki, Azərbaycanda da Türkiyə Rusiyaya kifayət qədər təzyiq göstərir:

“Şuşada konsulluğun açılması və hərbi kontingentin yaradılması barədə qərarlar qəbul etməklə Türkiyə Rusiyaya təzyiq göstərir. Pakistanın da dilə gəlməsi təbii ki, Azərbaycanın maraqlarına uyğundur. Görünən odur ki, Lavrov ilk dəfə İrəvana erməni kimi yox, Rusiyanın Xarici İşlər naziri kimi getdi. O, İrəvanda da Rusiyanın Xarici İşlər naziri kimi çıxış etdi. İndi baxaq görək, Lavrov Bakıya erməni kimi gələcək, yoxsa Rusiya diplomatı kimi? Lakin Lavrov Azərbaycanın mövqeyini nəzərə almalıdır. Azərbaycan bölgənin güclü ölkəsidir. Ona görə də Rusiya bəzi məsələlərdə Azərbaycanla hesablaşmaq məcburiyəttindədir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6997