hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“15 sentyabr “Paytaxt günü" olaraq bayram edilsin" - TƏKLİF

“15 sentyabr “Paytaxt günü" olaraq bayram edilsin" - TƏKLİF

Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.

Dünən bu tarixi günün 102 illiyi qeyd olunub. 102 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad edib. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Lakin ölkəmizdə bu gün rəsmi olaraq, bayram günü kimi qeyd edilmir.

Maraqlıdır, tariximizin ən şərəfli səhifələrindən biri olan 15 sentyabr - Bakının azad edildiyi gün "Paytaxt günü" kimi elan olunmalıdırmı?

Bu barədə Cebhe.info-ya açıqlamasında tarixçi Dilavər Əzimli bildirib ki, 15 sentyabr Azərbaycan tarixinə qırmızı hərflə düşməlidir:

"Həmin gün təkcə Bakının yox, bütün Azərbaycanın qurtuluşudur, türk dünyasının qurtuluşdur. Həmin gün olmasaydı, bu gün paytaxtımız Rusiyanın ərazisinə çeviriləcəkdi, paytaxt Bakı işğal altında qalacaqdı. Bundan sonra həm də Türkiyənin taleyi həll olunacaqdı. İnsanlar necə ki, Qurban, Novruz, Ramazan bayramını təntənə ilə keçirirlər, 15 sentyabrda da bunu etməlidirlər. Çünki bu Azərbaycanın həm də bir namus məsələsi idi. Məhəmməd Əmin Rəsulzadə Nuru Paşanı "göydən enən mələk" adlandırırdı. Baxın, Bakının azad edilməsi bu dərəcə vacib idi. Təəssüf ki, biz bunu hələ də təbliğ edə bilmirik. Təəssüf ki, biz Nuru Paşaya, Cümhuriyyətin qəhrəmanlarına hələ bir abidə qoymamışıq. 15 sentyabr atəşfəşanlıq olmalıdır, rəsmi bayram olaraq tarixə düşməlidir, qeyri-iş günü kimi qeyd edilməlidir. Biz hələ bu bayramın əhəmiyyətini dərk etmirik".

D.Əzimli bu tarixi gündə əməyi keçən şəxslərin adının əbədiləşdirilməli olduğunu vurğulayıb:

"Azərbaycanın metro adları dəyişdirilməlidir. "Xalqlar dostluğu", "Neftçilər" metrostansiyalarının adını götürmək lazımdır. Adını Nuru Paşa, Ənvər Paşa, Mübariz İbrahimov, Polad Həşimov qoymaq lazımdır. Bunu balaca uşaqlar eşidib dərk etməlidir. Niyə metrostansiyalardan birinə Nuru Paşanın adı verilmir? Onların adını əbədləşdirmək lazımdır. Orada döyüşən, şəhid olan əsgərlər var ki, qəbrləri Azərbaycandadır. Bu balaca bir şey deyil. Cəlilabadın Ağdaş kəndində onların məzarlığı var.

Mən məzarlığın yerini təxmini bilirəm. Sadəcə olaraq, Sovet dövründə həmin başdaşılarını yox elədik ki, o məzarlar təhqir olunmasın. Ölkəmizin hər yerində Türkiyə və Azərbaycan əsgərlərinin qoşa məzarları çıxır. Biz qardaş olmuşuq. İndi də qardaşıq. Və unutmaq olmaz ki, Bakının azad edilməsi Çanaqqalının azad edilməsi qədər əhəmiyyətlidir".

Naibə
Cebhe.info


Oxunma sayı: 892