hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

“6 aya dünyada kütləvi peyvəndləmə olsa, zəncir qırılacaq, əks təqdirdə...”- Tanınmış həkim

“6 aya dünyada kütləvi peyvəndləmə olsa, zəncir qırılacaq, əks təqdirdə...”- Tanınmış həkim

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok ölkə parlamentinin İcmalar Palatası qarşısında çıxışı zamanı deyib ki, əhalinin koronavirusa qarşı vaksinasiyası hər 6 aydan bir yenidən tələb edilə bilər: “Düşünürəm ki, bu peyvəndlərin qoruyucu təsirinin nəçə müddətlik olduğunu bilmədiyimiz üçün insanları yenidən vaksinasiya etməli ola bilərik. İnsanları nə qədər zamandan bir vaksinasiya etməli olduğumuzu bilmirik, lakin bu, altı aydan bir və ya hər il edilə bilər”.

Səhiyyə naziri qeyd edib ki, hazırda İngiltərədə tətbiq edilən karantin bitdikdən sonra hökumət bu qədər sərt məhdudiyyətlərə əl atmayacağına ümid edir: “Ümid edirəm ki, bu bizim son karantinimizdir”.

Maraqlıdır ki, vaksin edilən şəxsin yenidən yoluxma və yoluxdurma ehtimalı varmı? Prosesin qarşısı tamamilə necə alına bilər?

Məlumdur ki, bundan bir neçə gün öncə Niderlandda vaksindən sonra 2 xəstənin ölməsi ilə bağlı məlumatlar yayılmışdı. Bütün bunlar vaksinasiyaya inamı da azaldır. Üstəlik tez-tez peyvəndləmə ölkələrin maliyyə yükünü də artırar.

Bununla bağlı Cebhe.info-ya açıqlamasında tanınmış həkim, ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev vaksindən sonra ölümlərlə bağlı suala cavabında bildirib ki, bu, yanlış informasiyadır: "Peyvənd zəiflədilmiş virusdur və ya onun hissəcikləridir. Aktiv virus bədənimizə düşəndə 100 insandan bir-ikisi dünyasını dəyişir. O bir-ikisi də yanaşı ciddi xəstəliyi olan insanlar və yanlış müalicəylə özünü ağırlaşdıranlardır. Buradan belə nəticə hasil edirik. Aktiv virusla ölənlərin sayı belədirsə, necə ola bilər ki, minlərlə dəfə öldürülmüş virus və ya onun hissəciyindən ölüm olsun? Peyvənddən ölüm halının baş verməsi dezinformasiyadır. Vaksin əleyhinə çıxışlar bəşəriyyətin düşmənidir. Onlar bir məqsəd güdürlər: Biz ömürboyu maskada, karantində olaq. Vaksinasiya mütləqdir. Ölüm halları peyvəndə bağlı deyil. Elə xəstə var ki, həmin dərmana qarşı allergiya verir və şoka düşür. Hətta mən Almaniyada kursda olanda, xəstəyə adi dərman vurulanda belə ona imza çəkdirirdilər. İnsanlar elə bilir ki, bu, peyvəndin problemidir, amma elə deyil. Nə qədər ki dərman preparatları var, hər hansına qarşı, hər hansı bir insanda ciddi allergik reaksiya ola bilər. Sadə bir analgindən belə xəstə ölə bilər".

O qeyd edib ki, əgər vaksinləşmə prosesi kütləvi davam etməzsə, o zaman peyvənd edilən şəxsin yenidən yoluxma ehtimalı yüksəkdir: "Koronavirusa qarşı yaranan immunitet təqribən 6 aya qədər davam edir. Bəzi adamlarda daha tez də ola bilər. Elə adam var ki, 3 ay sonra təzədən yoluxub. Bu dövrdə şəxsin orqanizminə virus təzədən düşərsə, yaranan immunitet nəticəsində xəstə ikinci dəfə yoluxmanın öhdəsindən rahatlıqla gəlir. Ona görə də 6 ay ərzində dünyada vaksinləşmə prosesi tamamilə başa çatmış olsa, yəqin ki, sözügedən halla rastlaşmayacağıq. Çünki virus yaşamaq üçün özünə yer tapa bilməyəcək. Avtomatik olaraq, çıxdaş olacaq. Yox, əgər belə olmazsa, bu gün peyvənd olunan insanın bədəni koronavirusa qarşı getdikcə zəifləyəcək və 6 ay sonra yenidən yoluxacaq. Yəni peyvənd edilməyən insandan virusu götürmə ehtimalı var, hətta vaksin olunduqdan 6 ay sonra kimdənsə yoluxursa, özünün də yoluxdurma ehtimalı artır. Yəni bu zəncirin tamamilə qırılması üçün kütləvi peyvəndlər lazımdır".
Naibə

Cebhe.info


Oxunma sayı: 7613

Bizim Telegram səhifəmizi izləyin