hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Ana dilini Bakının mərkəzinə qaytaraq”- Meriya ilə görüşə kimlər gedəcək?

“Ana dilini Bakının mərkəzinə qaytaraq”- Meriya ilə görüşə kimlər gedəcək?

Xəbər verildiyi kimi, 30-u professor olmaqla 100-dən çox ziyalı: alimlər, yazıçılar, müəllimlər Bakının əcnəbi dillərin “işğalından” azad edilməsini istəyir.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətə edilmiş müraciətə cavab verilib. Yaxın günlərdə BŞİH nümayəndələri ilə ziyalıların görüşü olacaq.

Maraqlıdır, bu görüşə kimlər gedəcək? Əsas tələb nə olacaq?

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin (FADMM) sədri Vasif Sadıqlı Cebhe.info-nun sualını cavablandırıb. O bildirib ki, bir neçə gün əvvəl müraciətlər edilib:

“Əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə, eyni zamanda dövlət dil komissiyasının sədr müavini, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizov və Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət etdik. İlk dəfə reaksiyanı meriyadan verdilər. Dünən ticarət və xidmət departamentinin nümayəndəsi bizə zəng edib, görüşmək istədiklərini bildirdilər. Onun məlumatına görə, KİV-də geniş yayılan və birbaşa İcra Hakimiyyətinə göndərilən müraciət BŞİH-in kollegiya iclasında müzakirə olunub. Cənab Eldar Əzizov onlara tapşırıq verib ki, problemlərin aradan qaldırılması üçün tələblər verilsin. Onlar da bizimlə əlaqə saxladılar. Təbii ki, bu görüş karantin başa çatandan sonra olacaq. Görüş yəqin ki, Azərbaycan Milli Elmlər Akademiyasında olacaq. Ora gedən ziyalıların hamısının adını indidən deyə bilmirik. Hələ xeyli müddət var”.

Vasif Sadıqlı görüşdə səsləndiriləcək tələblərdən danışıb:

“Əsas tələbimiz Bakının küçələrinin əcnəbi dillər tərəfindən "işğal edilməsi" ilə bağlıdır. Müqayisələr göstərir ki, sovet dövründə Bakı küçələrinin dili daha azərbaycanca olub. Təxminən 70 faiz öz dilimizdən istifadə edilirdi. İndi isə tendensiya var, yalnız xarici brendlərin adı yazılır, Azərbaycan dilindən istifadə olunmur. Bizim keçirdiyimiz monitorinqlər də bunu göstərdi. Fəvvarələr meydanından Kukla teatrına qədər olan ərazidə 42 ticarət və xidmət obyektindən yalnız 1-də Azərbaycan dilindən istifadə olunur. O da balaca bir köşk idi. Qalan hamısı əcnəbi dillərdədir. Orda isə xidmət haqqında heç bir şey yazılmır, yalnız brendin adı yazılır. Bu isə Azərbaycan Respublikasının dövlət dili haqqında qanununun 7.1 maddəsini pozmaqdır. Maddədə deyilir ki, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində reklam və elanlarda dövlət dili işlənir. Bu işə nəzarət müvafiq icra hakimiyyəti orqanı isə qanunvericiliklə BŞİH-dir. Lakin bu işin öhdəsindən gəlməyib, özləri də bunu etiraf etdilər. Burda söhbət Azərbaycan qanunlarına etinasızlıqdan gedir. Prezidentin 2001-ci ildə dövlət dil komissiyasının yaradılması haqqında fərmanında deyilir ki, bu azərbaycançılıq ideologiyasına ziddir. Qanunvericiliyə görə, elan və reklamlarda turistlərin daha çox olduğu səmtlərdə əcnəbi dillərdən də istifadə edilə bilər. Amma mütləq yuxarıda Azərbaycan dilində xidmət haqqında məlumat verilməlidir. Aşağıda isə əcnəbi dildə ondan kiçik şriftlərlə yazıla bilər”

Tünzalə Rüstəm
Cebhe.info


Oxunma sayı: 15599