t “Aparılan kadr islahatları mütərəqqi prosesdir” - MÜSAHİBƏ
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

“Aparılan kadr islahatları mütərəqqi prosesdir” - MÜSAHİBƏ

“Aparılan kadr islahatları mütərəqqi prosesdir” - MÜSAHİBƏ

Parlament seçkilərinə sayılı günlər qalıb. Fevralın 9-da ölkə əhalisi Milli Məclisin yeni tərkibini seçəcək. 

Yeni parlament seçkidən sonra sosial-iqtisadi və struktur islahatlarının davam etdirilməsinə dəstək verə biləcəkmi?

Suallarımızı “Demokratiya və Milli Dəyərlərin Təbliği” İctimai Birliyinin sədri, DİP funksioneri əslən Masallıdan olan ziyalı Əli Cəfərovdur.

- Əli bəy, hazırki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Ölkədə nə baş verir?

- Hələ ki sakitlikdir. Siyasi qüvvələri başı seçkilərə qarışıb. Siyasətçi və  QHT nümayəndəsi kimi hesab edirəm ki, ölkədə ictimai-siyasi vəziyyət normaldır. Ölkədə aparılan islahatların tez bir zamanda bəhrə verəcəyinə ümid edirəm. Son iki ildə istər təhsil, istərsə də diaspora sahəsində mühüm yeniliklər baş verib. Xüsusən də son dövrlər  gənc kadrların önə çəkilməsi, o cümlədən xaricdə yaşayan soydaşlarımıza verilən dəstək müsbət addımlardır. Təbii ki, iş olan prosesdə müəyyən neqativlər olacaq, ancaq buna baxmayaraq ölkədə müəyyən inkişaf meylləri müşahidə olunur. Son illər əhalinin sosial rifahının yaxşılaşmasına yönəlik addımlar atılır. Minimum əmək haqqı artıb. Bu da ölkədə aparılan demokratik islahatların bariz nümunəsidir.

- Ötən il dövlət başçısı tərəfindən aparılan siyasi islahatlar nəticəsində islahatlara mane olan bir sıra mühafizəkar qüvvələr postunu itirdi. Sovet təfəkkürlü məmurların hökumətdən, dövlət aparatından uzaqlaşdırılması “siyasi açılım”ın sürətlənməsinə gətirib çıxaracaqmı?

- Bu gün cəmiyyətdə bir ümid var ki, uzun müddət vəzifədə olmuş, gerilikçi zehniyyətə sahib şəxslərin komandadan uzaqlaşdırılması yeni mühit yaradacaq, inkişafa qapı açacaq. Əslində, bu addımlar çoxdan atılmalı idi. İnzibati amirlik metodlarına üstünlük verən, islahatlara mane olan Sovet təfəkkürlü, gerilikçi düşüncəli insanların vəzifədən çıxarılması yaxşı haldır. Gənclərin önünü açmaq lazım idi, bu proses də gedir. Yeniləşmə ölkənin Avropaya, dünyaya çıxışını, inteqrasiyasını sürətləndirəcək. Aparılan  kadr islahatları mütərəqqi prosesdir, yeniləşmənin  təzahürüdür. 

- Növbəti addım kimi hansı tədbirlərin  görülməsini zəruri hesab edirsiniz?

- Hesab edirəm ki, təhsil, səhiyyə, ordu, iqtisadiyyat, qeyri-neft sektoru, diaspora və digər sahələrdə görülməli işlər var, bu prosesi daha da sürətləndirmək lazımdır. Təhsil sahəsində basladılan islahatlar davam etdirilməlidir. Müəllimlərin əmək haqları artırılmalıdır. Səhiyyə sahəsində problemlər var və düsünürəm ki, qısa zaman kəsiyində bu sahədə də islahatlara başlamaq lazımdı. Bu ölkədə səhiyyənin durumu bərbaddır. Əsasən də, bölgələrdə  səhiyyə sahəsində özbasınalıq, süründürməçilik  kütləvi hal alıb. İcbari tibbi sığorta bütün ölkə ərazisinə şamil olunmalıdır. Son zamanlar qeyri-neft sektorunda iqtisadi artımın şahidi oluruq. Ermənistan torpaqlarımızı işğal edib, Azərbaycan müharibə vəziyyətindədir. Beynəlxalq aləmdə çox hiyləgər bir düşmənlə üz-üzə qalmışıq. Ermənilərə informasiya savaşı şəraitindəyik. Buna görə də xaricdə güclü diasporamız olmalıdır. Son illər bu sahədə müəyyən addımlar atılıb. Amma görüləsi işlər hələ çoxdur.  Vergi sahəsində şəffaflığın artırılması vacibdir. Yeni iş yerləri yaradılmalı, gənclər işlə təmin olunmalıdır. Ölkədən “beyin axını”nın qarşısı alınmalıdır. Pensiya təyinatında şəffaflıq təmin olunmalıdır. Gənclərdə vətənpərvərlik hissələrinin gücləndirilməsi lazımdır. Torpaqlarımız işğal olunub, biz hər an müharibəyə hazır olmalıyıq. Bu işdə medianın, televiziyaların üzərinə böyük yük düşür. Müharibə gedən ölkədə telekanallar efirdə hər gün çal-çağır etməli deyil. Telekanallarda vətənpərvərlik proqramları üstünlük təşkil etməlidir. 

- Ölkədə bir sıra mal və məhsulların, xidmətlərin baha olması monopoliya ilə əlaqələndirilir. Sizcə inhisarçılığın aradan qaldırılması üçün ilk olaraq hansı addımlar atılmalıdır?

- Təbii ki, ayrı-ayrı sahələrdə monopoliya var. Bu məsələdə xüsusi marağı olan şəxslər var. Ancaq inhisarçılığın qarşısının alınması istiqamətində müəyyən addımlar da atılır. Vergi sahəsində müəyyən şəffaflaşma var. Büdcəyə qənaət tədbirləri, bir neçə nazirliyin birləşdirilməsi, paralel strukturların ləğvi yaxşı addımlardır. Ümid edirik ki, bu il də proses davam edəcək. Yəqin ki,  qısa müddətdən sonra oliqarxların, iri şirkətlərin yaratdığı monopoliyaya son qoyulacaq.  

- Fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. Sizcə yeni parlamentin tərkibində kimlər olmalıdır?

- Öncə qeyd edim ki, V çağırış Milli Məclisin buraxılması islahatların başlanğıcı və ölkədəki  siyasi vəziyyətlə əlaqədardır. Milli Məclisdə gənclər və bu gəncləri doğru istiqamətləndirən şəxslər təmsil olunmalıdır. Eyni zamanda milli düşüncəli, ölkənin milli maraqlarına xidmət edən şəxslər, problemləri və onun həlli yollarını bilən şəxslər parlamentdə  olunmalıdır. Yalnız seçkidən-seçkiyə seçicilərlə görüşüb onlara yalandan vəd verən insanların Milli Məslisdə təmsil olunmasına imkan vermək lazım deyil.  Millət vəkili xalqın, seçicilərin, qanunun yanında olmalıdır. Düşünürəm ki, uzün illərdir Milli Məclisdə “ağzına su alıb” susan, danışa bilməyən, ancaq özünü və ətrafını düşünən, seçicinin və dövlətimizin maraqlarını ali tribunada səsləndirmək iqtidarında olmayan səxslər deputatlığa  layiq deyil. Hər kəs öz bildiyi işdən yapışsa, daha da yaxsı olar.

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 14543