t “360 gün” narazılıq yaratdı: “Valyuta axınını sürətləndirəcək”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

“360 gün” narazılıq yaratdı: “Valyuta axınını sürətləndirəcək”

“360 gün” narazılıq yaratdı: “Valyuta axınını sürətləndirəcək”

Ötən gün Mərkəzi Bankda sahibkarlarla görüş keçirilib. 

Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev də iştirak edib. Konfederasiya prezidenti bildirib ki, Azərbaycanda sahibkarları narahat edən xüsusi məsələlərdən biri də valyuta tənzimi rejimi ilə bağlıdır.

O qeyd edib ki, hazırda qüvvədə olan Qaydalara əsasən xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mal 270 gün ərzində Azərbaycana idxal edilməlidir.

Bu müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə edilirlər. Məmməd Musayev təklif edib ki, valyuta tənzimi əvvəlki formaya 360 günə qaytarılsın və bundan əlavə bəzi mürəkkəb avadanlıqların idxalı zamanı xüsusi mexanizmlər, məsələn, sövdələşmə tarixçəsi tətbiq edilsin. 

Maraqlıdır, valyuta tənzimi 360 günə qaytarılarsa, ölkə iqtisadiyyatına nə kimi təsirləri olar? 

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, sözügedən problem ölkə daxilində iqtisadi fəaliyyətin məhdudluğu ilə bağlıdır:

"Hazırda sahibkarlar malların ölkəyə gətirilməsinin uzun müddət çəkməsindən istifadə edərək öz vəsaitlərini xaricdə dövriyyəyə buraxırlar. Yəni onlar xaricdə pul qazanmağı üstün tuturlar. Əgər Azərbaycan hökuməti bu təklifi qəbul edəcəksə, prosesi stimullaşdıracaq. Belə ki, bundan sonra sahibkarlar sərbəst şəkildə ilin əvvəlində vəsaiti xarici bankların birinə ödəyərək bir il ərzində dövriyyəsini aparacaq. Hər hansı bir müəssisəyə və ya şirkətə investisiya yatıran sahibkar ildə bir dəfə də həmin məbləği geri qaytarıb yenidən ödəyəcək. Sahibkarlar qanunun imkan verdiyi qədər öz vəsaitlərini xaricdə tapdıqları tərəfdaşlarına investisiya olaraq qoyacaqlar. İnkişaf etmiş ölkələrdə bu müddət daha qısadır. Məsələn, bəzi Avropa ölkələrində xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan malın tənzimləməsi 60, 83, 110 kimi fərqli müddətlərdə həyata keçirilir. Azərbaycanda isə bu müddət 270 gündür, hansı ki onu 1 ilə çatdırmaq istəyirlər. Hesab edirəm ki, bu, zərərli tendensiyadır. İqtisadiyyat inkişaf etdikcə bu müddət qısaldılmalıdır”. 

Ekspert xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan malın tənzimləmə müddətinin qərarla qısaldılmasının əleyhinə olduğunu da vurğulayıb: 

“İlk öncə ölkə daxilində sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılmalıdır ki, yerli və xarici şirkət sahibləri Azərbaycanda iqtisadi fəaliyyət göstərməkdə maraqlı olsunlar. Yəni vəsaitlərini xaricdə dövriyyəyə buraxıb ondan pul qazanmaq həmin sahibkarlar üçün bir qədər arxa planda qalsın. Azərbaycan daxilində sahibkarlıq fəaliyyəti səmərəli olarsa, yalnız zəruri hallarda hər hansı bir mal və ya xidmət aldıqda xaricə vəsait ödəniləcək. Bu zaman sahibkar maraqlı olacaq ki, həmin mal və xidmət qısa müddətdə göstərilsin. Bu bir tendensiyadır, onu qərarla uzatmaq, satmaq səmərə verməyəcək. Əsas məsələ odur ki, problemin kökü Azərbaycan daxilində sahibkarlıq fəaliyyətinin qeyri-səmərəli olmasıdır. İlk öncə bu maneələri aradan qaldırmalıyıq”. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 991