hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

“AKP seçkidə aşağı nəticə göstərərsə, yeni partiya qurulacaq” – ŞƏRH

“AKP seçkidə aşağı nəticə göstərərsə, yeni partiya qurulacaq” – ŞƏRH

“Türkiyədə siyasi həyat yenidən dizayn edilir. Bu zamanın tələbidir. Mövzu uzun zamandır müzakirə edilir. Türkiyədə yeni siyasi partiya yaradılacaq”.

Cebhe.info xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev bu fikirlərlə çıxış edib.

O, yeni yaradılacaq partiyanın məqsədindən danışıb:

“Əvvəla, bu partiya niyə yaradılır, yaxud yaradılmalıdır, partiyaya ən böyük dəstək hardan gəlir. Yeni partiya birdən-birə qurulmaz. Bir siyasi partiyanın qurulması üçün bir neçə şərt tələb olunur. Ayrılacaq partiyanın köhnə fikirlilikdə ittiham edilməsi, partiya daxilində rəhbərliyə qarşı potensial narazılıq əhval-ruhiyyəsinin olması, seçkilərdə zəif nəticələrin göstərilməsi... Saydığım bu kimi faktların AK Partiyada olmasının yəqin ki, hər birimiz şahidi olarıq. Rəcəb Tayyib Ərdoğanın Qərblə uzun mübarizəsi Türkiyəni iqtisadi çətinliklər gətirdi. Ərdoğan xalqın milli-mənəvi ruhu hesabına bu mübarizədən qalib çıxmağı hədəfləmişdi. Bu mübarizədən ən çox ziyan çəkən şübhəsiz ki, maliyyə dairələri oldu. Bir şey aydın və netdir ki, müasir dünyada əksər ölkənin siyasi gündəmi, gələcəyi birjalarda müəyyən edilir. Türkiyədə ən təsirli İstanbul və İzmir brijalarıdır. Ölkənin maliyyə naziri, Ərdoğanın kürəkəni Berat Albayrakın maliyyə sistemindən anlayışı olmadığı dəfələrlə öz təsdiqini tapıb. Albayrakın bu vəzifəyə qohumluq əlaqəsinə görə gətirildiyi bir faktdır. Ərdoğan vəziyyəti həqiqətən düzəltmək istəyirsə, kadr islahatlarına başlamalı və ilk növbədə kürəkənini bu vəzifədən alıb yerinə finans çevrələri ilə güclü əlaqələrə malik bir iqtisadçı təyin etməlidir. Yeni partiya üçün uzun zamandır iş aparılır. AK Partiya içində vaxtı ilə rəhbərlikdə təmsil olunub sonradan narazı salınmış bir qrup var.  Hər kəs də bu qrupdan bir hərəkətlilik gözləyirdi. Artıq türk siyasiləri  bir ildir yeni partiyanın qurulacağını dilə gətirir, ancaq bu partiyanı quracaqlarını iddia edən şəxslərin heç biri bu barədə dəqiq açıqlama vermədi. Sadəcə ortalığa bir iddia atıldı”.

Politoloq qeyd edib ki, əslində yeni partiya niyyətinə bələdiyyə seçkiləri öncəsi düşünülürdü, bütün planlar cızıldı, gizli qruplar quruldu və iclaslar keçirildi:

“Dəqiq qərara gəlindi ki, AK Partiya əgər seçkidə aşağı nəticə göstərərsə, yeni partiya qurulacaq, əksi olarsa bu iş təxirə salınacaq. Bu qərar ictimaiyyətin diqqətini çəkmək və nəbzini yoxlamaq üçün ictimaiyyətə sızdırıldı. Müxtəlif şəxslər, əsas isə köşə yazarları bu məlumatı paylaşdı. Xalq dəyişilməyən siyasətin hesabını AK Partiyaya kəsdi, seçkidə AK Partiya aşağı nəticə göstərdi, 3 böyük şəhər göz görə-görə əlindən çıxdı. Bundan sonra İstanbul ətrafında yaşanan olaylar partiyanı nüfuzdan daha da saldı. Hər şey artıq hazırdı. Bu gün Türkiyənin gündəmi yeni qurulacaq partiyadır. Bütün gərgin əməkdən sonra bu partiyanı siyasi həyatın tələbinə çevirə bildilər. Vəziyyət o həddə çatıb ki, artıq sosial şəbəkələrdə "ya bu kurulsa da bir rahatlasak" kimi statuslara rast gəlirik. Yeni partiyaya artıq ad da qoyulub - Huzur Partiyası... Mühafizəkar demokrat olacağı deyilən partiyanın lideri də ictimai fikir öyrənilməklə seçilir. Partiya liderliyi üçün ilk öncə keçmiş xarici işlər naziri və baş nazir Əhməd Davudoğlunun adı üzərində dayanılırdı. Bu dəqiq incələmələrdən sonra ictimaiyyətin Davudoğlunun adına bir o qədər də uğurlu baxmadığı ortaya çıxdı. Çünki əhalinin böyük hissəsi Türkiyənin Yaxın Şərqdəki siyasətindəki uğrusuzluğu Davudoğlunun adına bağlayırlar. Həqiqəqtən də, onun xarici siyasətdə çox səhvləri oldu. Baş nazir kimi də uğurlu bir fəaliyyət sərgiləyə bilmədi. CHP-də Əkrəm İmamoğlunun adının ön plana çıxması və bir anda Türkiyə siyasətinin fonomeninə çevrilməsi yeni partiya qurucularını daha çevik və gənc namizədin üzərində dayanmağa məcbur etdi. Bu şəxsə isə xarici işlər naziri kimi Gülün xələfi, Davudoğlunun isə sələfi olmuş, Türkiyənin iqtisadi yüksəlişi dövründə iqtisadiyyata məsul şəxs olmuş, həmçinin yerli və xarici finans dairələri ilə möhtəşəm əlaqələrə malik olan Əli Babacandır”.

Zeynal Əmrəliyevin sözlərinə görə, son bir həftədir hər kəs yeni lider kimi artıq Davudoğlunun deyil, Babacanın adını çəkir:

“Həqiqətən də, İmamoğlu profilinin qarşısına Babacan əla variantdır, nəyin ki, Davudoğlu... Yeni partiya ehtimal ki, iyun-iyul ayları arasında qurulacaq. Maraqlı məqam isə Davudoğlu barəsindədir. Davudoğlu bu yaxınlada yayımladığı 15 səhifəlik bəyanatında sətiraltı şəkildə həm AK Partiyaya, həm də yeni partiya qurucularına mesaj verdi. AK Partiyaya ilə bağlı konkret problemləri dilə gətirən Davudoğlu bunun üçün həll yollarını da göstərdi.

Davudoğlu açıq şəkildə Ərdoğana "Mənə bir şans tanı, qalım partiyada düzəlməsində iştirak edim, buranı tərk etmək istəmirəm" mesajını verdi.  Fövqəladə bir halda Davudoğlu yeni partiyaya dəvət edilə, hətta lider kreslosunda otuzdurulada bilər. Bütün hallarda isə bu partiyanın "xaç atası" keçmiş prezident Abdullah Güldür. Ancaq çox böyük ehtimal ki, Gül partiyaya rəsmən qoşulmayacaq, ona kənardan dəstək, hətta yön veriləcək. Partiyanın görünən üzü isə Babacan olacaq. Hazırda AK Partiya və MHP-dən bir neçə millət vəkli və bələdiyyə sədri ilə gizli yollarla danışıqlar aparılır və onların yeni partiyaya keçəcəyi gözləniləndir. Buna görə də  Ərdoğan bir müddət əvvəl toplantıda "Sizi çağıran olsa qəti şəkildə getməyin" sözünü demişdi. Digər partiyalardan da qatılanlar ola bilər. Məsələn, CHP-yə qoşulmuş və hazırda millət vəkili olan AK Partiya qurucularından məşhur siyasətçi Əbdüllətif Şənər bu partiyaya qoşula bilər. Partiyanın Türkiyə siyasətindəki yerini isə qatıldığı ilk seçkidə müşahidə edəcəyik. Ancaq belə düşünürəm ki, bu partiya MHP-nin "qan itkisi" nə və növbəti seçkidə onun çox yer itirməsinə səbəb olacaq. Bu isə sadəcə CHP-nin işinə yarayır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 430